AZ

"Orta məktəblərdə məntiq dərsi keçirilməlidir" - Ekspertdən TƏKLİF

"Məktəblərimizdə elementar səviyyədə belə olsa, məntiq keçirilsin.Təhsilin səviyyə göstəricilərindən biri də İQ məsələsidir., beyinlər orta məktəbdən məşq etsin, analizi, emalı daha dəqiq aparsın".

Bu fikirləri təhsil tədqiqatçısı Elmin Nuri öz sosial media hesabında qeyd edib. 

Bəs məntiq dərsinin keçirilməməsi şagirdlərdə hansı problemlərə yol aça  bilər?

Bu barədə Elmin Nuri daha ətraflı Redaktor.az-a açıqlamasında danışıb:

"Orta məktəblərdə məntiq dərsinin keçirilməsinin vacibliyi nə bu günün, nə də dünənin işidir. Bu, ümumtəhsil seqmentində uzun illərdir ki, tətbiq olunan və özünün səmərəli effektini verən bir prosesdir. Bu nə mənim şəxsi fikrimdir, nə də hər hansı bir fərdin mülahizəsidir, sadəcə olaraq olması vacib olan bir tendensiyadır".

Mütəxəssis bildirib ki, dünya təhsili artıq uzun illərdir ki, sırf şəxsiyyət yönümlü mexanizmə - yaddaşdan təfəkkürə keçid dövrünü yaşayıb:

"Necə ki, kompüterlərin nəsli var: birinci, ikinci, üçüncü nəsil... Artıq təhsilin də bir nəsli var. Biz təhsilin ikinci nəsil dövrünü yaşayırıq. Birinci nəsil yaddaş idi, ikincisi isə təfəkkürdür. Bəzi ölkələr var ki, hətta üçüncü nəsil təhsil dövrünü yaşayırlar, yəni onlar təfəkkürdən də tədqiqata keçiblər. Biz birinci nəsil təhsildən ikinci nəsil təhsilə uğurlu keçmək və bunun effektivliyini görmək istəyiriksə, məntiq predmetindən mütləq istifadə etməliyik və bu, orta məktəblərdən başlamalıdır. Orta məktəblərdən başlaması elementar məntiq metodlarının, təfəkkür qabiliyyətinin, analiz etmə bacarığının kiçikkən uşaqda formalaşmasına səbəb ola bilər".

E.Nurinin sözlərinə görə, çox insan riyazi məntiqlə yüklənmədən narahatdır:

"Onları haqlı hesab edirəm. Mən özüm də bundan narahatam. Bu gün bəzi özəl məktəblərdə, özəl liseylərdə, həmçinin Elm və Təhsil Nazirliyinin tabeliyində olan lisey-gimnaziyalarda məntiq dərsi keçirilir. Amma məncə, bu, daha çox riyazi məntiqə söykənir, riyaziyyatın alt qolu kimi tədris olunur. Halbuki biz onsuz da riyaziyyatı ayrıca keçirik. Məntiq tək riyaziyyatdan, rəqəmlərdən ibarət deyil, verbal, fiqurlu və mətninin təhlili əsasında qurulan məntiq var. Riyazi məntiq onun sadəcə bir formasıdır. Biz riyazi məntiqi həmişə qabartmaqla  insanları məntiqdən çəkindirdik. Sırf riyazi məntiqi gücləndirməmək və bu predmeti tədris edən müəllimlərin formalaşdırılması şərti ilə məntiqin tədrisinə tələsməliyik".

Sevinc İBRAHİMZADƏ

 

 

Seçilən
29
redaktor.az

1Mənbələr