AZ

Qəzza düyününün pərdəarxası ÖN PLANA ÇIXIR

İsrail prezidenti İsaak Hersoqun Azərbaycana gəlməməsinin sensasion səbəbi ortaya çıxıb. Məlum olub ki, Türkiyə İsrail Prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoyduğu üçün bu səfər reallaşmayıb. Məlumata görə, İsrail tərəfi problemin həlli üçün Azərbaycana müraciət edib, hətta Prezident Hersoq Azərbaycan lideri İlham Əliyevə zəng də edib. Amma Azərbaycan tərəfinin məsələ ilə bağlı Türkiyə ilə məsləhətləşmə və müzakirələri də nəticə verməyib. Maraqlıdır ki, İsrail prezidentinin Türkiyənin hava sahəsi üzərindən Bakıya uçuşuna icazə verməyən Ankara elə həmin ərəfədə İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) direktoru Ronen Barı qəbul edib. Şin Bet direktoru Türkiyə səfəri zamanı MİT rəhbəri İbrahim Kalınla görüşüb.

“Times of Israel” qəzetinin iddiasına görə, kəşfiyyat şefləri Qəzza zolağında atəşkəslə bağlı danışıqlar aparıb və Ankaranın yəhudi girovların azad edilməsinə köməklik göstərməsi imkanlarını müzakirə olunub.

Sual oluna bilər: Türkiyə İsrail prezidentinin Bakıya uçuşuna razılıq vermədiyi halda özü onun Baş Təhlükəsizlik Xidmətinin direktorunu qəbul etməsi nə dərəcədə doğrudur?

Siyasi şərhçi Heydər Oğuz mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bu iki hadisə arasında hər hansı ziddiyyət görmür. Əksinə, sözügedən iki faktı bir-birinin məntiqi nəticəsi kimi qəbul edir.

oğuz-1.jpg

“Xüsusilə, Şin Bet direktoru Ronen Barın Ankaraya səfəri çərçivəsində Qəzzada qalıcı atəşkəs məsələsinin müzakirə olunması təsadüfi sayıla bilməz. Təəccüblü deyil ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan qatıldığı G-20 zirvəsində də İsraili Qəzzada dərhal və daimi atəşkəsə çağırıb. Fikrimcə, bu çağırışın da bəhs etdiyimiz 2 hadisə ilə yaxından əlaqəsi var”.

Siyasi şərhçinin mülahizələrinə görə, Ankara öz ərazi bütövlüyü üçün ciddi təhdid kimi gördüyü Qəzza məsələsində Təl-Əvivə təzyiq göstərməyə və onu kompomisə vadar etməyə çalışır:

“Məhz bu səbəbdən də Təl-əvivə təzyiqlərini getdikcə artırır. İsrail prezidentinin Bakıya uçmasına qoyulan qadağa da bu cür təzyiqlərdən biridir. Məlum olduğu kimi, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bir müddət əvvəl açıq şəkildə Qəzza və Livandan sonra İsrailin əsas hədəflərindən birinin Türkiyə olacağını bildirmişdi. Hətta İsrailin Türkiyəyə hücuma hazırlaşdığını iddia etmişdi. Sözsüz ki, İsrailin Türkiyəyə hücumu deyərkən bizim anladığımız kimi konvensional olaraq hücum nəzərdə tutulmurdu. Zira 20 min kvadrat km. ərazisi və Türkiyə Ordusu ilə müqayisədə xeyli zəif olan İsrailin dünyanın ən güclü silahlı qüvvələrinə məxsus qardaş ölkəyə hücumu inandırıcı deyil. Böyük ehtimalla, burada söhbət İsrailin və ABŞ-ın Şimali Suriya və İraqda mənzillənən PKK separatçılarına verdiyi dəstəkdən gedirdi. Həqiqətən də müstəqil dövlət quruculuğu uğrunda mübarizə aparan kürd separatçılarının dəstəklənməsi Türkiyə üçün ciddi təhdid deməkdir. Fikrimcə, Ankara bu təhdidi ortadan qaldırmaq üçün PKK-nı himayədarlarından uzaqlaşdırıb təcrid vəziyyətinə salmalı, ardınca da keçirəcəyi antiterror əməliyyatları nəticəsində onu zərərsizləşdirməlidir”, - Heydər Oğuz deyib.

