AZ

Məhkəmə İmran Əliyevin həbs müddətini uzadıb

Noyabrın 18-də Xətai Rayon Məhkəməsi Meclis.info saytının təsisçisi İmran Əliyevin həbs müddətinin daha üç ay - 19 fevral 2025-ci ilədək uzadılması ilə bağlı istintaq orqanının vəsatətini təmin edib. Bu barədə Turan-a onun yaxınları bildiriblər.

Onların sözlərinə görə, Əliyev halsız idi və səhhətində problemlər olub. Bel ağrısına görə yeriməkdə çətinlik çəkib. Həbs olunduqdan sonra 15 kiloqram arıqlayıb.

İclas zamanı Əliyev bildirib ki,  əsassız həbsinə, müayinə və müalicənin təmin edilməməsinə etiraz olaraq aclıq elan emək niyyətindədir. Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

Həmçinin noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində Əliyevin ev dustaqlığına buraxılmasından imtinaya dair şikayətə  baxılıb. Şikayət təmin edilməyib.

*İmran Əliyev aprelin 18-də Bakı hava limanında saxlanılıb. O, xarici valyuta qaçaqmalçılığı ittihamı ilə “Abzas Media işi” üzrə cəlb edilib. Sonradan Əliyevin işi ayrıca icraata götürülüb.

Əliyev özünü günahkar saymır. Yerli və beynəlxalq hüquq- müdafiə təşkilatları İmran Əliyevin təqib edilməsini pisləyiblər və ona qarşı cinayət işini Meclis.info saytının fəaliyyətilə əlaqələndiriblər. Sayt  Azərbaycan parlamentinin və onun deputatlarının işini monitorinq edir.

Seçilən
14
turan.az

1Mənbələr