AZ

Paşinyanın “saqqal darağı” ilə başlayan islahatının SENSASİON DETALLARI - Stalin kimi...

Ermənistanın baş naziri Nikol Paşinyanın üz imicini dəyişməsinin ardınca iki nazir və dörd yüksək vəzifəli məmur komandadan ayrılıb.

Maraqlıdır ki, istefalardan əvvəl Paşinyanın imicini dəyişməsi, eləcə də Nazirlər Kabinetinin son iclasında hüquq və təhlükəsizlik blokunun rəhbərlərinin “qaralanması” baş verib. Daha sonra baş nazir sosial şəbəkələrdə məlumatı dolayısı ilə təsdiqləyərək istefaların təşəbbüskarı olduğunu bildirib. Paşinyanın sözlərinə görə, bu qərarı şəxsi motivlər deyil, sistemli problemlər diktə edib.

Saqqalla başlayan seçki hazırlığı

Hazırda Ermənistan hakimiyyətində aparılan kadr təmizləmələri seçki proseslərinin məntiqinə tam uyğun gəlir. Bu, seçki tsiklindən əvvəl hakimiyyət sistemini yenidən işə salmaq cəhdidir. Seçkilər ərəfəsində istənilən siyasi komandada daim dəyişikliklər olur. Deməli, söhbət partiyadaxili münasibətlərdən gedir. Hakimiyyət sistemi seçkilərdə iştiraka uyğunlaşır. Növbədənkənar seçkilər gözləmək lazım deyil, çünki növbəti parlament seçkiləri il yarıma təyin edilib. Bununla belə, kadr dəyişiklikləri hakimiyyətə “komandanın yenilənməsi”ni göstərmək və mənfi mirasdan qurtulmağa çalışmaq imkanı verir. Hakimiyyət siyasi arenaya yeni simalarla və müəyyən dərəcədə köhnə problemlərə “paketlə” daxil olmağa can atır, hətta Nikol Paşinyanın xarici imicində dəyişiklik, o cümlədən onun üzünü qırxmaq qərarı da bu strategiyanın bir hissəsi ola bilər. Ola bilsin ki, bu, sadəcə olaraq onun komandasının imicinin dəyişdirilməsi ilə bağlı tövsiyəsidir.

QNEL.jpg

Trampla telefon danışığı

İstefalar dalğasının növbəti seçkilərlə bağlı olmadığını da düşünməyə kifayət qədər əsas var. Əvvəla, əgər söhbət yeni seçkilərə hazırlıqdan gedirsə, o zaman bu konkret məmurlar niyə işdən çıxarılıb? İşdən çıxarılan nazirlər və idarə rəhbərləri ictimai xadim olmayıblar və bu və ya digər məsələ ilə bağlı çox tez-tez çıxışlar etməyiblər. İkincisi, Ermənistanda heç bir daxili siyasi gündəm yox idi ki, repressiya aparatının bütün “yejovları” qovulsun. Buna görə də qarşıdan gələn seçkilər üçün hökumətdə “təmizləmə” variantını daha böyük planların başlanğıcı saymaq olar. Paşinyan “şəxsi yox, sistemli yanaşma” deyəndə güman ki, bu məqamı nəzərdə tutur.

İşdən çıxarılan bəzi nazirlik və idarə rəhbərləri demokratlarla sıx əlaqədədirlər və ola bilsin ki, bu, bir növ mesajdır, ABŞ-ın yeni, respublikaçı administrasiyası ilə yaxşı əlaqələr qurmaq cəhdidir ki, Paşinyanın Trampla telefon danışığından sonra istefalar dalğası baş verib. Nəzərə alsaq ki, Ermənistan hakimiyyətində hələ də öz mövqelərini qoruyan “demokratik qol”dan olan adamlar var, onda növbəti sırada onların adını eşidə bilərik.

Dostlar “günah keçisi” kimi qurban verilir

Xatırladaq ki, bundan əvvəl bir neçə nazir və icra strukturlarının rəhbərləri, eləcə də Ali Məhkəmə Şurasının rəhbəri istefa verib. Baş nazir Nikol Paşinyan onların getməsinin təşəbbüskarının olduğunu təsdiqləyib və həmçinin vurğulayıb ki, işdən çıxarılma silsiləsi şəxsi amillərlə bağlı deyil, sistemli problemlərlə bağlıdır.

İstefa verən məmurların əksəriyyəti güclü şəxsiyyətə malik olmadığından “ahəngdar iş”, “sakit və dinc gediş” barədə dişsiz bəyanatlar veriblər və onlardan başqa reaksiya gözləmək çətin idi. Eyni zamanda Nikol Paşinyanın məmurlardan istefa verməsini xahiş etməsi ilə bağlı sözləri də heç bir məntiqə sığmır. Çünki onların işdən çıxarılması, eləcə də təyin olunması Nazirlər Kabinetinin rəhbərinin funksiyalarıdır. Bütün bu sakitliyə rəğmən, vəzifəsini itirmiş bəzi məmurlar haqda cinayət işi açıla biləcəyi də istisna deyil. Belə görünür ki, Paşinyan heç bir şəraitdə - istər hakimiyyəti saxlamaq üçün, istərsə də ölkədən qaçacağı təqdirdə hətta öz yoldaşlarına da aman verməyəcək. Başqa sözlə, hazırkı istefalar Paşinyan hakimiyyətinin qorunması və imicinin yüksəlişi üçün verilən qurbanlardır.

Yeni təyinatlara gəlincə, baş nazir Nikol Paşinyan partiyanın yüksək vəzifələrə yeni namizədlərin seçimində iştirakını imitasiya etmək istəsə, onları həm yaxın gələcəkdə, həm də bir neçə ay ərzində gözləmək olar. Paşinyan hakimiyyətdə olduğu 6 il ərzində müstəqil məhkəmə sisteminin təmin edilməsi, korrupsiya ilə mübarizə kimi bir çox vədlər verib. Lakin onların əksəriyyəti reallaşdırılmamış qalıb. Aydındır ki, indi məsuliyyət ayrı-ayrı məmurların üzərinə düşür.

Özünü Stalinə bənzədir?

Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətdə başlatdığı dəyişikliklər həm də Stalinin kadr siyasətini xatırladır. Məsələn, Stalin repressiyaların əvvəlində Yaqodadan istifadə etdi, sonra onu NKVD-dən qovdu və Yejovu təyin etdi. Onun yeri eyni aqibəti yaşayan Beriya olandan sonra o da güllələndi, amma hakimiyyət dəyişikliyindən sonra.

Təbii, Nikol Paşinyan xarakteri heç bir parametrlə Stalinlə müqayisə edilə bilməz. Yəni “ölkəni daha yaxşı və daha ədalətli idarə etmək” prinsipi ilə kadr qərarları vermək əvəzinə zaman udmaq üçün qurbanlar verilməsi prinsipini ancaq güclü rəhbərlər uduşa çevirə bilər ki, Paşinyan bundan məhrumdur.

Nəsimi Şərəfxanlı,
Xüsusi olaraq Musavat.com üçün

Seçilən
6
1
musavat.com

2Mənbələr