AZ

Ermənistan müəyyən addımlar atmağa məcbur olacaq — İtkin düşmüş şəxslərin taleyi gündəmdədir

“BMT Baş Assambleyasının 3-cü Komitəsinin Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnaməni yekdilliklə qəbul etməsi ölkəmizin uğurlarından biridir. BMT tribunasında 56 ölkənin qətnaməyə həmmüəllif qismində dəstək olması əhəmiyyət daşıyır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib. O qeyd edib ki, I Qarabağ müharibəsində əsir və itkin düşmüş 4 min azərbaycanlının taleyinə Ermənistan bu günə qədər aydınlıq gətirməyib:

“Ermənistan sülhlə bağlı saxta mesajlar versə də, öz üzərinə düşən öhdəliklərin heç birini bu günə qədər yerinə yetirməyib. Bu da nəticədə iki ölkə arasında münasibətlər sisteminin kökündən korlanmasına səbəb olur. Ermənistanın humanitar hüququ pozaraq Azərbaycan vətəndaşlarına qarşı həyata keçirdiyi soyqırımlar, işkəncə və zorakılıqlar dünya ictimaiyyəti tərəfindən həqiqi qiymətini almayıb təəssüf ki. Bu baxımdan hesab edirəm ki, BMT-nin qətnaməsi bəlkə Ermənistanı müəyyən addımlar atamağa məcbur edər”. 

Ekspertin sözlərinə görə məsələ təkcə qətnamələrin qəbul edilməsində deyil:

“Azərbaycan torpaqları işğal altında olarkən də BMT-nin çıxardığı 4 qətnamə var idi. Amma Ermənistan dövləti uzun illər riyakarlıq edərək həmin qətnamələri yerinə yetirmədi. Son nəticədə sülh yolu ilə torpaqları geri vermədiyi üçün 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. İndiki gündə də görürük ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı Ermənistanın hazırkı hakimiyyəti əvvəlkilərdən fərqli addım atmır. Bu məsələyə aydınlıq gətirilməməsi Azərbaycanla Ermənistan arasında gələcəkdə etimad mühitinin formalaşmasına ən böyük əngəllərdən biridir. Ümid edirik ki, BMT-nin qətnaməsindən sonra müsbətə doğru dəyişiklik olar”.

Qeyd edək ki, BMT Baş Assambleyasının 3-cü Komitəsi Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnaməni yekdilliklə qəbul edib. Qətnamə layihəsinin mətni üzv dövlətlərlə bir ay ərzində aparılan intensiv danışıqlardan sonra razılaşdırılıb. 56 ölkə qətnaməyə həmmüəllif qismində qoşulub.

Törə Zeynallı
Demokrat.az
Seçilən
10
demokrat.az

1Mənbələr