Fikrət Cəfərov: "Onlar yaxşı başa düşürlər ki, Tramp onların bütün razılaşmalarının üstündən xətt çəkə bilər"
BMT və Avropa İttifaqı ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın iqlim dəyişmələrinə qarşı məlum münasibətindən ciddi narahatlıqlar keçirir. Çunki dünyanin ən böyük karbon emissiyasına malik ölkəsinin iqlim dəyişmələrinə qarşı mübarizədən çəkilməsi ciddi problemlər doğura bilər.
BMT-nin Baş katibi Antonio Quterreş bazar günü, noyabrın 17-də Brazilyanın paytaxtı Rio-de-Janeyroda toplaşan G20 liderlərini istixana qazı emissiyalarının azaldılması məsələsində “liderlik” nümayiş etdirərək Azərbaycanda eyni vaxtda keçirilən iqlim danışıqlarını dəstəkləməyə çağırıb.
Məlumata görə, noyabrın 18-dən etibarən dünyanın ən böyük iqtisadiyyatlarının sammitinə qatılan Antonio Quterreş Braziliyada keçirdiyi mətbuat konfransında deyib: “COP29-da uğurlu nəticə hələ də əlçatandır, lakin bu, həm də G20 ölkələrindən liderlik və kompromis tələb edəcək”.
Antonio Quterreşin narahatlığı nə ilə bağlıdır və bu çağırış hansısa nəticələrə gətirib çixara bilərmi?
Sualımıza cavabında ekoloq Fikrət Cəfərov bildirdi ki, bu gün COP29-da danışıqlar çox gərgin gedir və Antonio Quterreşin bəyanatı ilk növbədə ABŞ-ın yeni prezidentinin – Donald Trampın seçilməsi ilə bağlıdır: "Tramp dəfələrlə texnogen iqlim dəyişikliyi ilə bağlı çox narahatedici bəyanatlar verib. Buna görə də inkişaf etmiş ölkələrin liderləri (Almaniya, Fransa, Avropa Birliyi) “üzlərini” itirməkdən qorxurlar. Onlar yaxşı başa düşürlər ki, Tramp onların bütün razılaşmalarının üstündən xətt çəkə bilər. Bu gün Çin bundan yaxşı istifadə edir, öz texnologiyalarını və siyasətlərini təbliğ edir, uğurlu performanslarda bulunur
BMT sədri Antonio Quterreşin səsləndirdiyi bəyanat boş və mənasız sözlərdir, bu sadəcə söz olaraq qalacaq. Azərbaycan qlobal problemlərin həlli üçün beynəlxalq ictimaiyyətin birləşməsinə sadiqliyini bir daha nümayiş etdirdi və inkişaf etmiş ölkələrin liderlərinin əsl simasını açıb göstərdi. Azərbaycan artıq mühüm uğurlar əldə edib və bu işdə bundan sonra da çalışacaq. Ona bu çətin işdə uğurlar arzulayıram!"
Xatırladaq ki, 2016-cı ildə Donald Tramp prezident səlahiyyətlərinin icrasına başlayn kimi ilk qərarı ABŞ-nin COP sazişindən çıxmaq barədə oldu. Trampın həmin dönəm prezidentliyi dövründə ABŞ COP sazişi üzrə heç bir öhdəliklərinə əməl etmədi. Bu o vaxt bütün Avropanı şoka saldı. Lakin 2021-ci ildə Co Bayden administrasiyası yenidən Amerikanın COP sazişini bərpa etdi. Hazırda Avropa narahatdir ki, Donald Tramp yenidən həmin addımını təkrarlaya bilər. Lakin COP29-la əlaqədar Bakıda olan bəzi avropalı nümayəndələr deyir ki, Tramp COP prosesindən çıxsa, bu, Aİ üçün sürpriz olmayacaq. Qərb buna rəğmən COP-la bağlı prosesə davam edəcək.
Dəniz NƏSİRLİ