AZ

Paris Sazişinin əsas bəndinin bəxti 10 il sonra COP29-da açılır...

Image

Azərbaycanın ev sahibliyi etdiyi COP29-da ən mühüm müzakirə mövzularından biri də Paris İqlm Sazişinin 6-cı maddəsidir və bu da təsadüfi deyil. 6-cı maddə Paris Sazişinin əsas hissəsidir. 

O, tərəflərə öz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrini həyata keçirmək üçün könüllü şəkildə əməkdaşlığa və inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyini səfərbər etməyə imkan verir.

Sözügedən maddə daxilində üç mühüm bənd yer alır və bunlar aşağıdakılardır: Maddə 6.2: Ölkələrə iqlim dəyişikliyinin qarşısının alınması nəticələrini ikitərəfli şəkildə bölüşməyə və onlardan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin bir hissəsi kimi istifadə etməyə imkan verir; Maddə 6.4: Yüksək keyfiyyətli karbon kreditlərinin təsdiqlənməsi, yoxlanılması və buraxılması üçün yeni bir mexanizm yaradır; Maddə 6.8: Ölkələrə karbon bazarlarına etibar etmədən öz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrinə nail olmaq üçün əməkdaşlıq etmək imkanı verir. Paris İqlm Sazişinin imzalanmasından 9 il keçsə də, barəsində bəhs edilən bəndlər üzrə bu vaxta qədər razılıq əldə edilməsi mümkün olmamışdı. Amma COP29-da durum tamamilə dəyişməyə doğru gedir. Artıq  COP29 çərçivəsində iştirakçı tərəflər Paris Sazişinin 6-cı maddəsinin 8-ci paraqrafında istinad olunan qeyri-bazar yanaşmaları çərçivəsində iş proqramına dair qərar qəbul ediblər. 6.8-ci maddə qeyd olunan yanaşmalar vasitəsilə tərəflərə milli iqlim planlarını, o cümlədən mitiqasiya və adaptasiya üzrə planların həyata keçirilməsi və davamlı inkişafın təşviqi imkanı yaradır. Qeyd edildiyi kimi COP29 Sədrliyi Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsini əsas prioritetlərindən biri kimi müəyyən edib. Bu maddə ölkələrin iqlim hədəflərinə çatmaq üçün əməkdaşlıq zamanı etibarlı və şəffaf karbon bazarlarının təmin edilməsini nəzərdə tutur. Həmin maddəyə uyğun bazarlar inkişaf etməkdə olan ölkələrə daha çox investisiya yönəltmək üçün önəmli vasitədir. 6-cı maddənin tam şəkildə tətbiqi ölkələrin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin həyata keçirilməsi üçün sərf etdikləri vəsaiti ildə təxminən 250 milyard ABŞ dolları azalda bilər. Xatırladaq ki, COP29-un ilk günündə - noyabrın 11-də Paris Sazişinin 6.4-cü maddəsinə uyğun olaraq, Tərəflər karbon kreditlərinin yaradılması üzrə standartlar barədə razılığa gəliblər. Bu, beynəlxalq karbon bazarının BMT-nin nəzarəti altında fəaliyyət göstərməsini təmin edəcək. Sözügedən standartlar beynəlxalq karbon bazarının yüksək etibarlılığına və emissiyaların azaldılmasına imkan verəcək. Digər mühüm bir nəticə ondan ibarətdir ki, “Multilateral Development Banks” 2030-cu ilə qədər illik öhdəliklərin məbləğinin 120 milyard dolları olmas ilə bağlı bəyanat qəbul edilib. Bu, əhəmiyyətli irəliləyişdir. Azərbaycanın təşəbbüslərindən biri İqlim Maliyyəsi Fondunun yaradılmasıdır ki, bu da həm ölkələr, həm də şirkətlər və korporasiyalar daxil olmaqla qalıq yanacaq istehsalçılarının vəsaitləri hesabına təmin ediləcək. Bütün bunlar COP29 çərçivəsində mühüm irəliləyişlərin olduğunu nümayiş etdirir.

Ümumilikdə COP29-da 60-a yaxın potensial sənədin qəbul edilməsi gözlənilir. Lakin ən vacibi Yeni Kollektiv Kəmiyyət Hədəfi üzrə razılaşmadır ki, buna da nail olunacağı gözlənilir. Bu sənəd də Paris Sazişinin icrasında müstəsna önəmə malikdir.  Sözügedən məsələ Braziliyanın Rio-de-Janeyro şəhərində 20 ölkədən ibarət G20 qrupunun keçirilən iclasının yekun bəyannaməsində də xüsusi diqqət mərkəzində yer alıb. Burada İyirmilik Qrupu ölkələrinin liderləri Paris Sazişinin effektiv həyata keçirilməsi ilə iqlim dəyişikliyinə qarşı mübarizəyə sadiq olduqlarını bildiriblər və həmçinin qlobal istiləşməni 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaq üçün səy göstərməyə hazır olduqlarını təsdiqləyiblər: “Liderlik rolumuzu dərk edərək, Paris Sazişinin gücləndirilməsi, tam və səmərəli icrası yolu ilə İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının məqsədlərinə nail olmaq üçün güclü öhdəliyimizi bir daha təsdiqləyirik. Biz əsrin ortalarına qədər istixana qazı emissiyalarını və karbon neytrallığını xalis sıfıra çatdırmaq üçün səylərimizi gücləndirəcəyik. Biz iqlim dəyişikliyi ilə bağlı vəziyyətin aktuallığını və ciddiliyini dərk edirik”. Sənəddə vurğulanıb ki, qlobal istiləşmənin məhdudlaşdırılması iqlim dəyişikliyinin risklərini və təsirlərini əhəmiyyətli dərəcədə azaldacaq. Beləliklə, görünən odur ki, COP29 iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmənin vacib olduğunu bütün dünyaya çatdıran platforma olacaq. Birləşmiş Millətlər Təşkilatının  Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Frensis bunlar fonunda qeyd edir: “Mən Azərbaycan hökumətini COP29 konfransının yüksək səviyyədə təşkil etdiyinə görə təbrik edirəm. COP29 məkanı mənə xoş təəssürat bağışladı. Eyni zamanda, iqlim maliyyəsi və strateji hədəflərə nail olmaq baxımından COP29 konfransının səmərəli keçməsi istiqamətində Azərbaycan tərəfindən böyük səylər göstərilib”. O, COP29 konfransından gözləntilərin yüksək olduğunu vurğulayıb: "Azərbaycan iqlim maliyyəsi təşəbbüslərini irəli sürmək üçün möhkəm zəmin yaradıb. İkinci xoşagələn məqam isə özəl sektorunun bu prosesdə yaxından iştirakıdır ki, bu da olduqca zəruridir”.

Ramil QULİYEV





Seçilən
83
50
baki-xeber.com

10Mənbələr