AZ

Kvant inqilabı: "Nvidia" və "Google" güclərini birləşdirir

ABŞ-ın çip istehsalçısı "Nvidia" yeni nəsil kvant hesablama cihazlarının dizaynını sürətləndirmək üçün "Google Quantum AI" ilə əməkdaşlıq edəcəyini elan edib.  

Valyuta.az "NTV"ə istinadən xəbər verir ki, "Nvidia"nın verdiyi açıqlamada qeyd olunub ki, "Google Quantum AI" kvant prosessorlarının fizikası ilə bağlı simulyasiyalar aparmaq üçün "Nvidia"nın "Eos" superkompüterindən istifadə edəcək. Bu yanaşma kvant hesablama aparatlarının mövcud məhdudiyyətlərinin aradan qaldırılmasına kömək edəcək.  

Məlumata görə, kvant kompüterləri "səs-küy" adlanan əməliyyatların sayı ilə bağlı çətinliklərlə üzləşir. Bu çətinlik kompüterlərin daha uzunmüddətli tapşırıqları effektiv şəkildə yerinə yetirməsinə mane olur. "Google Quantum AI" bu "səs-küy" anlayışını azaltmaq və başa düşmək məqsədilə "Nvidia"nın qabaqcıl texnologiyasından yararlanacaq.  

Açıqlamada vurğulanıb ki, bu simulyasiyalar böyük xərc tələb edir lakin "Google"un "CUDA-Q" platforması vasitəsilə "Nvidia Eos" superkompüterində onları daha aşağı xərcə həyata keçirmək mümkündür. "Google"un "CUDA-Q" platforması və "Nvidia"nın qrafik prosessorları sayəsində bir həftəlik "səs-küylü" simulyasiyalar bir neçə dəqiqə ərzində başa çatdırıla bilər.  

Bildirilib ki, bu simulyasiyalar üçün hazırlanan proqram təminatı "CUDA-Q" platforması vasitəsilə digər mühəndislərin də istifadəsinə veriləcək. Həmçinin bu əməkdaşlığın kvant kompüterlərini gələcəkdə real dünya problemlərini həll etmək üçün daha praktik hala gətirmək məqsədini daşıdığı qeyd edilib.  

Rəhim

Seçilən
10
valyuta.az

1Mənbələr