AZ

Min gündən sonra yanan “yaşıl işıq” - Əli Cabbarov yazır

Əli Cabbarov

***

İnternet və   peyk texnlogiyasına hər kəsin əlinin çatdığı XXI əsrdəki müasir “İran-İrak müharibəsi” 2022-ci ilin 24 fevralından keçən min gündən sonra daha da qanlı ssenarilərlə davam etməklə, bizdən çox da uzaqda olmayan coğrafiyada olduqca təhlükəli hadisələri qızışdırmaqdadır.

Hansı tərəfin torpaq tutması, yaxud torpaq itirməsindən asılı olmayaq bütün müharibələrin son qalibi ədalət, itirəni isə sadə, həyatları məhv olmuş milyonlarla insanlardır. Hələ otuz il əvvəl Qərbin və Rusiyanın dəstəyini  almış Ermənistanın təklənmiş Azərbaycanın torpaqlarını işğal etməsi ilə nəticələnmiş 4 illik I Qarabağ müharibəsinin nəticələrini cəmisi 44 günlük müharibə ilə alt-üst etmiş və iki yüz illik ədalətsizliyə son qoymuş II Qarabağ müharibəsi göstərdi ki, bəli, əgər işğala və ədalətsizliyə məruz qalmış bir ölkə öz dövlətini və ordusunu möhkəmləndirərsə bu, sonunda işğalçının məhv ediləcəyinə aparan ən qısa və ən doğru yoldur.

Cəbhədə isə itkilər çox böyükdür. Min gündən sonra bir tərəfdə milyonlarla ton dəmir qırıntısını və 700 mindən çox əsgərini itirərək İran və Şimali Koreyanın ümidinə qalmış Rusiya, digər bir tərəfdə isə təxminən bu qədər sayda müdafiəçsini və hərbi texnikasını itirmiş, dünyanın ən böyük yük təyyarəsi əfsanəvi “Mriya AN-224”-ü yandırılmış, 5 milyondan çox insanı qaçqın düşmüş, bütün enerji sistemi və mülki infrastrukturu çökmüş Ukraynanın mənzərəsi bu müharibənin sabah tam ədalətlə bitəcəyi təqdirdə belə Rusiyanın Ukraynanı həmişəlik itirməsinə qarşı heç bir əks arqument yeri qoymur. Bu, başqasına ümid edərək müharibə aparan Ukraynanın və kiçik bəhanələrlə insan resurslarını tükətməyə hazır olan Rusiyanın başına gələcək ən böyük faciədir. SSRİ dağılandan sonra nə Rusyia ilə cici-bacı olduqdarı  illər boyu, nə də faktiki müharibə vəziyyətində olduğu 2014-cü ildən bəri milli həmrəyliyini qura bilməmiş Ukraynanın hazırda itirdiyi 125 min kvadrat kilometr ərazisinin geri qaytarılması və 1991-ci il sərhədlərini bərpa etməsi üçün bütün gücünü ortaya qoyduğu bir dövrdə Amerikanın və Fransa liderliyində Avropanın öz hayına qalaraq, verdikləri qərarları nə tam doğrulaması nə də yalanlaması, əslində, yanan alovu daha da qızışdıraraq faktiki olaraq üçüncü dünya müharibəsini başlatması deməkdir.  

Beləliklə, bu günlərdə rəsmi Bakının öndərliyində bütün dünyanın yaşıl dünya naminə həmrəy olduğu bir dövrdə Rusiyaya qarşı uzaqvuran raketlərin istifadəsinə yandırılan “yaşıl işıq” siyasi gündəmi daha da isitməklə onsuz da qlobal istiləşmədən od tutub yanan dünyanın nəfəsini kəsməkdədir. Buna qədər bir növ məhəlli münaqişə kimi dəyərləndirilə bilən Vladimirlə Volodimir arasındakı anlaşmazlığın daha da böyüyərək dünya müharibəsinə çevrilməsinin bu “yaşıl işığa” nə qədər bağlı olacağına yaxın günlərdə şahid olacağıq. Hələlik isə dünya gecələr Ukrayna səmalarının yuxusunu qaçıran “əmmamade” “Shahed”ləri izləməklə  Kurskda indiyə  qədər  görmədiləri sərbəst internetin dadını çıxara Şimali Koreya əsgərlərinin əyləncəsi barədəki xəbərlərdən danışmaqdadır.  

Başladığı vaxt üç  gün içində bitəcəyi deyilən, amma bu keçən min gün içində hər iki tərəfi fiziki və mənəvi olaraq tükətmiş, milyonlarla ailəni başsız qoymuş Rusiya-Ukrayna müharibəsi hər an ətraf dövlətlərə də sıçramaqla böyük təhlükə mənbəyidir. Bizim üçün nə qədər təəssüfverici olsa da yeganə təsəlli, qardaş qırğını deyə biləcəyimiz bu mingünlük müharibənin ölkəmizə hər hansı birbaşa təsirinin olmaması və bu ehtimalın da sıfıra bərabər olmasdır. Dünyada hər cür münaqişə və işğallara yaşıl işıq yandıranların əksinə olaraq dövlət başçımız Prezident cənab İlham Əliyevin qlobal arenada apardığı mükəmməl xarici siyasət nəticəsində ölkəmiz heç bir böyük dövlətin və ya dövlətlərin güdazına getmədən öz doğru yaşıl yolu ilə irəliləyir, Azərbaycanın gücünü daha da artıran dostları ilə dünyaya işıq saçır. Bu, dünyanı aydınladan ən yaşıl işıqdır.

MİA.AZ

Seçilən
28
mia.az

1Mənbələr