AZ

Xəzərin suyu azaldı: Bakını bu TƏHLÜKƏ gözləyir

Bir gün öncə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva açıqlama verərək deyib ki, son onilliklərdə Xəzər ciddi ekoloji problemlərlə üzləşib.

“Dənizin səviyyəsi müşahidələr tarixində ən aşağı həddə yaxındır. Ekstremal hava hadisələri, təbii fəlakətlərin tezliyinin artması və biomüxtəliflikdəki dəyişikliklər - bütün bunlar yeni reallıqlara uyğunlaşmaq üçün birgə səylər tələb edir. Son 30 ildə Xəzərin səviyyəsi təxminən 2,5 m azalıb. Son illərdə isə illik azalma həyəcan doğuran 20-30 santimetrə çatıb. Bu sürətli dayazlaşma təcili tədbirlər tələb edən ciddi ekoloji və iqtisadi risklər yaradır”, - U. Tağıyeva bildirib.

Musavat.com xəbər verir ki, Xəzər dənizinin suyunun azalması ilə bağlı ekspertlər uzun illərdir narahatlıqlarını bildirirlər.

Belə ki, dəniz suyunun azalması ciddi ekoloji, iqtisadi və sosial problemlərə səbəb ola bilər. İlk olaraq Xəzər dənizində yaşayan unikal flora və fauna növləri üçün yaşayış mühiti daralar, bəzi növlər isə məhv ola bilər. Məsələn, nərə balıqları və onların istehsal etdiyi qara kürünün azalması ehtimalı yüksəkdir.

Suyun azalması ilə duzluluq səviyyəsi arta bilər, bu da şirin su orqanizmlərinin məhv olmasına səbəb ola bilər. Dəniz suyunun azalması ilə ətraf regionların mikroiqlimi dəyişə bilər. Quraqlıq və səhralaşma prosesləri sürətlənər. Eləcə də balıqçılıq və sənaye zərərləri də burada xüsusi qeyd edilir. Balıq ehtiyatlarının azalması balıqçılıq sənayesinə böyük zərbə vura bilər. Sahil boyu turizm obyektləri və xidmətlərə tələbat azala bilər, iqtisadi fəaliyyət zəifləyər.

Dəniz yolu ilə yük daşımaları çətinləşə və ya mümkünsüz ola bilər, bu da regiondakı ölkələr arasında ticarətə mənfi təsir göstərə bilər. Su mənbələrinin azalması regionda yaşayan əhalinin kütləvi köç etməsinə səbəb ola bilər.

Bəzi mütəxəssislər deyir ki, su ehtiyatlarına və torpaqlara çıxışla bağlı qonşu ölkələr arasında münaqişələr də arta bilər. Münaqişələrə dair bu cür narahatlıqlar xüsusilə Xəzər dənizi və ona qonşu ölkələr arasında su və torpaq resurslarına dair razılaşmaların olmaması səbəbindən sıx səslənir.

ROVSEN.jpg

Ekoloq Rövşən Abbasov mövzu ilə bağlı Musavat.com-a deyib ki, Xəzər suyunun azalması əsasən iqlim dəyişikliyi ilə əlaqədardır:

“Havanın temperaturunun uzun müddət istiləşməsi həm Xəzərə tökülən çayların suyunu azaldıb, həm də Xəzər dənizi səthində buxarlanmanı çoxaldıb. Məhz buna görə də Xəzərdə suyun azalması baş verir. Bu, Azərbaycanın sahil infrastrukturuna ciddi ziyan vurur. Xüsusilə gəmiçilik sektorunda problemlər yaşanır. Balıqların ekomühitinin getdikcə zəifləməsi baş verir. Çünki suyun temperaturunun yüksəlməsi və suyun dayazlaşması oksigen miqdarını azaldır. Bu da balıqçılığa ciddi təsir edir”.

Ekspert bir sıra önləyici tədbirlərin görülməsini vacib sayır. Belə ki, su resurslarının düzgün idarə edilməsi, Xəzər hövzəsi ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, alternativ su mənbələrindən istifadə və ekoloji maarifləndirməyə ehtiyacın olduğunu bildirir. Belə hallar Xəzər hövzəsində yaşayan ölkələr üçün birgə fəaliyyət və tədbir planı tələb edir.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
7
3
musavat.com

4Mənbələr