AZ

Psixoloq, kardiloq, neyrocərrah – Sabaha təcili həkim tapın!

Daha bir xəstəliklə üz-üzəyik.

Bu gecə bədənimizin hansı orqanının sıradan çıxacağını dəqiq müəyyənləşdirmək üçün polşalı hakimin final fitini gözləməliyik.

Diaqnoz 90 dəqiqənin gedişatına əsasən qoyulacaq. Sinir sıxılması, psixi pozuntu, qıcılolma, ürək ağrısı – Allah ən pisindən qorusun. Ancaq reallıq budur ki, Bakı vaxtı ilə 23:45-dən etibarən Azərbaycan – İsveç qarşılaşmasına baxanlar mütləq sabah həkimə ehtiyac duyacaq.

Bu axşam nə Elvin Cəfərquliyevi görəcəyik, nə də Emin Mahmudovu. Elə ən acınacaqlısı da budur. Biri son illərdə millinin qol silahına çevrilən kapitan, digər Fernando Santuşun gəlişindən sonra özünə mühərrik qoşaraq sol cinahı “şumlayan”.

Emin heç, yenə Elvin olanda adamın başı qarışır. Yığmanın ölü futbolu fonunda, “Qarabağ”ın müdafiəçisi topu qabağına, rəqibləri də arxasınca salıb qaçır. Döyüşür, mübarizə aparır, ötürmə verir, zərbə vurur, axır ki, nəsə etmək istəyir. Olmayan futbola az-çox Cəfərquliyev rəng qatır. Bu gün cəza səbəbindən meydana çıxmayacaq.

Qalacağıq tullanıb-düşməkdən yorulmayan Abbasın, yerində fırlanan Alekseyin, geriyə ötürmə verməkdən usanmayan Coşqunun, meydanda artıq adam kimi görünən Ramilin əlində. Yenə vuracaqlar qabağa, top düşəcək isveçlilərə, onlar hücum quracaq, qapımıza zərbə vurulacaq, az fərqlə yandan keçəcək, Bədavi başını tutub dərindən ah çəkəcək.

Operatorlar da hər dəfə obyektivi Fernando Santuşa tuşlayanda, baş məşqçi hansısa epizodla bağlı ya əl çalacaq, ya da baş barmağını göyə qaldıracaq. Vəssalam.

Və bununla da Millətlət Liqasındakı növbəti biabırçılıq gerçəkləşəcək. Mötəbər turnirlərə ev sahibliyi edərək adı dillərdə gəzən Azərbaycanın milyonlıar xərclənən futbol komandası yarışı 1 xalla başa vuracaq.

Uduzmaqdan başqa əllərindən bir şey də gəlmir ki, heç olmasa 2-ci xala ümid edəsən.

HƏBİB

Seçilən
20
sportinfo.az

1Mənbələr