AZ

Norveç COP29-da iddialı iqlim məqsədləri və maliyyələşdirmə planlarını təqdim edib

Bakı, TurkicWorld

Biz iqlim dəyişikliyi ilə mübarizə üçün bütün istiqamətlərdə daha çox iş görməliyik.

TurkicWorld xəbər verir ki, bunu Norveçin iqlim və ətraf mühit naziri Tore Onşuus Sandvik COP29 sammitində çıxışı zamanı bildirib.

Nazir üç əsas sahəyə diqqət yetirərək, iqlim dəyişikliyi ilə mübarizədə milli töhfələrin (NDC) temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq məqsədinə uyğun olmasının vacibliyini vurğulayıb.

"Hər bir ton əhəmiyyətlidir. Bizə daha dərindən, daha sürətli və dayanıqlı emissiya azaldılması lazımdır", – deyə nazir qeyd edib

T.Sandvik iddialı məqsədlərin əhəmiyyətini vurğulayıb və Norveçin qlobal səylərə bağlılığını təsdiqləyib.

"Bizim yeni milli töhfəmiz İqlim Dəyişiklikləri Qanununda təsbit olunacaq və 2035-ci il üçün məqsədimiz qlobal istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq istiqamətində töhfəmiz olacaq", – o əlavə edib.

T.Sandvik iqlim maliyyələşdirilməsinin vacibliyini qeyd edərək, inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətlərinə daha çox dəstək vermək üçün daha iddialı və əlçatan kollektiv məqsədin müəyyənləşdirilməsini təklif edib.

"Yeni kollektiv iqlim maliyyələşdirilməsi məqsədi iddialı və əlçatan olmalıdır ki, inkişaf etməkdə olan ölkələrdə iqlim təşəbbüslərinin maliyyələşdirilməsini daha da gücləndirsin", – deyə o vurğulayıb.

Nazir bildirib ki, Norveç Paris Sazişinin uzunmüddətli məqsədlərinə çatmaq üçün böyük dəstəklər cəlb etməyə və iqlim həllərinə özəl investisiyaları təşviq etməyə davam edəcək.

"Biz hərəkətə keçməliyik. Biz insan hüquqlarına, gender bərabərliyinə, yerli xalqların hüquqlarına və biliklərinə hörmətlə yanaşaraq, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini həyata keçirməliyik", – deyə nazir vurğulayıb.

T.Sandvik ümid edir ki, COP29 sammiti dünya liderləri üçün mühüm bir siqnal olacaq.

"Bu sammit milyonlarla qərar qəbul edən şəxsə güclü bir siqnal göndərməlidir ki, biz tərəflər olaraq qlobal istiləşməni 1,5 dərəcədən aşağı saxlamaq və iqlim dəyişikliyinə hazır davamlı bir gələcək yaratmaq üçün uğura nail olmaq istiqamətində işləyəcəyik", - deyə o, çıxışını yekunlaşdırıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
18
1
turkic.world

2Mənbələr