AZ

COP29 Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir ŞƏRH

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını bu günə qədərki COP sammitlərinin ən möhtəşəmi adlandırmaq olar. Bunu Sammitdə iştirak edən siyasi liderlər də etiraf edirlər. COP29 kimi nüfuzlu konfransın məhz Azərbaycanda keçirilməsi ölkəmizə və onun liderinə göstərilən yüksək ehtiramın nəticəsidir. Dünyaca mötəbər konfranslara ev sahibliyi etmək kimi böyük təcrübəsi olan Azərbaycanda bu dəfə dünya liderləri qlobal iqlim böhranının həlli yollarını axtarırlar. Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq. Sammitin açılışında dövlətimizin başçısı çıxışı ilə həm COP29-un qarşısına qoyduğu hədəflərə, qlobal iqlim problemi və onun həlli yollarına aydınlıq gətirdi, nəcib beynəlxalq təşəbbüslərə bəzi ölkələrin qısqanc, qərəzli münasibətlərini ifşa etdi. Həqiqətən də qlobal iqlim böhranının yaranmasının başlıca baiskarları olan dövlətlər problemin həlli istiqamətində nəinki real addımlar atmırlar, irəli sürülən təşəbbüsləri, layihələri gözdən salmaq, boykot etmək yolunu tutublar.

COP29 sammitində dünya ölkələrinin liderlərinin iştirakı Azərbaycana və onun yaşıl enerji sahəsindəki fəaliyyətinə hörmətdən irəli gəlir. 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi sammitin mötəbərliyindən xəbər verir. O cümlədən, bu fakt, aparılan qarayaxma, boykot kampaniyasının fiaskoya uğradığını göstərir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında haqlı olaraq vurğuladı ki, bəzi xarici media resursları, beynəlxalq təşkilatlar, vətəndaş birlikləri bəzi qüvvələrin əlində siyasi alətə çevrilib. Anti-Azərbaycan fəaliyyəti heç bir halda Bakıda keçirilən COP29 sammitinə kölgə salmaq gücündə deyil. Biz bu cür kampaniyaları çox görmüşük. Belə ki, Avroviziya-2012 və Birinci Avropa Oyunlarında, həmçinin digər böyük beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində bizə qarşı həyata keçirilən iyrənc siyasətləri ifşa etmişik, cavablarını vermişik. Bütün fəaliyyətini beynəlxalq hüququn normalarına uyğun quran, beynəlxalq təşəbbüslərin fəal iştirakçısı olan, demokratiya və insan haqlarının müdafiəsinə önəm verən Azərbaycanın cavablandıra bilməyəcəyi ittiham və iddia yoxdur. Ermənistan və onun arxasında duran Fransa, Niderland, Almaniya kimi ölkələrdən fərqli olaraq Azərbaycan heç vaxt etnik təmizləmə siyasəti həyata keçirməyib, işğalçı dövlət olmayıb. İki yüz ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi dünya ölkələrinin ölkəmizə olan hörmət və etimadının təsdiqidir. Ölkələr arasında Azərbaycan təkcə coğrafi deyil, mədəni və siyasi körpü rolunu oynayır. Azərbaycanın Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşuğunda yerləşməsi onun geostrateji əhəmiyyətini artırır. Bu mənada boykotçular istəsələr belə ölkəmizin geostrateji əhəmiyyətini görməməzlikdən gələ bilməzlər.

Bununla yanaşı Azərbaycan digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirir. Ölkəmiz təkcə təşəbbüslər irəli sürmür, mötəbər tədbirlərə ev sahibliyi etmir, o cümlədən konkret işlər həyata keçirir. Azad edilmiş bölgələrin dirçəldilməsi üçün dövlət başçısı tərəfindən innovativ konsepsiyalar ortaya qoyulub. Yaşayış məntəqələrinin “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri üzrə yenidən qurulması, təbiət ərazilərinin sürətli və ən yüksək səviyyədə bərpa olunması, həmçinin getdikcə artan enerji tələbatının daha çox yaşıl enerji mənbələrindən istifadə olunaraq təmin edilməsi qlobal iqlim dəyişikliyinə verilən ən böyük töhfədir. İşğaldan azad edilmiş ərazilərdə deyil, ümumilikdə ölkənin digər regionlarında oxşar layihələr həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurla bərabər, Naxçıvan Muxtar Respublikasının da yaşıl enerji zonası elan edilməsi bunun təsdiqidir. Azərbaycan Prezidenti İlham Əliyevin sözünün imzası qədər gücü olduğu kimi, sözü ilə əməli üst-üstə düşməsi onun nüfuzunu daha da gücləndirir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Seçilən
19
sesqazeti.az

1Mənbələr