AZ

Naxçıvan keçmişə QAYIDIR

Azərbaycanda yas mərasimlərində yemək məclislərinin təşkil olunması, təmtərqatlı mərasimlərin keçirilməsi uzun illərdir müzakirə mövzusudur. Bir çox din alimi və mütəxəssislər yas məclislərində yemək verilməsinin ləğv edilməsinə çağırış ediblər. Hətta Qafqaz Müsəlmanları İdarəsi fətva ilə çıxış edərək, israfdan uzaq, İslam dininə uyğun mərasimlərin keçirilməsini tövsiyə edib.

 

Yas mərasimlərində yemək məclisləri böyük xərcdir və xüsusilə, kənd yerlərində və regionlarda bu adət ailələri iqtisadi çətinliklərlə üz-üzə qoyur. Hətta bölgələrdə borc alıb yas mərasimləri keçirənlər də var. Nəticə etibarilə böyük yas mərasimləri israfçılıqla yanaşı sosial bərabərsizliyə də səbəb olur.

 

Bir neçə il əvvəl ölkəmizin bir neçə bölgəsində təmtərqatlı yas mərasimləri qadağan edilmişdi. Naxçıvandakı yas məclislərində ehsan sahibinin kimliyindən asılı olmayaraq, çay, qənd, xurma və limon verilirdi. Yas yalnız 3 gün saxlanılır və günorta süfrəsi açılırdı. Süfrələr dəbdəbəli olmurdu.

 

Ancaq son vaxtlar Muxtar Respublikada yenidən dəbdəbəli yas mərasimlərinə rast gəlinir. İnsalarda Naxçıvanın bu məsələdə artıq keçmişə qayıtdığı təəssüratı yaranır.

 

Modern.az-a danışan Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, yas mərasimləri qanuna, dini ayinlərə və İslam qaydalarına uyğun şəkildə keçirilməlidir:

 

“O cümlədən insanları narahat edən ehsanların verilməsi, müxtəlif meyvələrin, həddindən israfçılığın olması idi. İkinci bir məsələ qəbir daşları ilə bağlı idi. Mən komitə sədri (İctimai birliklər və dini qurumlar komitəsi - red.) olduğum zaman bu məsələlərlə bağlı qanun layihəsi hazırlamışdıq. Sonra Nazirlər Kabinetinin nümunəvi qəbirstanlıqlar salınması və bələdiyyələrə təhvil verilməsi ilə bağlı qərar qəbul edildi. Həmin qəbirstanlıqlarda bütün qəbirlərin eyni olması nəzərdə tutulmuşdu. Hətta sinə daşının və baş daşının eni, uzunu, hündürlüyü ilə bağlı məsələ də qaldırmışdıq. Yalnızca Fəxri Xiyaban və Şəhidlər Xiyabanını çıxmaq şərtilə geridə qalan qəbirlər eyni olmalı idi”.

Komitə sədri qeyd edib ki, məsələ indi də gündəmdədir: "Ayrı-ayrı yerlərdə bu məsələlər artıq öz həllini tapıb. Vaxtilə biz bu məsələlərin üstündə ciddi durduqdan sonras yas müddəti qısaldıldı. Artıq mərasimlər dəfn, 3,7 və 40 və il olmaqla yekunlaşır. Biz hətta yas müddəti məsələsini də qoymuşduq ki, 15 dəqiqədən artıq olmasın. Bu məsələlərdə insanların kifayət qədər vaxtı gedir. İnsanlar orada oturmaqla nəyəsə nail olmur. Sadəcə başsağlığı verdikdən sonra oranı tərk edə bilər. Ucqar rayonlarda olan yaslara getmək üçün elə vaxt olur ki, insanlar 2 gününü itirir. Bu barədə də biz bildirmişdik ki, sadəcə başsağlığı verməklə bu məsələlər həll oluna bilər. Məqsəd münasibətini bildirməkdirsə, oraya gedib-gəlməyə ehtiyac yoxdur. Bu yas sahibi üçün də çətindir, hər adamı qarşılamalı, yola salmalı, yemək işləri ilə məşğul olmalı olur. O baxımdan hesab edirəm ki, bu məsələyə qayıdılmalıdır. Bu məsələ ilə bağlı mütləq maarifləndirmə tədbirləri olmalıdır. Xüsusilə ziyalılar bu məsələyə toxunmalı, Milli Məclisin deputatları bu məsələni gündəliyə gətirməlidirlər”.

 

Komitə sədri Naxçıvandakı yas mərasimlərdən də danışıb. O bildirib ki, Muxtar Respublikada çay, qənd, xurma və limon verilir. Ancaq bəzi şəxslər bu qaydaları pozur.

 

“Ehsanda bunlardan əlavə ən uzağı halva ola bilər. Naxçıvanda başqa heç nə verilmir. Həmin qaydalar yenə də qalmaqdadır. Kimsə pozmağa cəhd göstərə bilər, xüsusilə xaricdə işləyən, sonra Naxçıvana gələnlər daha təmtəraqlı yas mərasimi keçirməyə çalışır. Bu zaman insanlar arasındakı bərabərlik pozulur. Bəzi hallar qeydə alınsa da, ümumi qaydalar qalır. Hesab edirəm ki, Naxçıvan bu mövzuda bütün ölkəyə örnək olduğu zamana qayıdacaq".

Seçilən
3
modern.az

1Mənbələr