AZ

Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır

"Azərbaycan Macarıstanı Avropa İttifaqında özünün ən yaxın tərəfdaşı hesab edir".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bu yaxınlarda Budapeştə səfəri zamanı "Magyar Nemzet" ("Macar xalqı") qəzetinə müsahibəsində deyib.

Söhbət zamanı Macarıstan-Azərbaycan əməkdaşlığı, Macarıstanın Aİ-yə sədrliyi, eləcə də Bakı ilə İrəvan arasında sülh sazişinin perspektivləri müzakirə olunub.

- "Macarıstan Avropa İttifaqında bizim bir nömrəli tərəfdaşımızdır", - deyə Azərbaycan Prezidenti İlham Əliyev hələ iyun ayında bildirmişdi. Macarıstan-Azərbaycan münasibətlərini necə görürsünüz?

- Düşünürəm ki, hamımız Azərbaycanın Macarıstanı Avropa İttifaqında özünün ən yaxın tərəfdaşı hesab etməsi bəyanatı ilə razıyıq. Bu münasibətlərin artıq otuz ildən çox yaşı var və ölkələrimiz arasında yaxınlığın arxasında bir neçə amil dayanır. Bizi qarşılıqlı hörmət və maraqlara əsaslanan qohumluq və dostluq hissi birləşdirir. Bütün bunlar həm də bizim ikitərəfli münasibətlərimizin niyə bu qədər yaxşı olduğunu izah edir və eyni şeyi Avropa İttifaqı, NATO və Türk Dövlətləri Təşkilatı daxil olmaqla, beynəlxalq əməkdaşlıq çərçivəsində qarşılıqlı anlaşmamız haqqında da demək olar. İldən-ilə əlaqələrimizi genişləndiririk ki, bu da yeni sahələri əhatə edir. Hər şey enerji sahəsində əməkdaşlıqdan başladı, Macarıstan-Azərbaycan əlaqələrinin spektri isə təhsil və parlamentlərarası dialoq da daxil olmaqla, genişlənməyə davam edir. Digər mühüm amil liderlərimiz, Baş nazir Viktor Orban və Prezident İlham Əliyev arasında mükəmməl şəxsi münasibətlərdir. Bu, zamanın sınağından çıxmış dəyərli münasibətlərdir.

- Siz son vaxtlar, xüsusilə sıxlaşan enerji əməkdaşlığını qeyd etdiniz: Azərbaycan qazı Macarıstana daxil olur, MVM qrupu isə Azərbaycanın enerji sistemində ortaq mülkiyyətçi kimi iştirak edir.

- Elədir ki var, Macarıstan-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərindən biri enerjidir. MVM qrupu dünyada ən böyük qaz yataqlarından biri olan "Şahdəniz"də strateji pay əldə edib ki, bu da qarşılıqlı fəaliyyətin miqyasından xəbər verir. Enerjidən danışdıqda gəlin karbohidrogenlərlə məhdudlaşmayaq. Azərbaycan və Macarıstan Rumıniya və Gürcüstanla Qara dənizin dibi ilə elektrik ötürücü xətləri layihəsi üzərində işləyir. Beləliklə, biz təkcə mədən yanacaqları və karbohidrogenləri deyil, həmçinin yaşıl, təmiz enerjini də ixrac etməyə çalışırıq. Layihə ölkələrimizin ənənəvi enerji mənbələrindən bərpaolunan mənbələrə keçid öhdəliyi ilə sıx əlaqəlidir. Azərbaycanın bərpaolunan enerji mənbələri, o cümlədən Günəş, külək və su enerjisi sahəsində çox ciddi potensialı var ki, bu da gələcək əməkdaşlığımız üçün yeni perspektivlər açır. Biz, həmçinin, bərpaolunan enerjinin Avropa bazarına ixracı imkanları üzərində birgə işlədiyimiz Qazaxıstan və Özbəkistanla da müzakirələr aparırıq. Avropadan Bolqarıstan ciddi maraq göstərdi.

- Yazda xarici işlər naziri Peter Siyarto bildirmişdi ki, bir neçə ildən sonra Azərbaycanın bərpaolunan enerjisi Macarıstanın enerji balansının bir hissəsinə çevriləcək. COP29 iqlim sammiti bu həftə Bakıda öz işinə başlayıb. Azərbaycan iqlim dəyişikliyi probleminin həllinə necə töhfə verə bilər?

