AZ

Qərb Gürcüstanda DİNC DAYANMIR: “Bu ölkənin daxili siyasi mühitini iflic edir”

“ABŞ-də keçirilən prezident seçkiləri həm də bu və ya digər formada dünyadakı müxtəlif coğrafiyalara ABŞ-nin, ümumilikdə isə Qərbin siyasətinin hansı formada inkişafını göstərəcək. Hətta artıq indidən Amerikanın İrana və Çinə qarşı çox sərt mövqedən çıxış etməsi ilə bağlı ehtimalları görməkdəyik”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq İlyas Hüseynov deyib.

Siyasi təhlilçi ötən ayın 26-da Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Qərbin nəzarətində ola müxalifətin əzici məğlubiyyət almasını həzm edə bilməyərək, yenidən etiraz aksiyalarına başalmasının pərdəarxası məqamlarına toxunub.

“İndi sual oluna bilər ki, bunun Cənubi Qafqazda nə cür təsiri olacaq? Çünki Ermənistan-Azərbaycan münasibətləri, Gürcüstanda gedən proseslərə ABŞ-nin təsiri xüsusi maraq cəlb edir. Hətta Trampın inauqurasiyası baş tutmamış, Gürcüstanda ara-sıra çox güclü hakimiyyət əleyhinə nümayişlər həyata keçirilir və eyni zamanda, əsas tələb ondan ibarətdir ki, bu ölkədə parlament seçkiləri yenidən keçirilsin. Şübhəsiz ki, Gürcüstanın Mərkəzi Seçki Komissiyası “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının qələbəsini tanıyıb, qəbul edib və legitim seçkilərin keçirilməsi heç kimdə şübhə doğurmur. Hətta kənar müşahidəçilər, seçkini izləyənlər, daxili auditoriya, “exit-poll”ar və sorğu təşkilatları da “Gürcü arzusu”nun güclü olduğunu qəbul edirlər”, – deyə o, əlavə edib.

Analitik əmindir ki, bu gün Gürcüstanda hakimiyyətə qarşı üsyanların, nümayişlərin həyata keçirilməsi həm də bu ölkənin özünün daxili siyasi mühitini iflic edir:

“Eləcə də bu, iqtisadiyyata mənfi təsir göstərir, sosial gündəmi zəbt edir və insanlar üçün də böyük narahatlıq yaradır. Kənardan isə müdaxilə üçün yaxşı fürsətlər, imkanlar formalaşdırılır. Şübhəsiz ki, həm də uzun illər ərzində formalaşmış hibrid texnologiyaların əsas bir parçası olaraq ,daim qeyri-stabillik, hakimiyyət institutlarının sarsıdılması, laxladılması prosesləri zaman-zaman həyata keçirilir. Sonra isə çox güclü təsir nəticəsində ölkədə hakimiyyət dəyişikliyinə cəhdlər formalaşdırılır. Gürcüstanda da bu ssenari üzrə, təəssüflər olsun ki, fəaliyyətin icra olunmaqdadır”.

Siyasi ekspert onu da vurğulayıb ki, Azərbaycan üçün Gürcüstanda dayanıqlılıq, sabitlik, sülh və təhlükəsizlik, ərazi bütövlüyü və bu kimi məsələlər önəmli xarakter daşıyır:

“Biz Gürcüstanla Azərbaycan arasında strateji münasibətlərin olduğunu, həm qaz, həm qara yolu, həm neft, həm də dəmir yolu sahəsində əməkdaşlığın çox geniş məna daşıdığını bilirik. Ona görə də bizim üçün bu münasibətlər mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, həm də Gürcüstanda keçirilən çox gərgin seçkilərdən sonra Baş nazir İrakli Kobaxidzenin COP29 tədbirində iştirakı da, mənə elə gəlir ki, gələcək əməkdaşlıq üçün yaxşı bir zəmin formalaşdırdı. Çünki bu dönəmdə Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri, hesab edirəm ki, önəmli və bizim üçün çox lazımlı idi”.

Rafi Müslümov

Seçilən
10
yenicag.az

1Mənbələr