AZ

Rusiya rublu çökdü, dollar 100 rublu keçdi – 150 RUBLA ÇATA BİLƏR 

Rusiyada dolların məzənnəsi növbəti psixoloji həddi keçib. 

FED.az xəbər verir ki, qonşu ölkədə dolların məzənnəsi rəsmi olaraq 100 rublu keçib. 

Bu gün Rusiya Bankı (Rusiyanın Mərkəzi Bankı) noyabrın 20-si üçün dolların rəsmi məzənnəsini elan edib. Yeni məzənnəyə əsasən sabah 1 dollar 100,0348 rubla barəbər olacaq. 

Rusiyada avronun da rəsmi məzənnəsi 27 qəpik yüksələrək 105,7 rubl təşkil edib. Çin yuanı isə 13,8 qəpik olacaq. 

Xatırladaq ki, 1 gün əvvəl, yəni noyabrın 19-da Rusiya Bankının rəsmi məzənnələrinə əsasən 1 dollar 99,94 rubl, 1 avro 105,46 rubl, 1 yuan isə 13,7 rubl təşkil etmişdi. Xatırladaq ki, bu ilin ortalarına qədər Rusiyada xarici valyutaların rəsmi məzənnələri Moskva birjasında ticarətin nəticəsinə görə müəyyən olunurdu, amma bu ilin iyunundan sonra ABŞ sanksiyaları səbəbindən Moskva birjasında dollar ticarəti qadağan edilib, ona görə də dollar və digər xarici valyutaların rəsmi məzənnəsini Mərkəzi Bank, yəni Rusiya Bankı müəyyən edir. 

Rusiya rublunun dəyərdən düşməsinin səbəbi Rusiyanın Ukrayna ilə müharibəsində Moskvanın xeyrinə olmayan dəyişikliklərdir. Belə ki, ABŞ və bir sıra Avropa ölkələri Ukraynaya Qərb silahları ilə Rusiyanın dərinliklərinə raket zərbələri endirmək icazəsi veriblər. Bu yenilik Rusiyanın böyük resurslar cəlb etdiyi müharibədə uğur qazanmaq şanslarını azaldır. Nəticədə birjalar bu yeniliyə uyğun reaksiya verirlər. 

Analitiklərin fikrincə, bu da hələ son deyil. «Qızıl sikkə evi» şirkətinin analitiki Dmitri Qolubovski bildirib ki, nə qədər ki, münaqişə davam edir, 2025-ci ildə dolların məzənnəsi 150 rubla yüksələ bilər. 

Bundan əvvəl «Rikom-Trast» investisiya şirkətinin direktoru Dmitri Tselişev bildirmişdi ki, bu ilin sonuna dolların məzənnəsi 100.5 rublşa yüksələcək. 

İqtisadçı Yevgeni Sidorovun fikrincə isə 2025-ci ildə dollar 100 rubldan aşağı olmayacaq. Onun fikrincə, rublun zəifləməsinin səbəbi büdcə xərclərinin artımı, eləcə də Rusiya regionlarının dəstəklənməsi və sosial xərclərin artırılması üçün vəsait tələb olunmasıdır.

Seçilən
58
19
fed.az

10Mənbələr