AZ

Müəllimliyin peşə standartı niyə yoxdur? - Ekspertdən açıqlama

Təhsil müəssisələrində proqramların yenilənməməsi tez-tez gündəmə gələn məsələdir. Elm və Təhsil naziri Emin Əmrullayev də bu yaxınlarda jurnalistlərə açıqlamasında bildirdi ki, ali təhsil müəssisələrində keçirilməsinə ehtiyac olmayan fənlər var. Eyni zamanda bir çox mütəxəssislər ali məktəblərdə yeni və hazırda təlabat olan ixtisasların tədrisini vacib sayırlar.

Mövzu ilə bağlı Bakupost.az - a danışan təhsil eksperti Elşad Qafarov bildirib ki, təhsil qəbul edilmiş dövlət standartları, eləcə də müvafiq peşələrin peşə standartları əsasında həyata keçirilir:

“İstər peşə, istər orta, istərsə də ali təhsil müvafiq ixtisaslar üzrə həmin pillənin dövlət standartlarına uyğun olaraq kadr hazırlığı aparılmalıdır. Orada tətbiq olunan kurikulumlar, fənlər, öyrədilən bilik və bacarıqlar bu prinsipə əsaslanmalıdır”.
Ekspert qeyd edib ki, ölkədə ixtisasların böyük bir hissəsinin peşə standartı yoxdur:

“Bəs bu kurikulumlar, fənlər oraya hansı parametrlərə görə daxil edilib? Bu, məlum deyil. Nümunə üçün deyim ki, ölkədə ən çox işçi olan sahə təhsil sahəsidir. Təkcə ümumtəhsil sektorunda 151 000 müəllim çalışır. Onların 137 000-i daimi əsaslarla, qalan 14 000-i isə müddətli müqavilələrlə işləyir. Azərbaycanda müəllimlik peşəsinin peşə standartı yoxdur”.

Elşad Qafarov vaxtilə sabiq təhsil naziri Misir Mərdanovun 2011-ci ildə peşə standartlarının hazırlanmasıyla bağlı əmr verdiyini vurğulayıb:

“Daha sonra 2013-cü ildə kadr dəyişikliyi oldu və ondan sonra bu yaddan çıxdı. Çox maraqlıdır ki, bu gün hamı müəllimlikdən danışır, amma müəllimliyin peşə standartı yoxdur. Peşə standartının olmaması da ona gətirib çıxarır ki, bu peşələrə kadr hazırlayanda hansı bilik və bacarıqların tədrisi məsələsi açıq qalır".

Təhsil eksperti bildirib ki, birinci növbədə ölkədə peşə standartları müəyyən olunmalıdır:

“Bu peşə standartlartını Elmə və Təhsil Nazirliyi və həmin peşəyə müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi və s. hazırlamalıdır. Bundan sonra isə həmin peşə üzrə bilik və bacarıqlar öyrədilməlidir. Bizdə peşə standartı yoxdur. Ümumiyyətlə, təhsil sistemi maşınların sürət qutusundakı “xolostoy”daki kimi öz-özünə gedir. Sistem olaraq kadr hazırlığı bu vəziyyətdədir”.

Rəhman Mirzəlizadə, Bakupost
Seçilən
18
1
bakupost.az

2Mənbələr