Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümünü tarixi ədalətin bərpa olunduğu, haqq savaşımızda qələbə qazandığımız – Qarabağ Azərbaycanındır!, Qarabağ Azərbaycandır! NİDA!-sının qoyulduğu tarixi günlər ərəfəsində qeyd edirik. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin daha bir nümayişi oldu. Azərbaycan bütün dünyaya göstərdi ki, onun savaşı haqq savaşıdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində 30 ilin həsrətinə son qoydu, avantürist Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı. Və bu gün ən maraqlı məqam odur ki, Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Və bu tarixin ardınca isə İkinci Qarabağ müharibəsinin şanlı qələbə tarixidir. Bu böyük qələbəni bizə Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti və rəşadətli Ordumuz nəsib etdi. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Prezident İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı. «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”. Bu gün Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yaranması ildönümünü tarixi bir anlarda- Qarabağımızın, Azərbaycanımızın, Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzunu, rəşadətli əsgər və zabitlərimizin Qələbəsi günündə qeyd edirik. Ona görə də deyirik – Yeni Azərbaycan Partiyası, ildönümün mübarək! Qarabağ Azərbaycandır! Gözün aydın, Azərbaycan!
Bəli, tarixi zərurətdən yaranan və 32-ci ildönümü tamam olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə alternativsiz siyasi qüvvə kimi qəbul olunması onun ötən illərdə hər bir fərdin arzu və istəklərinin təminatçısına çevrilməsi ilə şərtlənir. Bu mənada YAP-ın növbəti ildönümü təkcə partiyamızın çoxsaylı üzvləri üçün deyil, ümumilikdə Azərbaycanın hər bir vətəndaşı üçün son dərəcə əlamətdardır. Xalqın taleyində müstəsna rol oynayan, Azərbaycanı xaos və anarxiyadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, bir sözlə, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran bir siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü ölkəmizin hər bir guşəsində təntənəli şəkildə qeyd olunur. Çünki Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı qismində çıxış etmişdir. Azərbaycanın son illərdə keçdiyi mürəkkəb və ziddiyyətli yola nəzər salarkən YAP-ın xalqın və dövlətin taleyində mühüm rol oynayan partiya olduğu bir daha təsdiqini tapır. Ümumiyyətlə, ötən illərin reallıqları «Heydər Əliyev partiyası»nın kifayət qədər mürəkkəb və çətin şəraitdə ictimai zərurətdən yarandığını, xalqın mənafeyi naminə qarşıya qoyduğu hədəflərə doğru inamla irəlilədiyini, bir sözlə, xilaskarlıq və quruculuq missiyasının öhdəsindən əzmlə gəldiyini göstərir.
YAP-a Ulu Öndər Heydər Əliyev kimi dünya şöhrətli LİDERİN Sədrlik etməsi isə partiyanın cəmiyyətdə böyük siyasi nüfuza malik olmasını şərtləndirirdi. Təsadüfi deyildi ki, o illərdə Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin əngəllənməsi üçün Kostitusiyaya yaş senzi ilə bağlı qondarma maddə daxil edilmişdi. 1992-ci ilin aprel ayında xalqın iradəsinin ziddinə qəbul edilmiş bu antidemokratik addıma etiraz olaraq müxtəlif aksiyalar, imzatoplama kampaniyaları keçirilirdi. Ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq 1992-ci il oktyabr ayının 16-da Ulu Öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə müraciət etdilər. Oktyabrın 24-də Ulu Öndərin ziyalıların müraciətinə məktubla verdiyi müsbət cavab Heydər Əliyevin yaranmış vəziyyətdə böyük məsuliyyəti üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Qeyd edək ki, müraciətlər "SƏS" qəzetində dərc olundu. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın xilası naminə YAP-a rəhbərlik etməyə razılıq verməsi onun böyük siyasətə qayıdışının əsasını qoydu. 1992-ci il noyabrın 21-də partiyanın təsis qurultayı keçirildi. AXC hakimiyyətinin ümummilli liderin Bakıya gəlməsinə ciddi maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək təsis konfransını orada keçirməyə nail oldu. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarı, partiyanın proqram və nizamnaməsini qəbul etdi, Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. YAP-ın qısa müddətdə ölkənin siyasi sistemində aparıcı təşkilata çevriləcəyi, onun ətrafında toplaşmış intellektual potensialın xalqımızın ümummilli problemlərinin həllində mühüm faktorlardan biri olacağı aksiom idi. Bir sıra səbəblər bu qənaətə gəlməyə ciddi əsaslar yaradırdı. Çünki YAP-a Heydər Əliyev kimi dünya şöhrətli LİDERİN sədrlik etməsi partiyanın cəmiyyətdə böyük siyasi nüfuza malik olmasını şərtləndirirdi. İkincisi, ölkəmizin böyük nüfuza və hörmətə malik yüksək intellekt sahibləri partiya sıralarında birləşmişdi. Üçüncüsü, partiya Azərbaycanın bütün regionlarını təmsil edən ciddi sosial bazaya əsaslanırdı. Ən nəhayət, Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin ictimai rəydə doğurduğu müsbət reaksiya onun cəmiyyətə təqdim etdiyi ideologiyanın cəlbediciliyində özünü göstərirdi.
