Bunu politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a açıqlamasında Gürcüstanda hazırkı siyasi prosesləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, Qərb Gürcüstanı itirmək üzrədir:
“Ona görə də ABŞ və Avropa ölkələri Gürcüstanda qrant agenturasını hərəkətə gətirməyə çalışır. Qərbdəki siyasi dairələr tam dəqiqliyi ilə bilirlər ki, Bayden administrasiyasından sonra Gürcüstanda hakimiyyət dəyişiklikliyi etmək çox çətin olacaq. Tramp administrasiyasının Cənubi Qafqazda ABŞ-nin eyni siyasi kursunu yürütməyəcəyi indidən bilinir.
Ümumiyyətlə, Qərbdəki müəyyən siyasi dairələr Gürcüstanda hakimiyyətin dəyişdirilməsi yönündə tələsik mövqe tutublar.
Çalışırlar ki, Donald Tramp öz səlahiyyətlərinin icrasına başlayana qədər öz niyyətlərini reallaşdırsınlar.
İndiki hakimiyyəti devirib Fransanın agenti olan Salome Zurabişvilinin başçılığı altında Qərbə bağlı hökumət formallaşdırmaq məqsədi güdürlər. Salome Zurabişvilinin səlahiyyət müddəti bir ay ərzində bitir. Onun siyasi elitada təmsil olunmaması Qərbin Gürcüstanda işini daha da çətinləşdirəcək.
Bu səbəbdən Qərbdəki bəzi dairələr Gürcüstanda hazırkı iqtidarı devirmək üçün tez-tələsik hərəkətə keçiblər. Hesab edirəm ki, Qərbin Gürcüstanda çevriliş cəhdləri baş tutmayacaq”.