AZ

“Tərtər işi”nə görə bəraət almış hərbçinin ailəsinə 50 min təzminat verilib

Tərtərdə 2017-ci ilin mayında hərbçilərə qarşı kütləvi işgəncələr nəticəsində həyatını itirən polkovnik-leytenant Saleh Qafarovun ölümünə görə ailəsinə 50 min manat təzminat verilməsi barədə qərar qəbul olunub.

Azpost.info bildirir ki, mərhum polkovnikin xanımı Natəvan Qafarova ailəsinə dəyən mənəvi ziyanın əvəzi olaraq, 1 milyon manat, maddi ziyana görə də 497 min manat kompensasiya tələbiylə iddia qaldırmışdı.

Həyat yoldaşı bildirib ki,  S.Qafarov 22 il orduda qüsursuz xidmət edib. Onu məzuniyyətdə olduğu vaxt – 2017-ci il mayın 4-də gecə saat 11 radələrində Qəbələdəki evindən polislər gəlib aparıb və 10 gün sonra meyiti ailəsinə verilib.

N saylı hərbi hissənin tabor komandiri olmuş S.Qafarov ölsə də, haqqında Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və başqa maddələri əsasında cinayət işi başlanıb. Bir il sonra Hərbi Prokurorluq belə nəticəyə gəlib ki, S.Qafarovun düşmənlə əməkdaşlıq etməsi təsdiqini tapmayıb. Bu üzdən, Hərbi prokurorun müavini Şəfahət İmranovun qərarıyla onun haqqındakı cinayət təqibinə də xitam verilib.

Məhkəməyə cavabdeh qismində cəlb olunan Maliyyə Nazirliyinin nümayəndəsi Aynur Abbasova təzminatın onun təmsil etdiyi qurumdan tələb edilməsiylə razılaşmır. O, məhkəməyə göndərdiyi etiraz məktubunda 2017-ci ilin mayında dövlətin 4 strukturunun Tərtər olayları ilə bağlı birgə bəyanat yaydığını yada salaraq, həmin orqanların da məhkəməyə cəlb edilməsini istəyib.

Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyev N.Qafarovanın iddiasını qismən təmin edib və yalnız mənəvi ziyana görə 50 min manat kompensasiya ödənilməsi haqda qərar çıxarıb. Maddi zərərin ödənilməsi hissəsində isə iddianı təmin etməyib.

Seçilən
28
azpost.info

1Mənbələr