AZ

COP29-un Yeni Kollektiv Kəmiyyət Hədəfi dünya fikrində oturuşdu- qalır tək saziş...

Image

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsinin, burada aparılan müzakirələrin, əldə olunan razılaşmaların tarixi xarakter daşıması artıq bütün dünyada qəbul edilir. 

Avstriyanın iqlimin mühafizəsi, ətraf mühit, enerji, innovasiya və texnologiyalar naziri Leonora Gevessler COP29 çərçivəsində yüksək səviyyəli iclasda bu fonda bildirir: “Beynəlxalq ictimaiyyət planetin gələcəyi ilə bağlı mühüm qərarlar qəbul etmək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında kritik bir məqamda toplaşıb”.

Onun sözlərinə görə, iqlim mübarizəsi təcili və inklüziv tədbirlər tələb edir. L.Gevessler vurğulayıb ki, iqlim maliyyəsinin Yeni Kollektiv Kəmiyyət Hədəfi Bakıda COP29-da həll edilməli olan məsələlər paketinin mərkəzi hissəsidir. İqlim maliyyəsinin məqsədi inkişaf etməkdə olan ölkələrə transformasiya və iqlim dəyişikliyinin məhvedici nəticələri ilə mübarizədə dəstək verməkdir. Norveçin beynəlxalq inkişaf naziri Anne Beate Tvinreymin isə qeyd edir ki, ölkəsi, eləcə də beynəlxalq ictimaiyyət Bakıda iqlim maliyyəsi üzrə razılığın əldə olunacağına çox inanır və buna ümid edir: “Biz onu da bilirik ki, inkişaf etməkdə olan bir çox ölkənin iqlim maliyyəsinin məbləği ilə bağlı tələbləri çox yüksəkdir. Norveç və mən əminəm ki, bir çox ölkə yekun sənədin imzalanması üçün səylərini davam etdirəcək. Çünki biz bu məqamın çox həlledici və önəmli olduğunu başa düşürük. Mən hesab edirəm ki, iqlim maliyyəsi ətrafında müzakirələr çox vacibdir. Biz onun təmin edilməsi üçün özəl sektorun dəstəyindən yararlanmaq və əmin olmaq istəyirik ki, əksər ölkə iqlim maliyyələşməsinin ayrılması üçün təşəbbüskarlıq nümayiş etdirəcək”. Qeyd edilənlər fonunda Böyük Britaniya Qreşem Kollecinin professoru Avinaş Persaud olduqca maraqlı bir açıqlama verib. O bildirir ki, iqlim dəyişikliyi ilə mübarizə üçün inkişaf etməkdə olan ölkələrin illik maliyyə ehtiyacının 2,4 trilyon dollar olduğu təxmin edilir. Bu vəsaitin ən azı 1 trilyon dolları beynəlxalq maliyyə mənbələrindən təmin edilməlidir: “Bu məbləğin əsas hissəsi dövlət maliyyəsi və çoxtərəfli inkişaf banklarının güzəştli kreditləri vasitəsilə təmin olunmalıdır. Əgər COP29-da ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul edilməzsə, milli səviyyədə müəyyən edilmiş öhdəliklər də kifayət qədər ambisiyalı olmayacaq və bu, ümumi sistemin pozulmasına gətirib çıxara bilər. Buna görə də uğurlu iqlim maliyyələşməsi üçün inkişaf etmiş ölkələrdən dövlət maliyyəsi üzrə öhdəliklərin ən azı üç dəfə artırılması tələb olunur. Bu məqsədlə G20 ölkələrinin siyasi liderliyi və çoxtərəfli inkişaf banklarının maliyyə dəstəyi vacibdir”.

Ümumiyyətlə, COP29 göstərir ki, ədalətli və ambisiyalı yeni iqlim maliyyəsini razılaşdırmaq üçün aparılan danışıqlar mühüm və yekun mərhələyə daxil olur. Bu fonda COP29-da ambisiyalı yeni iqlim maliyyəsi hər bir hökumət üçün əsas hədəf sayılır. Bütün dünya Azərbaycanın sədrliyi ilə keçirilən COP29 tədbirində hökumətlərin qətiyyətli addımlar atmasını istəyir. Azərbaycan dəfələrlə bəyan edib ki, ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılması COP29 Sədrliyinin əsas danışıq predmetidir. Onu da qeyd edək ki, iqlim dəyişmələrinin mənfi fəsadlarının aradan qaldırlması, qabaqlayıcı tədbirlərin görülməsi üçün müvafiq maliyyələşmə mexanizmlərinin işə salınması müstəsna əhəmiyyət kəsb edir. Bu vaxta qədər sözügedən istiqamətdə atılan addımlar, götürülən öhdəliklərin icrası məqbul həddə olmayıb. Elə bu da iqlim böhranının daha da dərinləşməsinə əlverişli zəmin yaradıb. Hazırda proseslərin gedişi onu göstərir ki, iqlim maliyyəsi ilə bağlı bütün məsələlər öz həllini tapmalı, ölkələrin bu xüsusda üzərlərinə götürdükləri öhdəliklər tam həcmdə icra olunmalıdır. Bütün bunlara COP29 çərçivəsində xüsusi diqqət edilməsi, müvafiq qərarların qəbulu üçün Azərbaycan tərəfindən zəruri addımlar atılır. Azərbaycan inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə investisiya yatırmaq məqsədilə İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması təşəbbüsünü irəli sürüb. Belə fondun yaradılması Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü 14 təşəbbüsdən biridir.  Artıq bu fondun yaradılması iqlim böhranın həlli istiqamətində mühüm addım hesab olunur. Proseslər onu göstərir ki, beynəlxalq miqyasda iqlim maliyyəsinin artırılması ilə bağlı fikirlər yekdil xarakter daşıyır. Elə bu fonda COP29-da iqlim maliyyəsi ilə bağlı mühüm qərarların qəbulu gözlənilir. Qeyd olunmalıdır ki, 2017-2021-ci illərdə iqlimin maliyyələşdirilməsinin həcmi orta hesabla ildə cəmi 7 milyard ABŞ dolları təşkil edib. Bu göstərici iqlim dəyişmələrinə qarşı mübarizədə olduqca azdır. Lakin COP29-dan sonra bu göstəricinin bir neçə dəfə artması gözlənilir. Belə maliyyələşmə iqlim dəyişikliyinin həm səbəbləri, həm də nəticələrinin aradan qaldırılmasında mühüm rol oynayır. Təsirlərin azaldılması sahəsində vəsaitlər daha çox bərpa olunan enerjinin inkişafı, enerji səmərəliliyi təşəbbüsləri, istixana qazı emissiyalarını azaldan layihələri dəstəkləmək üçün yönəldilir. Günəş, külək və hidroenergetika texnologiyalarına investisiyalar qalıq yanacaqlardan uzaqlaşmaq üçün vacibdir və iqlim maliyyəsi bu prosesdə önəmli rol oynayır. 

Samirə SƏFƏROVA





Seçilən
18
baki-xeber.com

1Mənbələr