AZ

Ağdam yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, iqtisadiyyatın yüksək inkişaf  etdiyi  rayonlardan birinə çevriləcək  

Bu gün Ağdam Şəhəri Günüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ilin iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda başlatdığı genişmiqyaslı əks-hücum əməliyyatlarına zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edildi. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrildi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı.  Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edildi və həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olaraq orada bayrağımızı ucaltdı. Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında bərpa olunan Ağdam şəhərində 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri davam edir. Hazırda Ağdamda 3 kənddə  - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri və Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, erməni vandallığının qurbanı olmuş Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlət başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.  Cari ilin may ayında Dövlət başçısı cənab İlham Əliyev tərəfindən təməli qoyulan Şotlanlı, Tağıbəyli, Nəmirli və Güllücə kəndlərində də layihələndirmə işlərinə artıq başlanılıb. Tağıbəyli kəndi özündə Tağıbəyli və Suma kəndlərini birləşdirəcək. Tikintinin ilkin mərhələsində burada 78,05 hektar ərazi layihələndiriləcək və 108 fərdi ev tikiləcək. Güllücə kəndi Güllücə və İlxıçılar kəndlərini əhatə edəcək. Burada ilkin mərhələdə 225 hektar ərazi layihələndiriləcək və 113 fərdi ev tikiləcək. Nəmirli kəndi özündə Nəmirli və Şurabad kəndlərini birləşdirəcək. Tikintinin ilkin mərhələsində burada 50,22 hektar ərazi layihələndiriləcək və 179 fərdi ev tikiləcək. Şotlanlı kəndi isə Şotlanlı və Umudlu kəndlərinin ərazisini əhatə edəcək. İlkin mərhələdə 51 hektardan çox ərazi layihələndiriləcək və 205 fərdi evin tikintisi nəzərdə tutulur. Bütün bunlar onu deməyə əsas verir ki, Ağdam yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, iqtisadiyyatın yüksək inkişaf  etdiyi  rayonlardan birinə çevriləcək. Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər - Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri dağıdılıb və ya yerlə-yeksan edilib. 

Arzu DAŞDƏMİROV,
ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, Əməkdar müəllim

Seçilən
33
9
sabahinfo.az

10Mənbələr