“Azərbaycanda gələn il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti 70 ABŞ dolları səviyyəsində götürülməsi planlaşdırılır. Bu ötən illə müqayisədə 10 dollar çoxdur”.
"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Razi Abbasbəyli deyib.
Onun fikrincə, ABŞ-də Donald Trapmın hakimiyyətə gəlişi ilə neftin qiymətinin ucuzlaşması gözlənilir:
"Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, son illərdə ilk dəfə olaraq büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb. İzahatda əks etdirilmiş bu risk indikatoru üzrə narahatlığı biz də bölüşürük.
Məhz 2017 və 2021-ci illərdə Donald Trampın prezidentlik dövründə dünya birjalarında neftin qiymətlərinə diqqət edək:
Lakin 2025-ci ildə Trampın hakimiyyətə gəlişi 2017-ci ilin dünyadakı siyasi və iqtisadi mənzərəsindən fərqlidir.
Hazırda Yaxın Şərqdə gərginlik var. Rusiya-Ukrayna svaşı davam edir. Tramp bu savaşları durdurmaq üçün planlarının olduğunu açıqlayıb.
Əgər bunu bacarsa, neftin dünya bazarındakı qiyməti də indiki səviyyədən çox aşağı ola bilər".
Ekspert bildirib ki, Trampın birinci prezidentlik dönəmində Tramp administrasiyası ABŞ-də neft və qaz sənayesinə geniş dəstək vermişdi:
"Bu, ətraf mühit tənzimləmələrinin yumşaldılması, şist neft hasilatının artması və ABŞ-nin enerji ixracatçısı mövqeyini gücləndirməsi ilə nəticələndi.
Əgər Tramp yenidən bu siyasəti davam etdirsə, o zaman bu, qlobal bazarda təklifin artmasına və neft qiymətlərinin azalmasına səbəb ola bilər. Tramp prezidentliyi dönəmində Neft İxrac edən Ölkələr Təşkilatını (OPEC) və qloba neft bazarını ciddi təzyiq və nəzarət altında saxlaya bilirdi.
Belə olduqda isə, OPEC-lə Rusiya arasında gərginliklər də yaranır ki, nəticədə neft bazarında qiymətlər kəskin şəkildə aşağı düşür".
Onun sözlərinə görə, ABŞ-la Çin arasında münasibətlərin gərginləşməsi neftin qiymətinə mənfi təsir edə bilər:
"ABŞ və Çin ticarət münasibətlərinin gərginləşməsi qlobal iqtisadi artımın zəifləməsi ilə neftə olan tələbi azalda bilər.
Bütün bu gözləntilərin fonunda Azərbaycan dövlət büdcəsində 2025-ci il üçün neftin qiymətinin 70 dollar götürülməsi başa düşülən deyil.
Vüqar Gülməmmədovun qeyd etdiyi kimi, gələn il üçün əsaslı xərclərin azalması baş verə bilər. Eyni zamanda cari və borca xidmət xərclərinin artımı proqnozlaşdırılır.
Yalnız bir yol qalır, əgər neft ucuzlaşsa, Neft Fondundan büdcəyə trafsferlər artırılacaq. Bu da riskli və ziyanlıdır. Güman edək ki, Milli Məclis neftin 1 barelinin qiymətinin 70 dollar səviyyəsində götürülməsini təsdiqləməyəcək".