AZ

Əcnəbilər ölkəmizdə necə işlə təmin olunur? - ARAŞDIRMA+ÖZƏL

Əcnəbi vətəndaşların ölkəmizdə işlə təmin olunması qaydalarından danışacağıq. Görəsən bu sahədə hansı qayda-qanunlar mövcuddur?
 
Elə qəhrəmanımız Məhəmməd Şərif də 5 ildir ki, ölkəmizdə yaşayır. Moderator.az-a açıqlamasında o bildirib ki, bir müddət əvvələ qədər taksi şirkətlərindən birində sürücü kimi fəaliyyət göstərib:
 
“İşləmək üçün öncə burada yaşamaq icazən olmalıdır. Bu icazəni alandan sonra taksi şirkəti ilə xüsusi müqavilə bağladım. Buna görə qazancımdan vergi ödəyirdim. Verginin miqdarı mənim qazancımdan asılı idi. Bundan əlavə sənin biznes hesabın da olmalıdır. Lap əvvəllər dilinizi bilmədiyim üçün müştərilər ilə aramda problemlər olurdu, amma daha sonra özüm öyrəndim. Artıq sizin dildə sərbəst danışa bilirəm. Hazırda işsizəm, bir müddətdən sonra yenə həmin qayda ilə iş axtarışına çıxacam” deyə əcnəbi vətəndaş deyib. 
Məhəmməd bildirib ki, Azərbaycanda yaşaması üçün biznes icazəsi var. O nəinki taksi fəaliyyəti ilə, istənilən biznes sahəsi ilə məşğul ola bilər. Hüquqşunas Nəriman Əliyev Moderator.az-a açıqlamasında bildirib ki, ölkəmizə daxil olan əcnəbilər olduqları yer üzrə 15 gün ərzində qeydiyyata düşməlidirlər.
 
“90 gün müddətinə Azərbaycan Respublikasının ərazisində qalıb yaşaya bilərlər. Həmin əcnəbi əgər işlə təmin olunmaq istəyirsə, qalmaq istəyirsə müvəqqəti yaşayış icazəsi əldə etməlidir. İşlə təmin məsələsini ilk növbədə onu işə götürən şirkətə müraciət etməlidir. Əgər işlə bağlı müraciət edən şəxs xüsusi biliyə malik olan vətəndaşdırsa iş icazəsi almaq üçün diplomu, sertifikatı, digər sənədlərlə təsdiq olunmuş formada sənədləri toplayaraq Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Əgər Dövlət Miqrasiya Xidməti həmin şəxsi kifayət qədər mütəxəssis hesab etdikdə iş icazəsi ilə təmin edir. İş icazəsi qısa müddətə 3 ay, 6 ay, 1 il müddətinə verilir. Müvafiq dövlət rüsumları ödəməklə iş icazəsi əldə oluna bilər. Müvəqqəti yaşayış bitdikdə 1 il, 2 il icazə aldıqdan sonra daimi iş icazəsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Əcnəbi şəxs daimi yaşayış icazəsi almaq üçün Dövlət Miqrasiya Xidmətində müsahibə yolu ilə komissiya qarşısında imtahan verməlidir. Həmin imtahanda şəxs ümumi dil biliyi, dünyagörüşü, Azərbaycan tarixi ilə bağlı sualları cavablandırmalıdır. Həmin şəxsə dil biliklərinin öyrədilməsi ilə bağlı dövlət tərəfindən heç bir öhdəlik yoxdur” deyə hüquqşünas bildirib.
Seçilən
15
moderator.az

1Mənbələr