AZ

“Kubinka”da evləri kim yandırır - VİDEO

Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində evlərin qəsdən yandırılması iddiası var.

Bu haqda Musavat.com-a ərazidə yaşayan sakinlər məlumat verib.

Bildiriblər ki, ərazi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tikinti şirkətlərindən birinin sərəncamına verilib. Bu zaman ərazidə sakinlərin özəl mülkiyyətində torpaqların olması nəzərə alınmayıb. Sakinlər ərazidəki yanğında tikinti şirkəti nümayəndələrini suçlu bilirlər.

Ağadadaş Qurbanov küçəsi 23 saylı evdə yaşayan Ramin Ağayev deyir ki, həmin ünvanda yerləşən torpaq sahəsi xüsusi mülkiyyətindədir:

“Vialon” MMC iddia edir ki, Baki şəhər İcra Hakimiyyəti mülkiyyətimdə olan torpaq sahəsini istifadəsinə verib. Bu aşkar olaraq mülkiyyət hüququmuza qəsd cinayətidir. Eldar Əzizov belə bir sənədə imza atmaqla qanunsuzluğa yol verib. Mən xüsusi mülkiyyətimdə olan torpağımı heç kəsə satmıram! Bizlərin ərazidən çıxarılmağımız üçün qanunsuz hərəkətlərə yol verilir. Bakı və Nəsimi İcra Hakimiyyətləri tikinti şirkətinə himayədarlıq edirlər. Ərazini dəmirlə hasırlayıblar. Üstəlik ərazidə tez-tez yanğınlar törədilir. Sonuncu dəfə qonşuda yanğın olanda əraziyə yanğınsöndürənlər 1 saata yaxın düşə bildilər. Çünki hasarlar yanğınsöndürmə briqadasına daxil olan maşınların əraziyə keçməsinə çox ciddi şəkildə əngəl oldu. Buna görə də yanğının qarşısını tez bir zamanda almaq mümkün olmadı. Yanğını söndürərkən xəsarət alanlar oldu. Hesab edirik ki, yanğın qəsdən törədilib! “Vialon” şirkəti ilə Baki İcra Hakimiyyəti bizi öz dədə baba yurdumuzdan sürgün etmək niyyəti güdürlər”.

Vətəndaş Ramin Ağayev deyir ki, səslərinin ölkə rəhbərliyinə çatdırılması üçün COP29 tədbirlərindən sonra aksiya keçirəcəklər:

“22 noyabrda Bakı şəhər İcra Hakimiyyətində olacağıq. Orada Eldar Əzizovdan soruşacağıq ki, xüsusi mülkiyyətdə olan torpaq sahəsini razılığımız olmadan “Vialon” şirkətinə necə istifadəyə verə bilər? “Vialon” şirkəti ərazini qanunsuz olaraq dəmir hasara aldığı zaman icra hakimiyyəti hansi əsaslarla bu qanunsuzluğa razılıq verib? Bir də soruşacağıq ki, bu dəfə hansı ev yanacaq və neçə nəfər yanğından sağ çıxacaq?

Hesab edirik ki, Bakı meri baş verən qanunsuzluqların qarşısını almaq səlahiyyətindədir və bu səlahiyyətindən istifadə etməsini istəyəcəyik”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
31
1
musavat.com

10Mənbələr