AZ

“Kişilikdən danışırsan, pozğun qadını gətirərək öz ailəndə saxlayırsan?” — Bərdədəki cinayətin təfərrüatı

Bərdə rayonunda 1988-ci il təvəllüdlü Daşqın həyat yoldaşının bibisi oğlu Kərimə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-
ın əldə etdiyi məlumata görə, hadisə 11 iyun 2023-cü ildə Bərdə rayonunun kəndlərindən birində baş verib. Daşqın həmin gün gecə saat 1 radələrində kirayə yaşadığı evin həyətində həyat yoldaşının bibisi oğlu Kərim ilə təxminən 2 saat əvvəl aralarında baş vermiş telefon danışığı zamanı sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı əvvəlcədən özü ilə götürdüyü bıçaqla onun qarın nahiyəsinin sağ hissəsinə qəsdən 1 dəfə zərbə vurub.

Hadisəni törədən Daşqının barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Bərdə rayonun kəndində ailə üzvləri ilə birlikdə yaşayıb, evlidir və üç övladı var: “Hazırda anadan gəlmə paralic xəstəliyim var. Rəsmi olaraq heç bir yerdə işləməmişəm. Fəhləlik edərək ailəmi dolandırmışam. Arvadım Zeynəbuin bibisi oğlu Kərim ilə əvvəllər aramızda nifaq və münaqişə olmayıb. Təxminən bir neçə ay əvvəl həyat yoldaşım ilə ailə münaqişəsi zəminində mübahisə etdim. Bunun üçün Zeynəb uşaqlarımız ilə birlikdə Kərimin anası Səlimə ilə Bərdə şəhərində kirayədə yaşamağa başladı. Kərimin kafedə tanış olduğu Aydan adlı qadını arvadım ilə eyni evdə saxladığını öyrəndim. Buna görə Kərim ilə dalaşaraq ailəmi kəndə apardım”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 10-da günorta saatlarında Kərimin anası Səlimə onlara qonaq gəlib: “Anam Sevilin mobil telefonuma atdığı səsi eşitdi. Həmin səsdə anam mənə Səlimənin nə səbəbə serebral iflic olan övladımın təqaüd kartını qaytarmadığını dediyi eşidildi. Həmin səsi də mobil telefonum övladlarımın əlində olarkən Səlimə eşitdi. Həmin gün Səlimə zəng edərək, anamın nə səbəbə elə səs göndərməsini dedi. Səliməyə "mənə niyə deyirsən, özünüz anamla danışın" deyə cavab verdim. Həmin vaxt Səlimənin yanından oğlu Kərimin səsi gəldi. Kərim ünvanıma nalayiq ifadə işlətdi. Mən də ona "sən nətər kişilikdən danışırsan ki, pozğun qadını gətirərək öz ailəndə saxlayırsan?" deyə cavab verdim. Bundan sonra Kərimin ünvanına, Kərim də mənim ünvanıma nalayiq ifadələr işlətdi”. 

Daşqın qeyd edib ki, iyunun 11-də, gecə saat 1 radələrində yaşadığı evdə mətbəxdə bıçaqla iş görərkən qəfildən qapının döyüldüyünü eşidib: “Mətbəxdən əlimdə bıçaq həyətə çıxan zaman oğlum Camalın əlində taxta qapını açmağa çıxdığını gördüm. Oğlum gələnlərin Kərim, anası Səlimə və tanımadığı bir nəfər şəxs olduğunu görərək taxtanı qapının kənarına qoydu. Kərimin anası Səlimə Camalın əlində taxtanı götürərək “dayının üstünə taxta ilə gəlirsən" deyərək oğlumun üz nahiyəsinə şillə ilə vurdu. Bu zaman Səliməyə “nə bilir dayısı gəlir” deyib nəyə görə Camalı vurduğunu bildirdim. Həmin vaxt Kərim ünvanıma nalayiq ifadələr işlədə-işlədə üzərimə gəldi. Kərim məni yumruq və təpiklərlə vurdu. Mən sol əlimdə olan bıçaq ilə Kərimin sol qarın nahiyəsindən bir dəfə bıçaqla vurdum. Kərim bıçaq zərbəsindən sonra kənara çəkildi. Bu zaman arvadım Aydan Kərimə “böyrün qanayıb” deyə qışqırdı. Kərim, Kərimin anası Səlimə və onlarla gələn tanımadığım şəxs getdilər”. 

Daşqın deyib ki, hadisənin baş verməsinin səbəbi hadisədən bir saat əvvəl Kərimin mobil telefonda onu söyməsi olub: “Bıçağı polis əməkdaşlarına təqdim etdim. Hadisə zamanı heç bir xəsarət almamışam. Məhkəmə-tibbi ekspertizasından keçməkdən könüllü imtina etmişəm. Kərimi öldürmək kimi bir məqsədim olmayıb. Kərimi qorxutmaq istəmişəm. Hadisə zamanı ətrafda sadaladığım şəxslərdən başqa heç kim olmayıb”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Kərimin sözlərinə görə, yaşadığı evə daxil olan zaman anasının Daşqınla telefonla mübahisə etdiyini, Daşqının anasına söyüş söyməsini eşidib: “Daşqın anamın ünvanına işlətdiyi söyüşdən qəzəbləndim. Anama təkidlə Daşqıngilə getməli olduğumuzu bildirdim. Daha sonra anam, dostum və mən elefondakı mübahisəni aydınlaşdırmaq üçün birlikdə Daşqının yaşadığı evə getdik. Daşqının yaşadığı evin qapısını döydüm. Qapını Daşqının oğlu və yoldaşı açdı. Mən Daşqını kənara çəkərək anama qarşı işlətdiyi söyüşün səbəbini soruşdum. Daşqın əlləri ilə yaxamdan tutdu. Bu zaman mən başım ilə Daşqının üz nahiyəsinə zərbə vurdum. Həmin vaxt Daşqın mənə bıçaqla xəsarət yetirdi. Üst-başım qan oldu. Daha sonra avtomobilə əyləşərək xəstəxanaya getdik”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Daşqın 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
10
demokrat.az

1Mənbələr