- Azərbaycan BMT-nin ən böyük tədbirinə - noyabrın 11-dən 22-dək təxminən iki həftə davam edəcək Qlobal İqlim Sammitinə ev sahibliyi edir. Məqsədimiz uzun illər əvvəl başlayan danışıqları davam etdirmək, müxtəlif ölkələrdən olan qruplar arasında fikir ayrılıqlarını aradan qaldırmaq və iqlim dəyişikliyinin yaratdığı fəsadların öhdəsindən gəlmək üçün inkişaf etməkdə olan ölkələrə veriləcək yardımın məbləği barədə razılığa gəlməkdir. Bu rol Azərbaycan üçün xüsusilə vacibdir, çünki ölkə ənənəvi olaraq mədən yanacağı istehsalçısı və ixracatçısı kimi tanınır, lakin hökumət qlobal iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfənin vacibliyini tam şəkildə dərk edir.

- Avropa mövzusunda qalaq: Macarıstanın Aİ-yə növbəti sədrliyi Azərbaycanı Avropa regionuna yaxınlaşdırıbmı?

- Biz Macarıstanın Avropa İttifaqına sədrliyini yüksək qiymətləndiririk. Macarıstan Azərbaycanın Aİ-də ən yaxın tərəfdaşlarından biridir, Aİ isə ölkəmizin strateji tərəfdaşıdır və təbii ki, məqsədimiz Macarıstanın sədrlik etdiyi Aİ ilə əlaqələrimizi daha da inkişaf etdirmək idi. 2022-ci ildə biz Avropa Komissiyası ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzaladıq ki, buna hər iki tərəf əməl edir və Azərbaycanın təbii qaz idxalının artırılmasını nəzərdə tutur. Bu, yalnız bir istiqamətdir, lakin biz digər sahələrdə də Aİ ilə əlaqələrimizi şaxələndirməyə çalışırıq. Coğrafi baxımdan bizim yerləşdiyimiz mövqe çox stratejidir, Cənubi Qafqaz - əsas elementdir, Asiyanı Avropa ilə birləşdirən dəhlizin qovşağıdır. Orta Dəhliz - Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Çindən Avropaya gedən yoldur. Beləliklə, bəli, Macarıstan-Azərbaycan arasındakı sıx münasibətlər vasitəsilə biz çalışırıq ki, Azərbaycanın səsi Aİ-də, xüsusən də bütün Cənubi Qafqaz regionunda gedən proseslərlə bağlı daha yaxşı eşidilsin. Biz, həmçinin, Macarıstanın regionumuzda sabitliyi möhkəmləndirmək və sülhü dəstəkləmək səylərini alqışlayırıq. Fürsətdən istifadə edərək, icazə verin Macarıstanı çox böyük beynəlxalq tədbirə - Avropa Siyasi Birliyinin sammitinə uğurla ev sahibliyi etməsi münasibətilə təbrik edim.

- Doğrudanmı Budapeştə qırxdan çox ölkənin prezidentləri və baş nazirləri gəliblər? Halbuki, bundan əvvəl Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) sammiti keçirilmişdi. İyulda Prezident İlham Əliyev TDT-nin beynəlxalq qüvvəyə çevrilməsinin zəruriliyindən danışmışdı. Bu təşkilatın təsirini artırmaq üçün hansı planlarınız var?

- Yarandığı gündən təşkilat gözümüzün qarşısında mühüm beynəlxalq oyunçuya çevrilir. İlham Əliyev bu ilin əvvəlində keçirilən prezident seçkisində yenidən dövlət başçısı seçildi və andiçmə mərasimindəki çıxışında bildirdi ki, Azərbaycan TDT ilə əlaqəli ölkələri öz ailəsi hesab edir. Beləliklə, TDT ölkələri ilə əlaqələr bizim xarici siyasətimizin prioritetini təşkil edir. Biz əminik ki, TDT təkcə iqtisadiyyat, mədəniyyət və dil sahəsində deyil, həm də kommersiya, iqtisadi, nəqliyyat və digər potensialın təşviqində də böyük imkanlara malikdir. Mərkəzi Asiya və Qafqaz Asiya ilə Avropa arasındakı əlaqələrdə iki əsas regiondur. Macarıstan təşkilatda müşahidəçi ölkədir, biz onu böyük gələcəyi olan böyük bir ailənin bir hissəsi hesab edirik.

- Avqust ayında Azərbaycan BRICS ölkələri qrupuna daxil olduğunu elan etdi. Sizin fikrinizcə, üzvlük Azərbaycanla Qərb arasındakı münasibətlərə necə təsir edə bilər?

Seçilən
30
1
publika.az

2Mənbələr