Avropa Şurası Azərbaycanda milli azlıqların hüquqları ilə bağlı vəziyyəti qiymətləndirən və münaqişədən sonra ilk dəfə olaraq “Dağlıq Qarabağ”a diqqət yetirən yeni hesabat yayıb.
Ermənipərəst Qərb siyasi dairələrinin maraqlarına uyğun şəkildə hazırlanmış sənəd Azərbaycana qarşı böhtanlardan və saxta ittihamlardan ibarətdir. Bu hesabatın nə qədər qeyri-ciddi olduğunu isbat etmək üçün Avropa Şurasının “qiymətləndirməsi”nə nəzər salmaq lazımdır.
Sənəddə qeyd edilir ki, Azərbaycan multikulturalizmə sadiq olduğunu iddia etsə də, söz, sərbəst toplaşmaq və birləşmək azadlıqlarının məhdudlaşdırılması milli azlıqların hüquqlarının həyata keçirilməsinə mane olur. Avropa Şurasının bu iddiası Qərbin növbəti dəfə söz, sərbəst toplaşmaq azadlığı, demokratiya kimi şüarlardan istifadə edərək erməni separatçılarını himayə etmək niyyətindən xəbər verir.
Avropa İttifaqının bu yaxınlarda qəbul etdiyi eyni məzmunlu qətnamənin Avropa Şurasında qəbulu Qərbin məqsədinin demokratiya adı altında Cənubi Qafqazda yeni münaqişə ocaqları yaratmaq, xalqlar arasında sülhə mane olmaq istəyindən xəbər verir.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Qərb Azərbaycana qarşı təzyiqləri davam etdirəcək:
“Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, o cümlədən “Freedom House”, “Human Rights Watch” kimi “müstəqil” beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycana qarşı hər zaman qərəzli mövqe nümayiş etdiriblər. Azərbaycanın antiterror əməliyyatlarından sonra bəlli idi ki, Qarabağ ermənilərinin bölgədən getməsini planlayan Qərbdəki qüvvələrdir. Bu ehtimallar özünü doğrultmağa başlayır.
Qərbdəki müəyyən dairələr məhz Qarabağ erməniləri üzərindən Azərbaycana qarşı təzyiq kampaniyasını gücləndirməyə çalışırlar.
Avropa təsisatlarının bu cür bəyanatlarına bundan sonra da şahidi olacağıq. AŞPA və Avropa Parlamentinin Bakıda keçirilən BMT-nin COP29 tədbiri zamanı bu cür addımlar atması onların Azərbaycana qarşı beynəlxalq təzyiqi gücləndirmək niyyətlərindən xəbər verir”.
Həmsöhbətimiz bildirib ki, buna baxmayaraq, Azərbaycan öz siyasətini davam etdirəcək:
“Ölkəmizdə milli azlıqlarla bağlı problem yoxdur. Azərbaycanda milli azlıqlara tolerant münasibət sərgilənir, multikulturalizm xalqımızın mədəniyyət nümunəsinə çevrilib. Bu məsələdə Azərbaycana ittiham etmək mümkün deyil”.