AZ

AFFA COP29-a niyə dəstək vermir?

AFFA üz qarası olmaqda davam edir. Əvvəlki rəhbərlik sırf futbolu bərbad günə qoymuşdusa, indikilər ümumiyyətlə, bir işə yaramır.

Rövşən Nəcəfin prezident olduğu qurum dövlət tədbirlərinə dəstək verməyi də artıq iş hesab edir. Milli komandaların uğursuz nəticələri, ümumi strategiyanın seçilməməsi, bərbad idarəçilik bir yana, COP29 kimi möhtəşəm tədbirə AFFA-nın hər hansı töhfəsini görmürük. Sanki AFFA dövlət içində dövlətdir və hakimiyyətin təşəbbüslərini dəstəkləmir.

Bakı günlərdir çox gözəl təşkil olunan, dünyaya səs salan tədbirə ev sahibliyi edir. Hamı Azərbaycandan ağızdolusu bəhs edir, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransındakı liderlik təşəbbüsünü alqışlayır. Tədbirlər çərçivəsində bir sıra tanınan sima Bakıya gəlib, dəstəyini nümayiş etdirib. Lakin onların heç biri AFFA-nın dəvəti ilə təşrif buyurmayıb.

Xuan Laporta, Canni İnfantino, Xuan Laporta, Fatih Terim, 11 adlı-sanlı klubun nümayəndəsi – diqqət etdinizsə, hamısı futbol adlarıdır, qılıncoynadan, güləşçi və ya başqası deyil. Bu şəxslərlə əlaqədar olmalı qurum birbaşa AFFA-dır, amma sözügedən assosiasiyanın başı ölkəni rəzil etməyə, əsas yığmanı Millətlər Liqasının D divizionuna düşürməyə qarışıb. Rövşən Nəcəf Ronaldinyo ilə şəkil çəkdirməkdən başqa hələlik bir işə yaramayıb.

Əcəba, niyə? Ölkə futbolunun son illərdəki bütün uğurlarının tək sahibi olan “Qarabağ” BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasına əməli addımla töhfə verməyi bacarırsa, AFFA nəyi gözləyir? Futboldakı səriştəsizlik Rövşən Nəcəfin, Balakişi Qasımovun bu sahənin adamları olmadığı üçün hardasa başadüşüləndir, amma mühüm dövlət qurumlarında çalışan cütlük dövlət tədbirinə niyə barmaqarası münasibət bəsləsin ki?

“Qarabağ” rəhbərliyi “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç) klublarının nümayəndələrini Bakıya gətirir, yeni alyans yaradır, AGİN təşəbbüsə fəal dəstək verir, AFFA isə… Yoxsa Nəcəf COP29-u boykot edir?

FƏRİD

P.S.: İnfantinonun Bakıya gəlməsi AFFA-nın əməyi deyildi. FIFA prezidentini qarşılayan vitse-prezident Elşad Nəsirovun öz marağı var. O, himayəsində olan, günahları üzündən Parisə qaçmağa məcbur qalan Elxan Məmmədovu yenidən səhnəyə qaytarmaq üçün COP29-u fürsət bilmişdi. İnsafən, Nəcəfdən daha fərasətli tərpəndilər və AFFA prezidentdindən daha faydalı oldular.

Seçilən
8
futbolinfo.az

1Mənbələr