AZ

Ermənistan rəhbərliyi itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı öz məsuliyyətini dərk etməlidir



BMT Baş Assambleyasının 3-cü Komitəsində "İtkin düşmüş şəxslər haqqında" qətnamənin qəbul edilməsi müharibə və münaqişə qurbanlarının, o cümlədən itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsi baxımından bütün dünya birliyi üçün olduqca əhəmiyyətli hadisədir. Yeri gəlmişkən, bu sənəd məhz Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə qəbul olunub.

Onu da qeyd etməliyik ki, Azərbaycanın irəli sürdüyü sözügedən qətnamə layihəsi yekdilliklə, konsensusla qəbul edilib. Bu isə həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir, həm də dünyanın müxtəlif ölkələrinin dini-etnik zəmində münaqişələr və böyük müharibə fəlakətləri ilə üzləşməsi baxımından itkin şəxslər problemini həqiqətən də bütün dünya ictimaiyyəti üçün aktual məsələyə çevirir.

Müharibə və münaqişələrdən əziyyət çəkən, soyqırımlarına məruz qalan xalqların sırasında isə heç şübhəsiz ki, Azərbaycanın adı ilk növbədə qeyd olunmalıdır. Çünki istər son 200 ildə, istərsə də keçmiş SSRİ-nin dağılmasından sonrakı dönəmdə Azərbaycan xalqı çarizmin və bolşevizmin havadarlıq etdiyi erməni-daşnak qatilləri tərəfindən davamlı qətliamlara, terrora, işğalçı zorakılığa, deportasiyalara məruz qalıb.

Birinci Qarabağ müharibəsi dövründə Ermənistanın işğalçı siyasətinin qurbanı olmuş və itkin düşmüş şəxslərin sayı isə ağlasığmaz dərəcədə çox olub. Hal-hazırda 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi naməlum olaraq qalır. Azərbaycan hökumətinin həm Efmənistana, həm də beynəlxalq təşkilatlara dəfələrlə müraciətlərinə baxmayaraq, rəsmi İrəvan sözügedən itkin vətəndaşlarımızın sonrakı taleyi barədə məlumatları hələ də Azərbaycana təqdim etməkdən imtina edir.

Ermənistanın bu cür qeyri-humanist, insanlığa zidd davranışının heç bir məntiqi izahı yoxdur. Görünən budur ki, Ermənistan tərəfi Birinci Qarabağ müharibəsi dönəmində törətdiyi hərbi cinayətləri bu gün də siyasi quldurluq formasında davam etdirir. Ermənistanın həmin məlumatları Azərbaycan tərəfinə təqdim etməkdən yayınmasının başqa bir səbəbi isə ifşa olunmaq qorxusundan qaynaqlanır.

Bəli, Ermənistanın hərbi-siyasi rəhbərliyi itkin düşmüş azərbaycanlılarla bağlı məlumatların üzə çıxarılmasından qorxur. Çünki Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi canilərinin azərbaycanlılara qarşı yol verdikləri vəhşiliklərin üzə çıxması və ictimailəşməsi Paşinyan hökumətinin yaratmağa çalışdığı "sülh göyərçini" obrazının puça çıxmasına və Ermənistanın barbar dövlət kimi bütün dünyada rüsvay olmasına gətirib çıxara bilər. Lakin Paşinyan "sülh"demaqogiyası ilə məşğul olmaq əvəzinə, öz ölkəsinin yaxın keçmişdəki qanlı təcrübəsi ilə üzləşməyi seçməli və itkin düşmüş azərbaycanlılarla bağlı həqiqətləri təqdim etməlidir.

Mina xəritələrini və itkin düşmüş şəxslərlə bağlı məlumatları Azərbaycana təqdim etməkdən yayınan Ermənistan rəhbərliyinin sülhdən danışması əsl riyakarlıqdır. Ancaq "İtkin düşmüş şəxslər haqqında" qətnamənin BMT Baş Assambleyası tərəfindən qəbul edilməsi Ermənistanın bəhanələrinə son qoya bilər. Ermənistan rəhbərliyi itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı öz məsuliyyətini dərk etməlidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Seçilən
37
1
newscenter.az

2Mənbələr