YAP bu gün cəmiyyətdə böyük nüfuza malikdir. Partiyanın proqramında irəli sürülmüş əsas vəzifələr - dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi xalqımızı tam qane edir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin ideya bazasına çevrilmişdir. Bütün bunların fonunda YAP-ın 32 ildə ölkənin siyasi sistemində aparıcı təşkilata çevrildiyi, onun malik olduğu potensialın respublikanın problemlərinin həllində mühüm faktorlardan biri kimi çıxış etdiyi təkzibolunmaz həqiqətdir. YAP-a Cənab İlham Əliyev kimi güclü siyasi Liderin rəhbərlik etməsi partiyanın nəinki daxildə, eləcə də respublikamızdan kənarda güclü və nüfuzlu siyasi qüvvə kimi qəbul olunmasını təmin edir və YAP-ın siyasi fəaliyyətinin ictimai rəydə doğurduğu müsbət reaksiya onun cəmiyyətə təqdim etdiyi ideologiyanın cəlbediciliyində özünü göstərir. Partiyanın qarşıya qoyduğu məqsədlər bütün dövrlərdə zamanla səsləşdiyindən, ictimaiyyətin böyük diqqətinə, marağına səbəb olur. Hakim partiya məhz ictimai maraqları mütəşəkkil şəkildə realizə etməklə ölkə vətəndaşlarının siyasi istinadgahına çevrilməyə nail olmuşdur. Ölkənin xüsusən də son illər əldə etdiyi böyük uğurlar YAP kimi nüfuzlu partiyanın hakimiyyət Olimpində qalması və daha da möhkəmlənməsi yolunda bütün siyasi baryerləri aradan qaldırır. 32 il şərəfli yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 850 mindən çox insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü. Onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu, bu partiyanın arzularındakı siyasi təsisat olduğunu fərq etdi. Yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrildi. Bu hadisənin özü Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda, partiyanın yaranmasında ifadə olunan tarixi zərurəti və partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra haqq qazandırmasını əks etdirirdi. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi: dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi. Və bunlar təkcə proqram vəzifələri olaraq kağız üzərində qalmadı. Yeni Azərbaycan Partiyası təmsilçilərindən formalaşmış iqtidar komandası xalqımızın ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək bu gün ölkəmizi tarixinin ən böyük nailiyyətlərinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu vəzifələrin hər biri üzrə möhtəşəm nəticələr qazandı.
Bəli, Yeni Azərbaycan Partiyası 32 il şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə heç bir seçkidə rəqib tanımadı. Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Bu, həm də hər bir vətəndaşın Prezidenti olduğunun göstəricisi, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə xalq-iqtidar birliyini göstəricisidir. Məhz bu gün sevinirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir. Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev martın 5-də partiyanın keçirilən VII qurultayında çıxışı zamanı bir çox məsələlər toxunaraq Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunu bildirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayından üç il ötdüyünü və bu illər ərzində böyük nailiyyətlər və qələbələr əldə olunduğunu deyib: “Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”.
Göründüyü kimi, bu Qələbə həqiqətən də bizim qürur mənbəyimizdir. Bu reallığı Azərbaycan xalqı görür və bəlkə də bu son 32 ildə bu qədər qürurlu olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı, Bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: “Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Prezident İlham Əliyev keçirilən qurultayda da bildirdi ki, Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. “YAP Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi”,-deyən Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlərin önəmli olduğunun söyləyib: “Çünki mən bunu dəfələrlə demişəm və partiya üzvləri bunu yaxşı bilir, gənc nəsil də bilməlidir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində 1982-ci ildə isə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı və insanlar o dövrü xatırlayırlar. Bir də ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır”.
YAP-ın 32 ildəki ən böyük uğurlarından biri partiyanın cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edən ümummilli siyasət yürütməsidir. Ümumiyyətlə, YAP yarandığı gündən sosial ədalət prinsipinə də sadiqlik nümayiş etdirmişdir. Belə ki, cəmiyyətlərdə sosial sabitliyə nail olmaq, humanizm və ədalət prinsiplərini qorumaq dövlətin siyasətinin əsas istiqamətlərindəndir. Bu özünü bütün seçkilərdə də göstərib. Partiya istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində daim öndə olub, tarixə qələbə və zəfərlər partiyası kimi düşüb. Biz növbəti qələbə və zəfərlər yolunda Yeni Azərbaycan Partiyası ətrafında daha da sıx biləşərək, irəliyə doğru inamla addımlayırıq!.Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının dediyi kimi: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq”.
Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var”.
Bir sözlə, bu gün Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi unudulmaz töhfələrlə, müstəqilliyimizlə, bu günümüzlə inkişafımızla, xoşbəxt həyatımızla fəxr edir və gələcəyimiz uğurunda düşünürük. Sevinirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir. Hər bir Azərbaycan vətəndaşı Vətənini, xalqını sevən hər bir kəs Yeni Azərbaycan Partiyasını, Ulu Öndər Heydər Əliyevə və böyük rəhbərin sədaqətli davamçısı Prezidentimiz İlham Əliyevlə qürur duymağa haqlıdır. Belə bir gündə uğurlarımızla sevinməyə, öyünməyə dəyər.
Və xalqımız inanır ki, bu gün tarixi qələbəmizi reallaşdıran, bizi qalib xalqa çevirən Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial islahatlar proqramı qarşıdakı dövrdə də əmək, məşğulluq, sosial müdafiə sahələrində yeni mühüm irəliləyişlərə nail olunmasını təmin edəcək, dövlətimizi daha firavan gələcəyə aparacaq.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyinin sədri