“Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” - Ulu Öndər Heydər Əliyevin 91 nəfər ziyalının 16 oktyabr 1992-ci il tarixli müraciətinə cavabından
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir.
Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.
Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir.
Qəhrəman Qasımov
Əməkdar müəllim, Qarabağ veteranı