Onun fikrincə, İsrailin Türkiyəyə qarşı digər təhdidkar siyasətinin Yunanıstan və Cənubi Kiprlə qurduğu hərbi strateji və iqtisadi müttəfiqlik əlaqələridir:

“2020-ci ilin yanvar ayında İsrail, Yunanıstan və Şimali Kipr arasında bağlanan “Eastmed” (Şərqi Aralıq dənizi) boru kəməri barədə müqavilə Türkiyənin ciddi narazılığına yol açmışdı. Müqaviləyə əsasən, Şərqi Aralıq dənizinin sahillərində çıxarılacaq təbii qaz Kipr üzərindən Yunanıstana, ordan isə İtaliya vasitəsilə Avropaya göndəriləcəkdi. 2000 km. uzunluğunda olan bu kəmər hardasa dənizin 3 km dərinliyindən çəkiləcəkdi. Türkiyənin ərazi sularını nəzərə almayan müqavilə həm qardaş ölkənin təbii sərvətlərinin mənimsənilməsini ön görür, həm də onun Egey və Aralıq dənizlərinə çıxışını əngəlləyirdi. Sözsüz ki, Türkiyə buna laqeyd qala bilməzdi. 2020-ci ildən başlayaraq Yunanıstan, İsrail və Cənubi Kirplə Atrakiyə arasında indiyədək davam edən müzakirələr bitmək bilmir, get-gedə alovlanır. Maraqlıdır ki, bu gərginliyin də Livan və Qəzza zolağı ilə birbaşa əlaqəsi var. Çünki “Eastmed” qaz ehtiyatı Fələstin və Lübhan sahillərində cəmləşib. Və Ankara haqlı olaraq son zamanlar Türkiyəni yanlızlaşdırma siyasətinin başlıca səbəbini bu 3 qonşu dövlətin məkrli niyyətində görür”.

Həmsöhbətimiz hesab edir ki, Türkiyənin İsrail əleyhdarı siyasətinin özünə görə haqlı tərəfləri var:

“Ən azı ona görə ki, İsrailin Şərqi Aralıq dənizinin təbii sərvətlərini tamamilə ələ keçirməsi və onu istismara başlaması nəticə etibarilə Azərbaycanın da enerji strategiyasına ziddir. Çünki “Eastmed” boru kəmərinin çəkilməsi Avropa ölkələrinin qaz təchizatında yeni alternativ yaradır və Azərbaycan öz əhəmiyyətini itirir. Üstəlik, İsrailın Yaxın Şərqdə enerji istehsalçısına çevrilməsi onu ərəb ölkələri ilə də yaxınlaşdırır və bu yaxınlıq onun Azərbaycan neftinə ehtiyacını da aradan qaldırır. Xüsusilə də Fələstin və Livan kimi regional düşmənlərinin ortadan qaldırılması (ki, buna böyük ölçüdə nail olub) İsrailin alternativ təchizatçılar sayılan ərəb ölkələri ilə münasibətlərini gücləndirməsinə şərait yaradır. Başqa sözlə desək, İsrail müvəqqəti “strateji müttəfiq”imizdir, Türk dünyası kimi perspektiv layihələri gözardı etmək olmaz. O başqa məsələdir ki, Türkiyə ilə İsrail arasında ortaq dilin tapılması bizim və regionun digər aktorları üçün də daha yaxşı olardı və bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Hesab edirəm ki, Şin Bet direktoru Ronen Barın Türkiyəyə səfəri və MİT rəhbəri İbrahim Kalınla görüşməsi bu istiqamətdə atılmış mühüm addımlardan biridir”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
5
1
musavat.com

2Mənbələr