"Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının mühüm sahəsiri, ÜDM artımına təkan verir, kəndlərin dolanışıq vasitələrini dəstəkləyir və milli ərzaq təhlükəsizliyini qoruyur".
1news.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 Prezidentliyinin mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, son onillikdə Azərbaycan kənd təsərrüfatı sektorunun modernləşdirilməsi, texnologiyaya sərmayə qoyuluşu, davamlı təcrübələrin təşviqi və yüksək dəyərli məhsullara diqqət yetirməklə istehsalın şaxələndirilməsi sahəsində böyük nailiyyətlər əldə edib.
"Azərbaycanda qadın fermerlərin sayının artması müşahidə olunur. Gənclərin cəlb olunması, insan resursları imkanlarının gücləndirilməsi, tədqiqatların və innovasiyaların inkişaf etdirilməsi, su idarəetmə sistemlərinin təkmilləşdirilməsi və davamlı təcrübələri təşviq etmək üçün yaşıl subsidiya proqramlarının həyata keçirilməsi strategiyamızın əsasını təşkil edir” - deyə nazir bildirib.