AZ

Azərbaycanın iqlim siyasəti: COP29 və beynəlxalq hüquq

İqlim dəyişikliyi qlobal bir problem olaraq dünya ölkələrinin qarşısında duran ən ciddi və təxirəsalınmaz məsələlərdən biridir.

Buna qarşı beynəlxalq mübarizədə ölkələr arasında əməkdaşlıq və birgə addımlar atmaq məqsədilə müxtəlif beynəlxalq iqlim razılaşmaları və sazişlər imzalanıb. Azərbaycan da bu razılaşmaların iştirakçısı olaraq öz mövqeyini beynəlxalq müstəvidə təsdiq edib və bu mübarizəyə öz töhfəsini verməyə çalışır. Hazırda ölkəmizdə keçirilən COP29 tədbirinin yüksək səviyyədə təşkil edilməsi və mühüm razılaşmaların əldə olunması bunun əyani sübutudur.

Bəs ölkəmiz beynəlxalq iqlim razılaşmalarına necə təsir göstərib?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Zübeyir Bağırzadə bildirib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq hüququn əsas sənədlərinə qoşulmuş və bu sənədlərin iştirakçısıdır:

"Bu razılaşmaların ən mühümü, 1992-ci ildə Rio-de-Janeyroda imzalanan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası və 2015-ci ildə Parisdə qəbul edilmiş Paris Sazişidir. Bu müqavilələr ölkələrə iqlim dəyişikliyinin təsirlərini azaltmaq, karbon emissiyalarını aşağı səviyyəyə endirmək və qlobal istiləşmənin qarşısını almaq məqsədilə konkret öhdəliklər qoyur. Azərbaycan konvensiya çərçivəsində sənədin tələblərinə uyğun olaraq "Milli Kommunikasiyalar" təqdim etməkdədir və bu, ölkənin iqlim siyasətinin və strateji məqsədlərinin izlənməsinə imkan verir. Paris Sazişinə qoşulmaqla isə Azərbaycan karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyinə qarşı uyğunlaşma tədbirləri həyata keçirmək öhdəliyi götürüb".

Onun sözlərinə görə, deyilənlərlə yanaşı, Azərbaycanın ərazisi, xüsusən də Xəzər regionu və dağlıq ərazilər iqlim dəyişikliyinin təsirlərinə qarşı həssasdır. Onun fikrincə, ölkə həm iqlim dəyişikliyinin təsirlərinə qarşı uyğunlaşma, həm də müvafiq hüquqi tədbirləri görmə sahəsində beynəlxalq təcrübəyə uyğun addımlar atmaqdadır:

"Beynəlxalq iqlim müzakirələri hər il təşkil edilən BMT-nin İqlim Dəyişikliyi Konfranslarında davam edir və ölkəmizin ev sahibliyi etdiyi 29-cu konfrans (COP29) da bu sahədə mühüm bir mərhələdir. Azərbaycan bu cür konfranslarda öz mövqeyini beynəlxalq hüquq çərçivəsində irəli sürməkdədir. COP29-da Azərbaycanın ev sahibliyinin və mövqeyinin əsas məqsədi həm iqlim dəyişikliyinin təsirlərinin qarşısını almaq, həm də inkişaf etməkdə olan ölkələrin iqlim mübarizəsindəki ehtiyaclarını nəzərə alaraq öz öhdəliklərini yerinə yetirməkdir".

Zübeyir Bağırzadə: COP29-un təşki edilməsi ölkəmizin beynəlxalq hüquq müstəvisindəki mövqeyini gücləndirir

Hüquqşünas qeyd edib ki, Azərbaycanın beynəlxalq hüquq müstəvisindəki mövqeyi həm ölkənin inkişaf strategiyasına, həm də qlobal iqlim dəyişikliklərinin qarşısının alınmasına yönəlmiş öhdəliklərinə əsaslanır. COP29 və digər beynəlxalq tədbirlərdə Azərbaycanın təmsil olunması ölkəmizin iqlim siyasətində daha çox fəal iştirak etməsi və beynəlxalq müstəvidə iqlim dəyişikliyinə qarşı irəli sürdüyü təklifləri qəbul etdirə bilməsi baxımından əhəmiyyətlidir:

"Azərbaycanın bu cür beynəlxalq platformalarda daha fəal iştirak etməsi həm də digər ölkələrlə əlaqələrini gücləndirərək, iqlim dəyişikliyi ilə bağlı siyasi və hüquqi öhdəlikləri yerinə yetirməyi məqsəd qoyur. Bu, Azərbaycanın beynəlxalq hüquq sahəsindəki mövqeyini daha da gücləndirəcək və ölkəmizin qlobal iqlim siyasətindəki rolunu artıracaq”.

Həmsöhbətimiz deyib ki,  Azərbaycan beynəlxalq iqlim razılaşmalarında aktiv iştirak etməklə, yalnız öz milli maraqlarını deyil, həm də qlobal ekoloji ədaləti təmin etmək üçün mübarizəni gücləndirir:

“COP29-un təşki edilməsi ölkəmizin beynəlxalq hüquq müstəvisindəki mövqeyini daha da gücləndirəcək və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atacağı addımlarla həm daxili, həm də beynəlxalq səviyyədə nüfuzunu artıracaq".

Əli Hüseynov

Seçilən
13
bakivaxti.az

1Mənbələr