Paytaxtda sürücülər arasında yaranmış mübahisə sosial şəbəkədə müzakirələrə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, görüntü səhər saatlarında Ziya Bünyadov prospektindən “Koroğlu” metrostansiyası istiqamətində qeydə alınıb. Görüntüdən də aydın olduğu kimi, “Toyota Prius” markalı avtomobilin sürücüsü onunla eyni zolaqda hərəkətdə olan motosikleti ötmək üçün sola manevr edir. Bu zaman o, motosiklet sürücüsünə təhlükə yaradır. Ardınca motosiklet sürücüsü avtomobilə yaxınlaşır və “Məni öldürmək istəyirsən?” deyərək ona iradını bildirir.
Yol boyu mübahisə edən sürücülər daha sonra nəqliyyat vasitələrini saxlayaraq qarşılıqlı ittihamları davam edirlər. Motosiklet sürücüsü əvvəlki kadrda 70 km/saat sürətlə motosikleti idarə etdiyini və sürücünün ondan fərqli olaraq sürət həddini aşdığını yazılı şəkildə qeyd etsə də, dialoqu zamanı bunu demir. Belə ki, o, yağışlı hava şəraiti ilə əlaqədar sürət həddinin 60 km/saata endirildiyini və hər ikisinin onsuzda 80 km/saat sürətlə hərəkət etdiyini sürücüyə bildirir. Avtomobilin sürücüsü isə lüzümsuz və əksər sürücülərin də istifadə etdiyi bəhanəyə sığınır. O, cavab olaraq maşının işığını yandırıb söndürdüyünü deyərək törətdiyi əmələ haqq qazandırır.
Lakin sonda “Toyota” sürücüsü üzr istəsə də bayker iradlarına davam edir.
Nərmin