AZ

Xəzərin suyunun duzsuzlaşdırılması ilə bağlı tender təkliflərinin qiymətləndirilməsi davam edir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi zonada Azərbaycan pavilyonunda "Su Ehtiyatlarının İdarə Olunmasında Dövlət-Özəl Tərəfdaşlıqların Rolu" mövzusunda müzakirə təşkil olunub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov çıxışında bildirib ki, su qıtlığı kənd təsərrüfatı, sağlamlıq və iqtisadi inkişaf kimi sahələrə təsir göstərən mühüm bir problemdir. Qurum rəsmisi Azərbaycanın da digər ölkələr kimi artan tələbat və məhdud resurslar fonunda davamlı su təchizatını təmin etmək üçün çətinliklərlə üzləşdiyinə diqqət çəkib: "Bu problemə perspektiv həllərdən biri Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kontekstində Dövlət-Özəl Tərəfdaşlıqların potensialıdır.

Su qıtlığı qlobal bir problemdir və bir çox ölkəyə təsir edir. İqlim dəyişikliyi ilə əlaqədar temperaturun yüksəlməsi, qeyri-müntəzəm yağıntılar və artan buxarlanma Azərbaycanın su ehtiyatlarını daha da azaldır. Azərbaycan yarımsəhra iqlimində yerləşdiyindən məhdud su resurslarına malikdir və əsasən qonşu ölkələrdən (Gürcüstan, Türkiyə, Ermənistan) gələn Kür və Araz çaylarından asılıdır. Bu, Azərbaycanı suyun keyfiyyəti və axını baxımından həssas edir"deyə Ə.Şirinov qeyd edib.

Azərbaycanda Dövlət-Özəl Tərəfdaşlıqların Su İdarəetməsində Roluna gəlincə, qurum rəsmisi deyib ki, Azərbaycanın su idarəçiliyində dövlət qurumları və özəl şirkətlərin su xidmətlərinin təmini, infrastrukturun yaxşılaşdırılması və davamlı su həllərinin həyata keçirilməsi üçün birgə çalışdığı bir yanaşmadır: "Bu model, qlobal səviyyədə su qıtlığının, köhnəlmiş infrastrukturun və iqlim dəyişikliyinin artırdığı tələbatla daha da aktuallaşıb. Xəzər Dənizinin suyunun Duzsuzlaşdırılması Layihəsi Azərbaycanın su qıtlığı problemini həll etmək məqsədini daşıyan irimiqyaslı təşəbbüsdür. Layihənin əsas məqsədi Xəzər dənizinin duzlu suyunu qabaqcıl duzsuzlaşdırma texnologiyaları vasitəsilə içməli suya çevirməkdir.

2023-cü il 12 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən 3843 nömrəli Fərman imzalanıb. Layihənin illik istehsal gücü 100 milyon m³, müddəti isə 27,5 ildir (2,5 il tikinti, 25 il istismar). Hazırda tender təkliflərinin qiymətləndirilməsi prosesi həyata keçirilir".

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr