AZ

Məhkəmə həbsdə olan şəxsin adından göndərilən şikayəti icraata qəbul etmədi

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elvin Qəmbərovun barəsindəki hökmdən zərərçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, apellyasiya şikayəti 22 oktyabr 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olub.


Apellyasiya şikayətindən görünür ki, həmin şikayət Elvin Qəmbərov tərəfindən verilib. Lakin apellyasiya şikayətinin daxil olduğu poçt zərfindən görünür ki, həmin şikayət Yevlax rayonunda yaşayan digər şəxs tərəfindən birinci instansiya məhkəməsinə göndərilib. Başqa sözlə, apellyasiya şikayəti təqsirləndirilən şəxsin adından tamamilə başqa şəxs tərəfindən verilib.
 

Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs bildirib ki, şikayəti göndərən şəxs onun atasının dostudur. Ailə üzvləri ondan xahiş ediblər ki, onun adından apellyasiya şikayəti versin. Eyni zamanda, Elvin Qəmbərov verilmiş apellyasiya şikayətini imzalamayıb və qohumu onun saxlanıldığı müəssisəyə gəlməyib.


Məhkəmə kollegiyası qeyd edilən məsələ ilə proses iştirakçılarının fikirlərini dinləyib belə nəticəyə gəlib ki, apellyasiya şikayəti buna hüququ olmayan şəxs tərəfindən verildiyindən apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir.


Qərara əsasən, apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilib.


İttihama görə, Elvin Qəmbərov Emil Eynullayevə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilir.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunub.
 

Kamal Məmmədov 

Tarix: 19 Noyabr 2024, 11:05   
Seçilən
31
pravda.az

1Mənbələr