AZ

Quterreş Bakıda olarkən ermənilərin “mazolunu bərk sıxıb”...

Image

Bəhruz Quliyev: “Ünvanına çatan mesajlardan narahat olanlar arqument tapa bilmədiklərindən, günahı...”

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının Azərbaycanda keçirilməsindən və burada BMT-nin Baş katibi Antonio Quterreşin və eləcə də başqa rəsmi şəxslərin iştirak etməsi, onların COP29-u Azərbaycanın yüksək səviyyədə təşkil etdiyini xüsusi vurğulaması dünyanın ermənipərəst dairələrini, o cümlədən də Ermənistanı ciddi narahat edir. 

Erməni mediası Azərbaycanla yanaşı BMT-nin Baş katibini də hədəfə alır və onu Azərbaycanı dəstəkləməkdə, tədbirdə ermənilərin guya “etnik təmizləməyə” məruz qaldığı barədə məsələ qaldırmamaqda ittiham edir.

“Ermənistanın səsi” qəzeti yazır ki, Britaniya Hərbi Hava Qüvvələri ekspertlərinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stilə, BMT-nin Baş katibi Antonio Quterreşə, eləcə də sözügedən konvensiyaya qoşulan bütün dövlətlərə ünvanladığı və BMT-nin keçmiş Baş Katibi Pan Gi Munun, BMT-nin iqlim üzrə keçmiş rəhbəri Kristiana Fiqeresin, BMT-nin İnsan Hüquqları üzrə keçmiş Ali Komissarının, İrlandiyanın keçmiş prezidenti Meri Robinsonun və 20-dən çox şəxsin imzaladığı məktuba BMT-nin Baş katribi heç bir əhəmiyyət verməyib. Ermənilər umub-küsürlər ki, niyə Quterreş Bakıda olarkən “etnik təmizləmə” məsələsinə və məlum dairələrin “boykot” qərarına əhəmiyyətsiz bir məsələ kimi yanaşıb və Azərbaycanın ev sahibliyi ilə keçirilən tədbirə dəstək verib.

“Söhbət BMT-nin baş katibi Antonio Quterreşdən gedir, o, konfrans başlamazdan əvvəl və konfrans günlərində səsləndirilən bütün tənqidi bəyanatlara məhəl qoymayıb, baş verən qalmaqal haqqında bir kəlmə də danışmadı. Konfransın yaxşı məqsədləri olduğunu qeyd etdi və həmkarlarının məktubuna belə cavab vermədi”-deyə erməni mediası yazıb. Ermənilər və onların havadarları BMT-nin Baş katibinin çıxışından məyus olublar, Azərbaycana göstərdiyi dəstəyi həzm edə bilmirlər. Erməni yalanlarına dəstək vermədiyi üçün tənqid edilən  Quterreş, əlbəttə, gerçəyi yaxşı görür və Azərbaycanın qərəzli şəkildə tənqid edildiyinin fərqindədir. Bu baxımdan da o, erməniyanlı dairlərin yazdığı məktubları, verdikləri bəyanatların əhəmiyyətsiz olduğunu çox gözəl bilir. 

“Özlərinə çəki-düzən vermək əvəzinə həqiqəti gizlətməyə, BMT Baş katibinin doğru fikirlərini yalanlamağa çalışırlar”

SƏS Media Qrupunun rəhbəri, siyasi analitik Bəhruz Quliyev “Bakı-Xəbər”ə şərhində “Bu gün bütün dünya COP29-dan danışır və inanır ki, tərəflər yekunda iqlim maliyyəsi üzrə razılığa gələ biləcəklər. Məsələnin kökündə duran və COP29-un da əsas məqsədi maliyyənin üzv ölkələr tərəfindən ödənilməsi və problemin həllidir. Qalan məsələlər ikinci dərəcəlidir. Azərbaycan təşkilatçı ölkədir, qonaqların qəbul edilməsi, yerləşdirilməsi, COP29 tədbirlərinin bütün iştirakçılarının rahat şəkildə müzakirələrdə iştirakını təmin etmək ev sahibi olaraq bizim üzərimizə düşür. Bura siyasi məsələlərin müzakirəsi üçün münbit yer deyil, amma tədbiri siyasiləşdirməyə çalışan fərdlər, qruplar, beynəlxalq təşkilatlar və ölkələr də yox deyil”-deyə bildirdi. 

B.Quliyevin sözlərinə görə, Qərb dövlətlərinin təkidi və maliyyə dəstəyi ilə dünyada müstəqil media kimi özünü tanıdan bəzi KİV-lər də canfəşanlıq edənlərin sırasında yer alıb. “Halbuki, bütün bunlar Ermənistandan və ermənilərdən maşa kimi istifadə edənlərin tərtib etdiyi qarayaxma kampaniyasıdır”. B.Quliyev qeyd edib ki, COP29-un təşkilatçısı Azərbaycan olsa da, tədbir BMT-nindir: “Əgər BMT-nin Baş katibi ev sahibi olan Azərbaycana təşkilati məsələlərə görə təşəkkür edirsə, yaradılan şəraitdən razıdırsa, aparılan müzakirələrin məntiqi sonluqla başa çatmasında ölkəmizin təşəbbüslərinə sayqı ilə yanaşırsa, düzü düz, əyrini əyri deyirsə, burada qəbahət axtarmağa ehtiyac da yaranmır. Əslində məsələnin kökündə Prezident İlham Əliyevin COP29-un açılış nitqində Qərb ölkələrinə ünvanladığı haqlı iradlar, göndərdiyi mesajlar dayanır. Prezidentimiz Avropa İttifaqının, ABŞ-ın rəhbərliyində dayanan şəxslərin mövqelərindəki yanlışlıqları göstərdi, onların Azərbaycanın haqlı və ədalətli davasında ermənipərəst mövqe sərgilədiklərini ifşa etdi, azərbaycanlılara qarşı ermənilərin və onların arxasında duran güclərin yürütdükləri genosidal siyasəti və bunun hələ də davam etdiyini bütün tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ünvanına çatan mesajlardan narahat olanlar arqument tapa bilmədiklərindən günahı COP29-da axtarmağa başlayıblar. Özlərinə çəki-düzən vermək əvəzinə həqiqəti gizlətməyə, BMT Baş katibini doğru fikirlərini yalanlamağa çalışırlar. BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 16-cı konfransının (COP16) yekun plenar iclasında COP17 illik konfransının 2026-cı ildə Ermənistanda keçirilməsi qərara alınıb. Məsələyə Borrelin və yandaşlarının məntiqi ilə yanaşsaq, onda COP17-nin Ermənistanda keçirilməsi qərarı indidən ləğv olunmalıdır. Arqumentlər kifayət qədərdir. Çünki Ermənistan işğalçı ölkədir, Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazilərinin 20 faizi 30 ilə yaxın erməni silahlı qüvvələrinin nəzarəti altında olub. Ermənistan tərəfindən azərbaycanlılara qarşı soyqırımı törədilib, onların bütün hüquqları pozulub, əsir götürülüb, öldürülüb, insan və orqan alverçilərinin predmetinə çevrilib. Qarabağ və ətraf ərazilərdə etnik təmizləmə aparılıb, milli, dini və mədəni abidələrimiz dağıdılıb. Yekunda onu xüsusi olaraq qeyd edə bilərəm ki, ermənilərin, onların Qərbdəki ağalarının dedikləri iftiradan başqa bir şey deyil, tədbiri siyasiləşdirmək cəhdidir”.

İradə SARIYEVA





Seçilən
33
baki-xeber.com

1Mənbələr