AZ

Xəzərin dayazlaşması problemi son dərəcə kəskindir - Rauf Hacıyev

Xəzər dənizinin əsas problemlərindən biri onun çirklənməsi və ekoloji vəziyyətinin pisləşməsidir. Biz iqlim dəyişikliyini və onun Xəzər regionuna təsirini də unutmamalıyıq. Ekstremal hava şəraiti, təbii fəlakətlərin artması və biomüxtəliflikdəki dəyişikliklər - bütün bunlar yeni reallıqlara uyğunlaşmaq üçün birgə səylər göstərilməsini tələb edir.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev “Xəzərlə tanışlıq: Tehran Konvensiyası vasitəsilə iqlim dəyişikliyinin təsirləri altında sahil dayanıqlığının və biomüxtəlifliyin qorunması” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Xəzərin dayazlaşması problemi son dərəcə kəskindir. Bu fenomenin səbəbləri və nəticələri hərtərəfli araşdırma tələb edir: “Bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) tərəfindən Azərbaycanın müraciəti əsasında hazırlanmış işçi sənəddə Xəzər dənizinin səviyyəsindəki tərəddüdlər və iqlim dəyişikliyinin bu prosesə təsiri diqqət mərkəzinə salınıb. Sənəddə vurğulanır ki, Xəzər dənizinin səviyyəsi azalır və yaxın 50 ildə daha çox azalma ehtimalı var və bu da ətraf mühitə, iqtisadiyyata, infrastruktura və sahilyanı dövlətlərin davamlı inkişafına mənfi təsir göstərə bilər.

Sənəddə dəniz səviyyəsinin azalmasının təsirlərinin yumşaldılmasına və yeni şəraitə uyğunlaşmasına yönəlmiş birgə strategiyaların işlənib-hazırlanması və həyata keçirilməsi üçün Xəzəryanı ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanır.

Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı aktual problemin həlli üçün əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayan bu məqamda elə dünən qəbul edilmiş bəyannaməni də diqqətinizə çatdırmaq istərdim”.

Nazir müavini bildirib ki, Tehran Konvensiyasının mövcud olduğu təxminən 20 il ərzində çox şey əldə edilib, lakin biz hələ də mühüm problemlərlə üzləşirik: “Biz əməkdaşlığımızı gücləndirməyə davam etməli və dəniz mühitimizə təsir edən təhdidlərlə mübarizə üçün effektiv strategiya və tədbirlər hazırlamalıyıq. BMT-nin Ətraf Mühit Proqramının Xəzəryanı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfəni xüsusi qeyd etmək və uzun illər intensiv və səmərəli fəaliyyətinə görə Tehran Konvensiyasının Müvəqqəti Katibliyinə minnətdarlığımı bildirmək istəyirəm”.

Ekoloji problemlərin razılaşdırılmış və effektiv fəaliyyət tələb etdiyini bildirən nazir müavini deyib: “Xəzər dənizinin quru mənbələrindən çirklənmədən qorunmasına dair Moskva Protokolunun qüvvəyə minməsindən sonra Tərəflər əlavə öhdəliklər götürüblər. Moskva Protokolunun səmərəli həyata keçirilməsi üçün, həmçinin Xəzər dənizinin vəziyyəti haqqında ekoloji monitorinq, qiymətləndirilmə və məlumat mübadiləsinlə dair Protokolun hazırlanması üzrə işlərin tamamlanmasını sürətləndirmək lazımdır.

Yekun olaraq, çiyinlərimizin üzərinə düşən böyük məsuliyyəti unutmayaq. Biz ekoloji problemləri həll etmək üçün fərqliliklər arasında birlikdə işləməliyik. Bununla biz Xəzər regionunun daha təmiz, sağlam və firavan gələcəyini təmin edə bilərik”.

Yaqut Ağaşahqızı,”İki sahil”

Seçilən
31
ikisahil.az

1Mənbələr