AZ

"Talabat"ın 1,5 milyard dollarlıq IPO-su qısa müddətdə satıldı

"Delivery Hero SE"* şirkətinin Yaxın Şərq bölməsi olan "Talabat"**, Dubayda keçirilən 1,5 milyard dollarlıq ilkin ictimai təklifdə (IPO) səhmlərə abunəliyin açılmasından bir neçə dəqiqə sonra tam satılıb.

Valyuta.Az "Blommberg"ə istinadən xəbər verir ki, "Talabat"ın IPO-su 1,50 dirhəmdən (0,41 dollar) 1,60 dirhəmə qədər qiymət diapazonunda tamamilə əhatə olunub. Ana şirkət ümumi payın 15%-ni, yəni 3,49 milyard səhm təklif edib.  

Ən yüksək qiymət təklifi, "Talabat"ın ümumi dəyərini 10,2 milyard dollar həcmində qiymətləndirir ki, bu, "Delivery Hero"nun 11 milyard dollarlıq bazar kapitalizasiyasından bir qədər aşağıdır. Lakin bəzi proqnozlar bu göstəricidən yüksək idi — IPO-da iştirak edən banklardan biri olan "Emirates NBD", "Talabat"ın dəyərinin 14,4 milyard dollara qədər ola biləcəyini bildirmişdi. Digər tərəfdən, "Bloomberg Intelligence" şirkətin dəyərini 12 milyard dollara yaxın qiymətləndirirdi.  

"Bu, IPO-dan sonrakı qiymət performansını qorumaq istəklərini əks etdirə bilər. "Delivery Hero" burada iki məqsəd güdür: borclarını azaltmaq üçün vəsait toplamaq və bazarın dəyərləndirmə yanaşmasını yenidən nəzərdən keçirməyə məcbur etmək," – deyə "Bryan Garnier" şirkətinin səhmlər üzrə analitiki Klement Jenelot qeyd edib.  

IPO-nun qiymət diapazonu, qeyri-avropalı həmkarları ilə müqayisədə təxminən 40% endirimlə təklif edilib ki, bu da Jenelotun komandasının gözləntilərindən (25%-30%) yüksəkdir. "Talabat"ın səhmlərinin növbəti həftələrdə göstərəcəyi performansın yaxşılaşacağı halda, investorlar və analitiklər "Delivery Hero"nun dəyərləndirmə strategiyasını yenidən nəzərdən keçirməli olacaqlar.  

Almaniyanın "Delivery Hero" şirkətinin səhmləri çərşənbə axşamı günü Almaniyada təxminən 0,5% artım göstərib.  

"Talabat"ın IPO-su, Körfəzdə iki böyük təklifin uğursuz başlanğıclarından sonra baş tutur. Keçən ay Əbu-Dabidə həyata keçirilən 1,7 milyard dollarlıq IPO ilə hiper-market şəbəkəsi "Lulu Retail" və Oman dövlət enerji şirkətinin bir bölməsinin 2 milyard dollarlıq IPO-su gözləntiləri doğrultmamışdı. "Lulu Retail" IPO-nun ilk günündə sabit qalsa da, Oman şirkətinin səhmləri ilkin təklif qiymətindən 8% aşağı bağlanmışdı.  

"Talabat"ın təklifinin yekun qiyməti 29 noyabrda elan ediləcək, səhmlərin ticarətə başlanması isə 10 dekabr tarixində gözlənilir. 

İZAHAT

*"Delivery Hero SE" 2011-ci ildə Almaniyada qurulmuş qlobal çatdırılma xidmətləri şirkətidir. Dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərən şirkət restoran sifarişləri, market məhsulları və digər gündəlik tələbat mallarını istifadəçilərə sürətli şəkildə çatdırır. Şirkət xüsusilə Yaxın Şərq, Asiya və Latın Amerikası bazarlarında geniş miqyasda fəaliyyət göstərir. "Delivery Hero" həmçinin texnoloji həllər və data analitikası ilə müştərilərinə yenilikçi xidmətlər təqdim edir.

**"Talabat" 2004-cü ildə Küveytdə təsis edilmişdir və Yaxın Şərqin ən iri onlayn sifariş və çatdırılma platformalarından biridir. 2015-ci ildə "Delivery Hero SE" tərəfindən satın alınıb və hal-hazırda bu bölgədəki əsas əməliyyat platforması kimi fəaliyyət göstərir. "Talabat" istifadəçilərə restoran yeməkləri, market alış-verişi və digər məhsulları birbaşa evlərinə sifariş etmək imkanı yaradır. Şirkət BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və digər Körfəz ölkələrində geniş müştəri bazasına malikdir. 

Aydın

 

Seçilən
27
valyuta.az

1Mənbələr