AZ

Səttar Möhbalıyev: “Ağdamın azad olunması Azərbaycanın diplomatik uğurlarından biridir”



“1993-cü ildə Ağdam uğrunda gedən döyüşlər 42 gün davam edib. Həmin ilin 23 iyul tarixində rayonun 73 faiz ərazisi işğal olunub. Ağdamın işğal edilmiş ərazisində rayon mərkəzi ilə birgə 90 kənd qalmışdı. İşğal nəticəsində 128 min Ağdam sakini məcburi köçkün həyatını yaşamağa məcbur olub. Rayon uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmışdır. Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən hər kəs, o cümlədən beynəlxalq təşkilatların və xarici ölkələrin təmsilçiləri Ermənistanın işğalı və təcavüzünün nəticələrini öz gözləri ilə görürlər. İkinci Qarabağ müharibəsi başa çatandan sonra keçən müddət ərzində minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri bu dəhşətli faciənin ağır izlərini aşkar şəkildə müşahidə ediblər. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi ağır cinayət əməlləri törədib. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi bu ölkənin əsl niyyətinin hərbi təcavüz və işğal yolu ilə ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. Təsadüfi deyil ki, ərazilər işğaldan azad edildikdən sonra buraya gələn xarici ekspertlər, jurnalistlər Ağdamı “urbisid qurbanı”, “ruhlar şəhəri” və yaxud da “Qafqazın Xirosiması” kimi adlarla adlandırmışdılar.”

Bu sözləri aia.az-a müsahibəsində Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləmişdir.

Həmçinin deputat bütün işğal dövründə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasətinin tətbiq edildiyini vurğulayaraq bunları deyib: “Əslində Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etmişdi. ATƏT-in keçmiş Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 853 saylı qətnamədə də “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilmişdi. Lakin bütün bunlar sadəcə formal xarakter daşıyırdı. Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayınır, qəbul edilmiş qətnamələrin icrasını təmin etməli olan qurum və təşkilatlar isə işğalçı ölkəyə qarşı heç bir tədbir görmürdülər. 28 il ərzində Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirdi. Bütün bu müddət ərzində gedən danışıqlar faktiki olaraq heç bir nəticə vermədi. Ölkə Prezidenti cənab İlham Əliyevin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Azərbaycanın Ermənistana qarşı müvafiq sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərinə baxmayaraq rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkmədi. Bütün bu illər ərzində ən çox təəssüf doğuran hallardan biri də bu idi ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.”

Daha sonra S.Möhbalıyev bildirib ki, bu gün Ağdam rayonu da Azərbaycanın işğaldan azad olunmuş bütün digər əraziləri kimi yenidən qurulur və bu bölgəmizə də həyat yenidən qayıdır: “Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq bu hadisədən on gün sonra, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Azərbaycan dövləti tərəfindən bu möhtəşəm tarixin əbədiləşdirilməsi məqsədilə bir çox əhəmiyyətli tədbirlər görülüb. O cümlədən, 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edilib. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Həmçinin möhtərəm dövlət başçımızın 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub. 2021-ci il 28 may tarixində Azərbaycan ictimaiyyətinə Ağdamın Baş Planı təqdim olunmuşdur. Artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edib və Böyük Qayıdış proqramının icrasına başlanılıb. Cənab Prezident İlham Əliyevin də öz çıxışlarında qeyd etdiyi kimi, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə əksəriyyət insanların həmin torpaqları görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi son dərəcə qürurverici və azərbaycanlıların öz torpaqlarına bağlılığını nümayiş etdirən bir haldır” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.



Seçilən
34
aia.az

1Mənbələr