AZ

Azərbaycan 2030-cu ilə doğru sürətli templərlə irəliləyən çox az ölkələrdən biridir

Hazırda Azərbaycan çox az ölkələrdəndir ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı artıq bir neçə könüllü hesabat təqdim edib və 2030-cu ilə doğru ən sürətli templərlə irəliləyir.

Bu sözləri COP29 çərçivəsində Rusiya Federasiyasının milli pavilyonunda AZƏRTAC-a müsahibəsində Rusiya Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkili Boris Titov deyib.

“Ancaq təbii ki, bu gün bir çox başqa ölkələr haqqında eyni sözləri ümumiyyətlə demək mümkün deyil. Məsələn, ABŞ heç bir hesabat təqdim etməyib. Azərbaycana baxın. Mən ölkəni çox gəzirəm. Bu gün gözümüzün qarşısında dəyişən gözəl bir məmləkət var.

Bu, Azərbaycanın davamlı inkişaf məqsədinə nail olmaqda liderlərdən biri olmasının göstəricisidir. Gələcəkdə Azərbaycan, həmçinin bərpaolunan enerji ixrac edən ölkəyə çevrilməyi planlaşdırır.

Hələlik Azərbaycan yəqin ki, bu məsələdə o qədər də ön sıralarda deyil, amma çox işlər görülür. Bu gün həm günəş, həm də külək istehsalı inkişaf edir. Mən isə Azərbaycanın zəngin olduğu əsas yanacaq növlərini, ilk növbədə, qaz və nefti arxa plana atmazdım”, -deyə o qeyd edib.

COP29 ilə bağlı təəssüratlarını bölüşən B.Titov deyib: “COP29-dan təəssürat çox yaxşıdır, çünki bu, nəhəng hadisədir - bölmələr, yüzlərlə pavilyon deməkdir. Eyni zamanda, bütün ölkə nümayəndəliklərinin yerləşdiyi qərar qəbuletmə mərkəzinin özündə də iş gedir. COP29 məkanında gəzdiyiniz zaman, sadəcə olaraq, minlərlə insanla rastlaşırsınız, Moskva metrosunu xatırladan hərəkət edən dalğanı görürsünüz. Təbii ki, bütün bunları, bu prosesləri təşkil etmək çox çətin işdir. Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi yüksək tərifə layiqdir, çünki sizin bunu istəməyiniz kifayət deyil, həm də iş görməyi ciddi şəkildə bacarmalısınız.

Əgər biz COP29-da vəzifələrimizdən danışırıqsa, o zaman mən Prezidenti davamlı inkişaf məsələləri, dayanıqlı inkişaf məqsədləri üzrə təmsil edən şəxs kimi deyə bilərəm ki, 2030-cu ildə biz onların icrası ilə bağlı BMT-nin nəticələrinə yekun vuracağıq. Aydındır ki, hər şey qaydasında deyil, yəni bu gün qarşıya qoyulan məqsədlərin 39 faizindən çoxu nəinki yerinə yetirilmir, əksinə, geri qalır, vəziyyət 2015-ci ildəkindən də pis olub.

Ona görə də bu gün biz düzgün yol axtarırıq, dostlar tapmağa çalışırıq. Başa düşürük ki, bu məsələləri bütün BMT ölkələri səviyyəsində həll etmək çətindir. Bundan əlavə, Qərblə Qlobal Cənub arasında ciddi fərqlər var. Təbii ki, bu gün Rusiya ilə əlaqələr də əvvəlki kimi qurulmayıb.

ŞƏT-də biz bir-birimizi daha yaxşı başa düşürük, ona görə də nümayəndə heyətləri ilə görüşürük. Orada biz artıq ŞƏT-də elan olunmuş Davamlı İnkişaf İli çərçivəsində işləyəcək davamlı inkişaf üzrə müvafiq şuranın yaradılmasını təklif edirik.

Bundan əlavə, karbon bazarı məsələləri də nəzərdən keçiriləcək. Azərbaycan Paris Sazişinin 6.4-cü maddəsinə əsasən iki sənədi təbliğ etməklə böyük iş görüb.

Biz bu əsasda ŞƏT daxilində karbon vahidləri üçün belə bir bazar yarada və ya ən azından bu karbon vahidlərinin təkcə bir ölkədə deyil, digər dövlətlərdə də satışı üçün qanunvericiliyi uyğunlaşdıra bilərik. Biz həm ekologiya, həm sosial məsuliyyət, həm də idarəetmə bacarıqları baxımından biznesin sosial və korporativ məsuliyyətinin tələbi haqqında düşünürük. Standartlar eyni olmasa da, oxşar olmalıdır. Biz bu ideyanı qrupumuz daxilində təbliğ edəcəyik”, - deyə B.Titov əlavə edib.

Seçilən
23
xalqqazeti.az

1Mənbələr