AZ

İlbər Ortaylını sünnət toyuna, Ronaldinyonu bozbaşa aparanlar - Biz qonaqları niyə urvatdan salırıq?


Kulis.az Eminqueyin "Qonaq qonağı istəməz, ev yiyəsi heç birini..." adlı yeni köşəsini təqdim edir.


Qonaqpərvərliyimizin şiti çıxıb, ay həzərat!

Nöşün?

Oşün ki, dolma yıxacaq öyümüzü. Piti dağıdacaq yuvamızı. Plov çıxacaq axırımıza. Sanki biz bu dünyaya dolma, piti, plov yeməyə gəlmişik. Əlhəzər! Belə qarınqululuqdan, əlhəzər!

Oşün ki, hər şeydə əl-ayağımızı qırdığımız halda, bircə oynamaqda səhvə yol vermirik. Qırılmır nağara çubuqlarına ayaq uyduran sümüyümüz. Bir dəfə də olsun, yıxılmırıq. Hərgah yıxılsaydıq, çox yox, bircə dəfə, çox yox, bircə nəfər, çox yox, bir milyonluq trendə düşsəydi bu yıxılmaq, yoluxsaydı hamıya, trend olsaydı oynayanda yıxılmağımız, bəlkə, əl çəkərdik tullanıb-düşmək sevdasından.

Gülüş ustasını “dingiliş ustası”na çevirməyimizi xatırlayıram. Cem Yılmazı deyirəm. Min ildə bir dəfə gəlmişdi Bakıya. Biletini də mənim keçmiş iki aylıq maaşıma – yəni 700 manata satmışdılar. Sonra nə oldu? Cemi aparıb restoranların birində oynatdılar. Trendə düşdü bu oynamaq. Belə tanıtdıq özümüzü.

Mahsun Kırmızıgül gəldi. Təsəvvür edirsiniz də. Türkiyədə səsinə and içilən bir adam. Bir də gördük, o da yeyib-içmək süfrəsindədir. Yenə kimisə piti-bozbaşa tutmuşuq. Piti-bozbaş qalsın bir yana, o boyda Mahsunun qarşısına Yusif Mustayevi çıxarmışıq. Mahsun çox rahat, çox bəsit bir ağız hərəkəti ilə boğazlar eləyir, Yusif Mustafayevin rəngi getdikcə qızarır, qaşları alnına dırmaşır, beli bükülür, əyilir, durur, əyilir, durur, nə var-nə var zəngulə vuracaq. Məlum, falş, quş, xaric və Mahsunun üzündəki qalibiyyət məmnunluğu.

O ki professor İlbər Ortaylı gəldi, onu apardıq sünnət toyuna... Bax, o vədə bütün ümidlərimi dəllək amansızlığı ilə sünnət elədilər. Artıq şeymiş kimi kəsib özümə göstərdilər, sonra məzə vurdular ki, kişi ol, ağlama, ağlasan, pir-pişiyə yem edəcəyik. Mən hələ gözləyirdim, gözləyirdim, hə... ki, bəs İlbər Ortaylıdan soruşacaqlar sünnətin elmdəki məqamı ilə bağlı. Çox güman, soruşublar da. Hər nə isə. İlbəri də belə qarşıladıq, elə yola saldıq.

İndi, bax elə bu günlərdə, Ronaldinyo ilişib mıxımıza. Yozmoun, mıx dediyim, yüz qram şeydir. Arağı deyirəm. Ronaldinyonu ətə tutmuşuq. Yeyir xəngəldən, pitidən, kəllə-paçadan, vurur araqdan. O həvə dişləriylə dartışdırır antrikotu. Deməli, Ronaldinyonu da belə xoşbəxt elədik.

Hamı yaxşı başa düşdü ki, dolma da, kabab da, xəngəl də, piti də, bozbaş da bizimdir. Ağız dolusu danışacaqlar öz ölkələrinə qayıdanda. "Azərilərin yaxşı yeməkləri var. Amma..."

Biri də deməyəcək ki, Azərbaycanın yaxşı sənətkarları, yazıçıları, alimləri, ziyalıları var. Çünki bizim menyumuzda yoxdur belələri. Bizim menyumuzda ziya yoxdur, sənət yoxdur, söz yoxdur. Bizim menyumuzda tıxmaq var, tullanıb-düşmək var, lül-qəmbərlik var. Bircə Ronaldinyo məsələsində doğru nəsə var, o da budur – bizim menyumuzda, doğrudan da, futbol yoxdur. Neyləyək? O boyda Ronaldinoyunun qabağına Əfran İsmayılovla çıxaq?!

Nə öz insanlarımızı ölkədən kənara çıxarıb tanıtdırmaqda maraqlıyıq, nə də ölkəmizə gələn məşhurlara özümüzküləri tanıtmaqda. Sanki yoxdur belə insanlar. Yalnız və yalnız dolma var, piti var, kabab var, xəngəl var...

Biz öz şəhərimizi də belə tanıyırıq. “Qismət”in yanı, “Yeganə”nin arxası, “Kristal”ın böyrü. Mayakımız restorandır. Biz bir-birimizi restoranlarla tapırıq, bir-birimizi restoranlarda tapırıq, biz özümüzü restoranlarda tapırıq. Birini dolma yeyən yerdə, birini antrikot gəmirən yerə, birini qan-tər içində tullanıb-düşən yerdə.

Biri deyəcək, mən İlbər Ortaylı ilə sünnət toyunda olmuşam. O biri deyəcək, Mahsuna çəngəl gətirən ofisiant mən idim. Digəri deyəcək, Ronaldinyonun arağını şəxsən özüm süzmüşəm. Hə, bizim fəxr yerimiz, qürur yerimizdir yeyib-içmək.


Bir gün insan oğlu fikirləşir ki, hər şeyin padşahı, böyügü var. Quşların da gərək padşahı olsun.

Bütün quşdarı yığıb deyir ki, hansınız daha yuxarı qalxsanız, onu padşah qoyacağam. Quşdar razı olur. Uçullar, ancax qartal hamısınnan hündürə uçur. Bı dəmdə insan oğlu görür ki, qartalın tükləri arasınnan cırt-cırt quşu çıxdı, lap yuxarı uşdu. Bını quşdar da gördü, pərt oldular ki, bınnan bizə padşah çıxmaz.

İnsan oğlu cırt-cırt quşuna deyir ki, sən lap yuxarı uşdun, ancax kələyinən. Ona görə gərək sənə bir iş də tapşıram. Onu da eləsən, səni padşah qoyacıyam. Get, mənə elə bir çöp gətir ki, nə əyri olsun, nə də düz.

Deyillər ki, cırt-cırt quşu o vaxtdan həmişə kolluqda gəzir, həmin çöpü axtarır, ancax tapa bilmir. Qartal isə quşların padşahı olur.

İndi biz söz vermişik ki, qartalı cırt-cırt quşu etməsək, ölməyəcəyik. Biz cırt-cırt quşunu padşah görmək istəyirik.

Bizim menyumuzda cırt-cırt quşları var, qartal yoxdur.

Bizim menyumuzda dolma var, sənət yoxdur.

Bizim menyumuzda piti var, alim yoxdur.

Bizim menyumuzda həmin nə əyri, nə də düz olan çöp də var, amma...

Ammadan sonrasını da özünüz düşünün.

Seçilən
23
kulis.az

1Mənbələr