AZ

Hülusi Kılıç: "Jozep Borrel Azərbaycana qarşı təbliğata görə cavab verməlidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa İttifaqı (Aİ) komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrel Belçikanın Brügge şəhərində Avropanı "bağça", dünyanın qalan hissəsini isə "cəngəllik" kimi xarakterizə edib. Borrel həmçinin əsassız ittihamlarla BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə qarşı çıxan şəxslərin başında durub.
Türkiyənin ölkəmizdəki keçmiş səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç mövzu ilə bağlı Oxu.Az-a şərh verib.
Politoloq Aİ-nin həqiqətlərin üzünə deyilməsindən xoşlanmadığını bildirib. O, Borrelin Avropanı "bağça", qalan ölkələri "cəngəllik" kimi qiymətləndirməsini də pisləyib. Hulusi Kılıç bu açıqlama ilə Borrelin dünyanın Aİ xaricində qalan hissəsinə həqarətlə yanaşdığını göstərdiyini vurğulayıb.
"Azərbaycan Prezidenti İlham Əliyev 12 noyabrda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Niderland və Fransanı Karib və Sakit okeandakı dənizaşırı bölgələrdə baş verən ətraf mühit çirklənməsinə görə məsuliyyət daşımaqda ittiham etdi. Prezident, həmçinin, Makron rejiminin Yeni Kaledoniyada kanakların qanuni etirazlarını yatırmaq üçün güc tətbiq etməsi nəticəsində 13 nəfərin öldürüldüyünü, 160 nəfərin yaralandığını, 1700 nəfərin isə həbs edildiyini vurğulayıb. Digər tərəfdən Martinik və Qvadelupa adalarındakı etirazlar zamanı 38 nəfər həbs edilib. Lakin Avropa İttifaqı və onun xarici siyasətinin başında duran Borrel bütün bu baş verənlər qarşısında susub, göz yumub. Prezident İlham Əliyevin haqlı olaraq həmin ölkələrin qanunsuz fəaliyyətlərini üzlərinə vurması, Aİ-nin baş verənlər qarşısında susmasını ikiüzlülük kimi qiymətləndirməsi Borreli narahat edir. Onun Fransa və Niderlandı müdafiə etməsi cinayətə şərik olması deməkdir. Biz Makron və Borrelin COP29-a qatılaraq ada dövlətlərinin problemlərini dinləməsini gözləyirdik. Borrel Aİ-nin xarici siyasətinin başında durur. Tutduqları mövqeyə səbəbindən onlar etdikləri hörmətsizliyə və Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına qatılmamalarına görə açıqlama verməlidirlər. O, COP29-un Azərbaycanda keçirilməsi qərarından sonra Avropada aparılan boykot və qarayaxmaya görə cavab verməlidir", - deyə sabiq səfir vurğulayıb.
Hulusi Kılıç COP29-a qatılmayan və onu əngəlləmək istəyən ölkələrin dünyada iqlim dəyişikliyindən, baş verən təbii fəlakətlərdən məsuliyyət daşıdığını vurğulayıb:
"Yer kürəsi ortaq evimizdir. Dəniz və okeanlarda çirklənmə, qlobal istiləşmə, suyun səviyyəsinin artması, sellər, meşə yanğınları, hava çirklənməsi, qida təhlükəsizliyi bəşəriyyətin gələcəyini təhdid edən ən mühüm problemlərdəndir. Bakıda bu problemlərə həll yolları axtarılır. Jozep Borrel, Makron və COP29-a qatılmayan İsveçrə, Norveç buranın siyasi arena olmadığını bilməlidir. BMT baş katibi, dünyanın 190-dan çox ölkəsindən 75 mindən çox nümayəndəsi buradadır. Mən onu da demək istəyirəm ki, dünyada iqlim çirklənməsi ilə bağlı problemlərin əsas səbəbi inkişaf etmiş ölkələrdəki sənayeləşmədir. Bu səbəbdən onlar bizimlə fikirlərini bölüşməlidirlər. Bura qatılmayan ölkələri günahkar hesab edirəm. Azərbaycan illərdir ki, "Yaşıl Dünya" şüarı ilə minlərlə ağac əkib, meşə sahəsini genişləndirib. Eyni zamanda Azərbaycan kiçik ada dövlətlərinin problemlərini yaxından izləyir. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan bu ölkələrə yardım əlini uzadıb. Bu baxımdan həmin dövlətlərin COP29 gündəmində olması çox önəmlidir. Həmçinin, Azərbaycan iqlim dəyişikliyi məsələsində bu ölkələrə yardım edilməsini gündəmə gətirib və öz üzərinə düşəni edib. COP29 bu günə qədər keçirilən ən səmərəli iqlim konfransıdır. Bu məsələ iştirakçı ölkələr tərəfindən də yüksək qiymətləndirilib. Bütün deyilənlər kontekstində COP29 Konfransının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə gücünü göstərir və mövqeyini möhkəmləndirir", - deyə politoloq sözlərini yekunlaşdırıb.
Söhrab İsmayıl
Seçilən
16
50
oxu.az

10Mənbələr