AZ

COP bizə nə verdi?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kubra Məhərrəmova yazır...
Artıq bir neçə gündür mötəbər tədbirə ev sahibliyi edirik. Hər gün Bakı küçələrində xarici ölkə vətəndaşlarını görür, onların hay-küylü söhbətlərini eşidirik.
Dünyada elə bir mətbu qurum yoxdur ki, bu tədbirdən yazmasın, bəhs etməsin, məqalə dərc etməsin. İstər yaxşı, istərsə də pis...
Bu gün məlum tədbirin 8-ci günüdür. Azərbaycan da əlindən gələni edir ki, COP29 sıradan bir tədbir olmasın, nəticəsi olsun. İllərdir müzakirə olunan problemlərin ən azı həlli üçün yol xəritəsi müəyyənləşsin. Bunu qoyduq bir kənara.
Bəs COP29 bizə, sadə insanlara nə verdi?
İlk növbədə məktəb və ali məktəblərin tətilə göndərilməsi Bakının insan yükünü xeyli azaltdı. Anladıq ki, sən demə məktəb və digər tədris müəssisələrini şəhərdən uzaqlaşdırsaq, Bakı yaşamaq üçün elə də pis yer deyilmiş. Nəfəs almağa yer və hava da var imiş.
Dövlət qurumları da bu günlər ərzində gücləndirilmiş iş rejimində əhaliyə xidmət göstərdilər.
Dost-tanışın başına gələn hadisələr əsasında onu da deyə bilərik ki, bu 8 gün ərzində Bakıda bütün qurumlar saat kimi işləyib. İstər səhiyyə, istər kommunal xidmətlər. Bir zənglə az qala rayonun rəisi belə hadisə yerinə gələrək problemin qısa müddət ərzində həllinə nail olması üçün əlindən gələni edib. Bir anlıq insanlar düşünüb ki, deyəsən İsveçdəyik.
Deməli, istəyəndə işləyə bilirlər. Adamın üstündə Allah var, hava da bizi qonaqların yanında xəcalətli eləmədi.
COP zamanı sel-sularına qərq olmasaq da, xeyli sayda insanın cəhalətin qaranlığına qərq olmasına şahid olduq.
Məşhur "balina" maketi bəzi insanlarımızın mümkün ola biləcək (ayıq və yuxulu başla) istənilən fantaziya və eyforiyaya uğramasına şərait yaratdı. Ən ağlagəlməz ideya və fikirləri eşitdik. "WhatsApp" qruplarında yenə Nigarlar, "Instagram"da dayılar, "TikTok"da cavanlar baş qaldırıb bu məsələ ilə bağlı öz "dəyərli və işıqlı" fikirlərini səsləndirərək "ziyalı mövqelərini" ortaya qoydular.
Yaşadığı ölkənin coğrafiyasını bilməyən adam üçün mütləqdir ki, hər bir hadisə "möcüzə" olacaq. Ən azı Xəzərin qapalı olması, ən böyük göl olmasını aşağı sinifdə bizə öyrədiblər. Amma istər öz yaşıdlarım olsun, istər yaşda məndən böyüklərin (sovet təhsil sisteminin məzunları) bir qismi qərara gəldi ki, bu "balina" əvvəl hansısa məmurun bağında hovuzda yaşayıb, sonra böyüyüb. Məmur da görüb ki, saxlaya, ət çatdıra bilmir, gecə ilə buraxıb onu Xəzərə. O da ev "balinası", yazıq vəhşi təbiətdə ayaq tuta bilməyib, atıb özünü sahilə.
Bu və bundan daha betər şayiələrin müzakirəsi bir cəmiyyətin böyük əksəriyyətinin necə bir fantaziyaya malik olmasını ortaya qoydu. Bu an üçün dəqiq bildim ki, "Dədə-Qorqud" dastanının 12 deyil, daha çox boyu var, sadəcə arada itib gedib. Çünki bu boyda potensialı olan millətin dastanı ən azı 112 boy olmalı idi. Bütün vur-çatlasının içində biz dünyada baş verən iqlim dəyişikliyinin yaratdığı problemlərdən can qurtarmaq üçün Bakıda COP29 keçiririk. Çünki Azərbaycan istəyir ki, onu dünyada bilikli, savadlı, qoruyan və yaşadan bir ölkə kimi, hazırda olduğu kimi tanısınlar.
Lakin qaranlıq düşüncələrin sakinləri işığa çıxmaq istəmirlər. Belə bir düşüncə sahibləri ilə də necə yola çıxaq, çox düşündürücüdür...
İstər məmuru (bəzi) olsun, istərsə adi vətəndaşı (bəzi) üçün bu baş verənlər teatrdan başqa bir şey deyil. Kimin ağzını açırsan deyir ki, "bircə COP qurtarsaydı normal oturardıq". Ay bacı, niyə otururuq? Nə qədər oturmaq olar axı? Vaxtında bir-iki kitab oxusaydın, balinanın maket olduğunu bilərdin axı. Bilərdin ki, bu bəşəri mesajdır. "Captain Boomer Collective" bu balinanı qoltuğuna vurub 2008-ci ildən bəri London, Paris, Varşava, Adelaide və Madrid kimi böyük şəhərləri gəzir. Dad edir ki, biz təbiətlə belə davranmağa davam etsək, sonumuz bu olacaq.
Bəzi adamlar hələ də anlamırlar ki, ağacları kəsmək olmaz. Bəziləri hələ də anlamır ki, bu dünyanı uşaqlarımıza qoyub gedəcəyik. Bəziləri hələ də düşünür ki, əsas ev-maşın qoyum, bəsidir.
Bəziləri hələ də anlamır ki, bu təbiəti, iqlimi qorumaq hər birimiz üçün vacibdir. Amma kimə deyirsən? Gecə ilə ağacları kəsirlər ki, burada "obyekt" tikəcəyik.
Bəziləri hələ də anlamır ki, məişət tullantılarını haraya gəldi atmaq olmaz, yandırmaq olmaz, eyvandan küçəyə atmaq olmaz.
Amma hamı Norveçdə, İsveçdə, Finlandiyada yaşamaq istəyir. Sual olunur, hansı başla vətəndaş? Hansı düşüncəylə?
Bəziləri üçün siqaret kötüyünü maşının pəncərəsindən atmaq adi haldır, hətta normadır. Sanki bu adamların öz cəmiyyəti var. Söz deyirsən, görürsən ki, anlamır.
Hamımız təbii kənd məhsulları yemək istəyirik. Amma kəndli-fermer üçün imkan vermirik işləsin. Fermer kənddə əldə etdiyi məhsulu şəhərə çıxarıb satınca əlli dəfə dərisi soyulur. O da məhsulunun xarab olmaması üçün deyilənlərlə razılaşır. Qiymət qalxır, amma qazanan nə fermerdir, nə də alıcı. Beləcə hər gün daha bir kəndli torpağını dəyər-dəyməzə satıb gəlir Bakıya. Və beləcə nəsilbənəsil kəndlər tərk edilir. Təbiət tarazlığını itirir.
Bütün bunları görüb dərk edəndə, nəticəsini anlayanda, sonunu görəndə Bakı bulvarındakı balinanı qucaqlayıb ağlamaq istəyirsən. Demək istəyirsən ki, "ay balina, sənə nə var, üç-beş günə çıxıb gedəcəksən, bu müsibətin içində biz necə yaşayacağıq?"
Seçilən
222
50
oxu.az

10Mənbələr