Yay fasiləsi zamanı təmir işləri aparılan meydançada oyun keçirmək üçün komissiyanın “hə” cavabı vacib idi. Hər şey klubun dediyi kimi, tam qaydasındadısa, noyabrın 27-də “Qaradağ Lökbatan”la görüş yenilənmiş stadionda baş tutacaq.
Bəs artıq “İmişli” rəqiblərini doğma meydanda qəbul edə bilərmi?
Sualı PFL-in texniki-idman direktoru Elgiz Abbasova ünvanladıq. Onun “Football-plus.az”a cavabı belə oldu:
“Heydər Əliyev adına İmişlşi şəhər stadionuna Peşəkar Futbol Liqası tərəfindən geniştərkibli baxış həyata keçirilib. Stadionun ot örtüyü futbol oynamaq üçün yaxşı vəziyyətə gətirilib. Buna görə “İmişli” klubuna təşəkkür edirik. Bilirsiz ki, futbol oynamaq üçün təkcə ot örtüyü kifayət etmir. Burda otaqların da daha yaxşı vəziyyətə gətirilməsi lazımdı. Əvvəlcədən olunan qeydlər üzrə müvafiq işlər həyata keçirilməkdədi, hələ də davam edir. İki-üç gün ərzində bu işlərin tam yekunlaşması nəzərdə tutulur. Düşünmürük ki, hansısa qlobal problem ortaya çıxacaq. Çünki bunlar, sadəcə, iş prosesindədi və bir neçeə gün müddət lazımdı ki, problemlər aradan qalxsın. İstənilən halda PFL bunu diqqətdə saxlayacaq. Hansı qlobal məsələ ortaya çıxmasa, “İmişli” növbəti ev oyununu məhz doğma stadionda keçirəcək. Bununla da bərabər əlavə məlumat veriləcək”.
RÖYANƏ OĞUZ