AZ

“Yaşıl rəqəmsal iqtisadiyyata keçid problemləri və həll istiqamətləri” – yeni nəşr

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının qərarı ilə iqtisad elmləri doktoru Əlövsət Əliyevin “Yaşıl rəqəmsal iqtisadiyyata keçid problemləri və həll istiqamətləri” monoqrafiyası nəşr olunub.

TƏHSİL.BİZ xəbər verir ki, monoqrafiyada ölkə iqtisadiyyatının yaşıllaşdırılmasında rəqəmsal texnologiya, innovasiya və transformasiyaların mahiyyəti açıqlanıb, onların geniş tətbiqi problemləri təhlil edilib. Həmin problemlərin həllinə elmi dəstək verilməsi məqsədilə uzun müddət ərzində İnformasiya Texnologiyaları İnstitutunun müvafiq şöbəsində aparılan elmi-tədqiqat işlərinin nəticələri bu monoqrafiyada əks edilib.

Monoqrafiya qlobal və milli səviyyədə yaşıl iqtisadiyyata keçidin formalaşması, bu prosesdə effektivliyin yüksəldilməsi məqsədilə rəqəmsal texnologiyalar, innovasiyalar və transformasiyaların tətbiqi, işlənilməsi problemləri və onların həlli istiqamətlərinin tədqiqinə həsr olunub. Monoqrafiyanın mövzusu həm elmi-nəzəri və sosial-iqtisadi, həm də texniki-texnoloji və regional aspektdən aktualdır.

Tədqiqat zamanı yaşıl rəqəmsal transformasiyanın asanlaşdırılmasında tənzimləmə məsələlərinə, bərpaolunan enerji ilə təminat proseslərində innovasiyalar və onların ağıllı texnologiyalarla inteqrasiyası, rəqəmsal vasitələrin iqtisadi sistem və proseslərdə tətbiqinin nəticələri, elektron tullantıların idarə edilməsi və sirkulyar iqtisadiyyatın formalaşdırılması problemləri, dünyada uğurlu yaşıl rəqəmsal təşəbbüslərin nümunələrinin yayılması və digər problemlər araşdırılıb. Ayrı-ayrı bölmələrdə problemlər müəyyən olunub, onların aradan qaldırılması üçün praktik həllər, mexanizmlər və strategiyalar təklif edilib. Monoqrafiya yaşıl rəqəmsal iqtisadiyyata keçidi idarə etmək istəyən rəhbərlər, menecerlər, biznes liderləri, tədqiqatçılar, alimlər, yaşıl vətəndaş elmi iştirakçıları və fəallar üçün yol xəritəsi rolunu oynayır.

Kitab texnika və iqtisad elmlərinin müvafiq altsahələrində elmi-tədqiqat işləri aparan alimlər, mütəxəssislər, doktorantlar və dissertantlar üçün nəzərdə tutulub. Bu vəsaitdən, həmçinin universitetlərin professor-müəllimləri, tələbələri, habelə yüksəkixtisaslı mütəxəssislər faydalana bilərlər.

 

Seçilən
16
tehsil.biz

1Mənbələr