AZ

Xaçmaz sakini hakimi ədalətsiz qərar çıxarmaqda İTTİHAM EDİR – ŞİKAYƏT

Əkrəm Həsənov: “Məhkəmə kredit borcunun faizini deyil, cəriməni silə bilər...”

Xaçmaz rayonu, Sabiroba kənd sakini Babakişiyev Ələkbər Mövsüm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, məhkəmə onun barəsində ədalətsiz qərar verib:

“Mən, Babakişiyev Ələkbər Mövsüm oğlu, yazaraq bildirirəm ki, 2008-ci ildən “Accessbank”ın müştərisi olmuşam. Heç bir problem və çətinlik olmadan, vaxtı-vaxtında kredit borclarımı ödəmişəm. Hətta vaxtından əvvəl də kredit borclarımı bağlamışam. Heç vaxt gecikməmiz olmadığı üçün bizə kredit təklifləri də ediblər.

21 dekabr 2022-ci il tarixdə “Accessbank”dan 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167 % olmaqla və ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12 min manat məbləğində kredit götürdüm. Kredit borcumdan 2 060.89 manat ödədim, 9 939.11 manat borcum qaldı. Ailəvi problemlərə görə, 2023-cü ilin oktyabr ayından ödəniş edə bilmədik. Bir ayın kredit borcunu ödəyə bilmədiyimizə görə, bizi banka çağırdılar. “Accsessbank”dan gecikmiş bir ayın pulunu ödəmək üçün 600 manat məbləğində kredit təklif edildi. Biz də 600 manat məbləği bankdan aldıq.

Evimizdə xəstə olduğundan, növbəti ay yenə kredit borcunu ödəyə bilmədik. “Accessbank” borcu ödəyə bilmədiyimizə görə bizi məhkəməyə verdi.

2024-cü il, 01 oktyabr tarixində hakim Zülfüqar Sadıqovun sədrliyi ilə Sumqayıt Kommersiya Məhkəməsində iclas keçirildi. 9939.11 manat kredit borcu üçün bizə 894.34 manat məbləğində faiz borcu, 277.79 manat isə cərimə borcu olmaqla, cəmi 11 min 111.24 manat məbləğində borc hesablandı.

Qeyd edim ki, “Accessbank”dan 08 may 2023-cü il tarixdə, 12 ay müddətində, aylıq faiz dərəcəsi 2.1667% olmaqla 600 manat məbləğində kredit götürmüşəm. Həmin kredit borcundan da 277.07 manat ödəmişəm, 322.93 manat borcum qalıb. 322.93  manat kredit borcu üçün bizə aylıq 21.27 manat məbləğində faiz borcu və 5.68 manat məbləğində cərimə borcu olmaqla, cəmi 349.88 manat məbləğində borc hesablandı.

Məhkəmənin birinci iclasında bizə bildirildi ki, narahat olmayın, faiz borcları silinəcək, götürdüyünüz əsas məbləği ödəyəcəksiniz. Amma belə olmadı. İkinci məhkəmə də oldu, qətnamə də çıxdı, heç bir faiz silinmədi. Məhkəmədə hakimdən xahiş etdim ki, imkanım yoxdur, heç olmasa əsas məbləği ödəyim. Lakin səsimə səs verən olmadı.

Xahiş edirəm, mənə köməklik göstərin”.

Məsələ ilə bağlı iqtisadçı-hüquqşünas Əkrəm Həsənovun fikrini öyrəndik. O bildirdi ki, kredit borcunun faizini silmək mümkün deyil: “Lakin hakim cəriməni silə bilər. Məhkəmə hesab etsə ki, cərimə həddindən artıq ağır və ədalətsizdir, o halda cəriməni silə bilər. Cərimə borcunu da tam silmir, bir hissəsini silir”.

Aynurə İSMAYIL

Seçilən
33
hurriyyet.az

1Mənbələr