AZ

Beynəlxalq hüquq, yoxsa cəngəllik qanunları? – Səxavət Məmməd yazır

Hazırda Rusiyanın dərinliklərinin vurulmasına dair Qərbin Ukraynaya icazə verib-verməməsi əsas gündəm mövzusudur. Rəsmi açıqlamalardan belə məlum olur ki, kollektiv Qərbin vahid qərarı yoxdur. Hər ölkə özü bu yöndə Ukraynaya icazə verir. Məsələ ondadır ki, bu qərarı verən ölkələr Rusiyanın dərinliklərinin vurulmasını beynəlxalq hüquqa zidd olmadığını dilə gətirir. Rusiya isə bunun beynəlxalq hüququn pozulması kimi dəyərləndirir. O Rusiya ki, hər gün Ukraynanın dərinliklərini vurur və iddia edir, beynəlxalq hüquqdan sübutlar gətirərək, haqlı olduğunu bəyan edir.

Görünən odur ki, beynəlxalq hüquq böyük dövlətlərin maraqlarını təmin etmək üçün oyuncaqdır, vasitədir. Ümumiyyətlə, beynəlxalq hüquq qədər elastik, plastik, əyilməyə meylli, dondan-dona girən ikinci bir şey yoxdur. Gücü olan ona söykənərək, ağla gələn və gəlməyən cinayətləri törədə, ədalətsizlik edə bilər. Ədalət rəmzi bir əlində qılınc, bir əlində tərəzi, gözləri bağlı bir qadın – Femida hesab olunur. Reallığa baxdıqda isə Femidanın gözlərinin bağlı olması inandırıcı deyil. Ədalət ilahəsi Femidanın gözləri bağlı olsa belə, altdan baxdığına əminəm. Ona görə də dünyada zəiflər əzilir, gücsüzlər uduzur.

Rusiyanın atəşkəslə, sülhlə bağlı tələbi aydındır: işğal etdiyim yerlər mənə qalacaq. Beynəlxalq hüquqa istinad edərək, bunun mümkünsüz olduğunu deyənlər var və onlar Rusiyanı beynəlxalq hüququ pozmaqda ittiham edirlər. Haqsız da deyillər! Əgər beynəlxalq hüquq hər şeyə belə ədalətli yanaşırsa, elə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Qolan təpələrini İsrail ərazisi kimi tanıyanda Femida xanım hara baxırdı?! “Barmaq edilmiş” tərəzi, qalxmayan qılınc… Əslində, Femidanın əlindəki qılınc hökm vermək üçün yox, kiçik dövlətlərin başındakı “Damokl qılıncı”dır.

Hesab edək ki, Ukrayna Rusiyanın dərinliklərini vurmağa başladı. Yeri gəlmişkən, dərinlik deyəndə, 300 km-ə qədər icazə ala bilib. Bəs bu müharibənin gedişində əsaslı dönüş yarada bilərmi? Qətiyyən düşünmürəm. Müharibənin taleyi sahədə həll oluna bilər. Əgər sənin eşalonlaşdırılmış müdafiə zolağın yoxdursa, hücum edən korpusun arxasında ehtiyat korpus dayanmırsa, şəxsi heyət çatışmazlığın varsa, uğur qazanmağın mümkünsüzdür. Ukraynanın Rusiya dərinliklərini vurması Rusiyanı daha da aqressivləşdirəcək. Üç ilə yaxındır davam edən müharibədə “müharibənin taleyini dəyişəcək” hər bir qərar əks-effekt verib. Bu qərar müharibənin şiddətini bir qədər də artıracaq. Donald Tramp iddia edir ki, müharibəni qısa zamanda bitirəcək. Ancaq bu qərarlar Trampın ayağının altına mina qoymaq kimi bir şeydir. Müdafiə sənayesi kompleksləri üçün Rusiya-Ukrayna müharibəsi əvəzolunmaz bir cənnətdir. Bu şirkətlər və onların arxasında dayanan güclər müqavimət göstərəcək, müharibənin şiddətlənməsi üçün daha çox addım atacaq. Ona görə də müharibənin qısa zamanda bitəcəyi gözlənilən deyil. Bu yalnız bir halda mümkündür ki, ya Rusiyada, ya da Ukraynada siyasi hakimiyyət dəyişsin.

Azərbaycan Ermənistanı, Ermənistan da Azərbaycanı sülh müqaviləsi bağlamamqda ittiham edir. Tərəflər bəzən elə vəziyyət yaradır ki, qısa zamanda sülh müqaviləsinin bağlanacağına hər kəs inanır. Qəflətən, yenidən sıfır nöqtəsinə qayıdılır. Həqiqətən, elə düşünürsünüz ki, sülh müqaviləsinin bağlanmasında yaradılan problemlər Azərbaycan və Ermənistanın başının altından çıxır? Rusiya-Ukrayna müharibəsi bitmədən, Yaxın Şərqdəki müharibə yekunlaşmadan, Çin Tayvan məsələsi həll olmadan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağını qətiyyən gözləmirəm. Çünki bu region potensial müharibə ocağıdır. İranla Rusiyanın arasında yerləşən bu ocağı indiki məqamda söndürməyə qoymazlar. İş o yerə gəlib çatıb ki, Ermənistan da Azərbaycanı konstitusiyaya görə ittiham edir. Düzdür, Azərbaycanda da bəziləri Cümhuriyyətin varisliyi məsələsini aradan qaldırmağı təklif edirdi. Hesab edirəm ki, bu cür təklif qorxaqlıq əlamətidir. Siyasi xəritələr dəyişmədən yeni dünya nizamı yarana bilməz, əksinə, müvəqqəti xarakter alar. Hərbi gücün artırılması, təhlükəsizliklə bağlı atılan addımlar onu deməyə əsas verir ki, rəsmi Bakı, əslində, gələcəkdə olacaqları hesablayır, düşünür. Ona görə də indiki məqamda sülh müqaviləsinin bağlanması və konstitusiyanın dəyişdirilməsi strateji uğur sayıla bilməz. Sülh müqaviləsiz də yanaşı yaşamaq, münasibət qurmaq mümkündür. Ancaq reallıqlar daha böyük oynamağı diktə edir. Qərbi Azərbaycan məsələsinin daim gündəmdə saxlanılması bununla bağlıdır.

Dünyada beynəlxalq hüquq adı altında cəngəllik qanunları keçərlidir. Bu regionda isə təkcə güclü olmaq kifayət etmir, əksinə, ekstra güclü olmağa məcbursan. Yoxsa müstəqilliyin də sual altına düşəcək…

Səxavət Məmməd

Seçilən
13
yenicag.az

1Mənbələr