AZ

"Dəmir yumrug"un gücü: 10 noyabr Bəyanatı ŞƏRH

2020-ci ilin sentyabrın 27-də işğalçı ölkənin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və Azərbaycanın düşmən üzərində həlledici qələbəsi - Zəfəri ilə başa çatdı. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanması Azərbaycanı dünyada qalib, Ermənistanı isə məğlub dövlət kimi tanıtdı. 44 günlük Vətən müharibəsində dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti, xalq-Prezident-ordu vəhdəti, birliyi Qələbəmizin əldə olunmasında xüsusi rola malikdir. Azərbaycan öz haqlı mübarizəsini və azadlıq savaşını beynəlxalq hüququn normaları çərçivəsində və dünya hərb sənətinin ən müasir üsullarını tətbiq etməklə apardı. Üçtərəfli birgə bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edərək "Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır", - deyə bildirmişdir. Bəyanata əsasən, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunun, 1 dekabr 2020-ci il tarixinədək Laçın rayonunun, 20 noyabr 2020-ci il tarixinədək isə Ağdam rayonunun qaytarılması nəzəzrdə tutulmuşdu. Üçtərəfli Bəyanata əsasən, 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı və Kəlbəcər də işğaldan azad olundu.

Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul edərək kapitulyasiya şərtlərinə razılıq verdi. "Üçtərəfli bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır", - deyə dövlət başçımız bildirmişdir.

Bəyanatın önəmli müddəalarından biri Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təsbit edən bənddir ki, bu, tarixi, siyasi və hüquqi cəhətdən mühüm bir müddəadır. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yolla birləşdirilməsi istiqamətində atılan bu tarixi addım bölgənin gələcək iqtisadi inkişafı baxımından əhəmiyyətlidir. Siyasi, diplomatik səy hesabına əldə edilən bütün bu və ya digər məsələlər Azərbaycanın tarixi qələbəsini şərtləndirirdi. İkinci Vətən müharibəsinin xalqımızın qələbəsi ilə nəticələnməsi nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın tarixində yeni bir mərhələnin başlanğıcı kimi səciyyələnir.

Regionda yeni reallıqlar yaratmış olan Azərbaycan 44 günlük müharibədə dünyaya dostluğun, qardaşlığın, müttəfiqliyin nümunəsini də nümayiş etdirli və qardaş dövlət olan Türkiyə ölkəmizin yanında oldu. 2021-ci il 15 iyun tarixində Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Bəyannaməsi imzalandı. Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə, eləcə də Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanır. Sənəddə qeyd olunduğu kimi, tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycana qarşı olanlara Şuşadan edilən mesajlar iki qardaş ölkənin sarsılmazlığının təzahürüdür. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı ifadələr də öz əksini tapmışdır.

Ölkəmiz tərəfindən beynəlxalq hüququn fundamental prinsipləri əsasında Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün 5 əsas prinsip irəli sürülüb. Azərbaycanın sülh prosesinə başlamaq üçün irəli sürdüyü 5 baza prinsipi dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının beynəlxalq təcrübəsinə əsaslanır. 10 noyabr Bəyanatının imzalanması ilə ölkəmizin əldə etdiyi ən önəmli siyasi uğurlardan biri Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına razılıq əldə olunması və bu məsələ ilə bağlı müvafiq Komissiyaların yaradılması oldu.

Azərbaycan Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirir. Qeyd edək ki, Ermənistan sülh danışıqlarını pozmaq və regionda hərbi gərginliyi artırmaq məqsədi ilə beynəlxalq hüquq normalarını yenidən pozaraq, ötən ilin sentyabrında genişmiqyaslı təxribat törətdilər. Bu, Ermənistanın hazırkı siyasi elitasının 2020-ci il 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirməməkdə, sülh danışıqlarını müxtəlif bəhanələrlə pozmaqda israrlı olduğunu göstərmiş oldu. Ermənistan öz işğalçı siyasətini davam etdirsə də, Ordumuz döyüş meydanında müharibə qanunlarına əməl etməklə, hərb tarixinə daha bir yeni səhifə yazdı. Azərbaycan özünün konstitusion quruluşunu bərpa etdi. Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayaraq, bölgədə məskunlaşmış qeyri-qanuni erməni silahlı birləşmələri zərərsizləşdirildi. Qarabağ bölgəsində 24 saata yaxın vaxt ərzində antiterror tədbirləri həyata keçirdi.

Bütöv və suveren Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra indi də həmin ərazilərdə bərpa və yenidənqurma işlərini həyata keçirir. Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa edir, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşdırır. Regionda yeni reallıqlar yaradan Azərbaycanda tarixi ədalət bərpa olunub və bölgədə sülh və sabitlik üçün geniş imkanlar mövcuddur. Bu, Azərbaycanın gücünün göstəricisidir.

İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilib. Bu prioritetlərə söykənən dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilib. Sözügedən Sənəddə müvafiq olaraq, genişmiqyaslı işlər həyata keçirilir. Böyük Qaydışımız əzəli Qarabağ və Şərqi Zəngəzur torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar və təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur.

Azərbaycanın azad edilmiş ərazilərinin bərpası əsas məsələlərdəndir və bu istiqamətdə tarixi qələbəmizdən sonra azad edilən ərazilərdə bərpa və quruculuq işləri sürətlə aparılır.

Güləddin DADAŞOV,

YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Seçilən
89
31
sesqazeti.az

10Mənbələr