AZ

Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı tərəfdaşlığı üzrə nazirlər görüşü keçirilib

COP29 çərçivəsində Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) tərəfdaşlığı üzrə nazirlər görüşü keçirilib.

“İki sahil” xəbər verir ki, görüşün əsas məqsədi FAST üzvləri və maraqlı tərəflərin aqrar və ərzaq sistemlərinin transformasiyası sahəsində əldə etdiyi təcrübələri paylaşmaq və iqlim maliyyələşdirilməsinin sürətləndirilməsi yollarını müzakirə etmək olub.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin direktoru Kaveh Zahedinin moderatorluğu ilə keçirilən görüşdə xüsusilə həssas qrupların vəziyyətinə diqqət yetirərək, FAST tərəfdaşlığı və Bakı Harmoniya İqlim Təşəbbüsünün potensialı vurğulanıb. Tərəflər əməkdaşlığın gücləndirilməsi və aqrar-qida sistemlərinin iqlim dəyişikliklərinə davamlı şəkildə transformasiyası üçün görülə biləcək işlər barədə fikir mübadiləsi aparıblar.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, FAST vasitəsilə aqrar-qida sistemlərində iqlim həllərinin həm təsirli, həm də inklüziv olmasını təmin etmək üçün vahid yanaşma qurulur: “Məqsədimiz mövcud təşəbbüslər arasında uyğunluğu təşviq edən, aydınlıq yaradan və iqlim təsirlərindən ən həssas olanları dəstəkləmək üçün konkret fəaliyyətə təkan verən yeni əməkdaşlıq yolu yaratmaqdır. Fermerlərimiz, xüsusilə də kiçik təsərrüfatçılar və həssas icmalardan olanlar üçün bu təşəbbüslər dayanıqlılıq, iqtisadi təhlükəsizlik və davamlı inkişaf yollarını təmsil edir”.

Tədbir COP29 Sədrliyi, FAO və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib. Görüşdə beynəlxalq qurumların nümayəndələri, hökumət təmsilçiləri, mütəxəssislər iştirak ediblər.

Seçilən
34
1
ikisahil.az

2Mənbələr